BolgeXeber.Com » Xəbərlər » Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə

Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə

12-03-2018, 18:15
Oxunub: 1 791 Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticəTorpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə:“Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərininin təkmilləşdirməsi, torpaqların elektron uçotunun aparılması istiqamətində müvafiq tapşırıqlar verir. Ölkə başçısının “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq bütün ölkə üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublika üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Bu işlərin həyata keçirilməsində beynəlxalq təcrübə öyrənilib və layihəyə işlərin icrası məqsədi ilə xarici şirkət cəlb olunub. Görülən işlər nəticəsində 14 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb. Artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsinə start verilib. Bu məqsədlə ilk dəfə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 12-də Salyan rayonunda “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində başlıca məqsəd Salyan rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu istiqamətdə işlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Salyan rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Tədbirdə çıxış edən xarici şirkətin nümayəndəsi bildirib ki, layihə zamanı torpaqların çöl-geodeziya və mühəndislik işləri həyata keçirilib. Görülmüş işlərin keyfiyyətinə nəzarət Avropa ekspertləri tərəfindən aparılmışdır.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat keçirilib. Təqdimatda Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Salyan rayonunun bələdiyyə hüdudları daxilində 80 min hektara yaxın torpaq sahəsinin mövcudluğu müəyyən edilmişdir. Bunun da 40 min hektardan çoxu əkin, 569 hektarı çoxillik əkmələr təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 52 %-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir. Uçot işinin nəticələri göstərir ki, rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlarda 69 hektar ərazidə 200-dən artıq qeyri-qanuni tikili vardır. Uçot prosesində həmçinin Salyan rayonunda 5000-dən artıq halda pay torpaqlarında normadan artıq torpaq sahələrinin istifadə edildiyi müəyyənləşdirilmişdir. Həmçinin torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 35 min hektar əkin sahəsi olduğu halda, hazırda uçot əsasında 40 min hektardan çox əkin sahəsinin mövcudluğu aşkar edilmişdir.
Qeyd edilmişdir ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılmışdır. Belə ki, tədqiq olunan ərazilərin 15,1 min hektarında zəif, 12 min hektarında orta, 15 min hektara yaxınında isə şiddətli şorlaşma qeydə alınmışdır. Torpaqların keyfiyyət göstəricilərinə dair elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin mövcudluğu bu ərazilərdə hansı aqrokimyəvi və meliorativ təbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır. Başqa sözlə, azyararlı torpaqların intensiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə və rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaranır.

Uçot işi nəticəsində hazırlanmış Salyan rayonun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.
Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır. Torpaq uçotu məlumatları həmçinin zəbt olunmuş, qanunsuz tikililərin, istifadədən kənar qalan torpaq sahələri müəyyənləşdirməyə şərait yaradır ki, bu da rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.
Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına zəmin yaradıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin ististamara verilməsi mülkiyyət hüququna dair çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işini daha sadə və çevik şəkildə həyata keçirməyə imkan yaradır. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətinin də elektron müstəviyə keçirilməsinə zəmin yaradır.
Qeyd edilməlidir ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin nümayişi ilə bağlı tədbirlər davam etdiriləcək.
Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə
Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə
Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə