BolgeXeber.Com » Bölgə » Vətəndaş doğulduğu rayonda torpaqsız qaldığını iddia edir

Vətəndaş doğulduğu rayonda torpaqsız qaldığını iddia edir

4-04-2018, 09:27
Oxunub: 4 132 Vətəndaş doğulduğu rayonda torpaqsız qaldığını iddia edirBələdiyyə sədri: “Gəlib müraciət etsinlər, qanuna müvafiq prosedurlardan keçsinlər, torpağı verək”.

Şamaxı rayonunun sakini Təhminə Nuhova musavat.com-a müraciət edərək, rayonun Çölgöylər kənd bələdiyyəsindən yurd torpağı ala bilmədiyini söyləyib. Şikayətçi iddia edib ki, bələdiyyə sədri Nəbi Nəbiyev ona torpaq vermir və pul tələb edir.

T.Nuhova müvafiq qurumlardan kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəlib:“Ora mənim ata-baba torpağımdır. Hər kəsə yurd torpağı verdilər, ancaq məndən pul istəyirlər. Bələdiyyədən yaşamaq üçün 10 sot torpaq ala bilmirəm”.

Məsələ ilə bağlı münasibət almaq üçün şikayətçinin adını çəkdiyi Nəbi Nəbiyevlə əlaqə saxladıq. N.Nəbiyev musavat.com-a bildirdi ki, vətəndaşdan qanundan kənar heç bir pul istəməyib: “Bələdiyyəyə vətəndaş həyətyani torpaq üçün müraciət etməlidir. Daha sonra bələdiyyə qərar çıxarıb, Bələdiyyə Mərkəzinə göndərir. Orada qərar təsdiq olunandan sonra bu qərarın sürəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilir. Komitənin rayon şöbəsi isə bunu kadastr mərkəzinə göndərir. Oradan mühəndis gəlib, yeri ölçür. Yerin təyinatı, ölçüsü və digər bu kimi məsələlər müəyyənləşib, qeyd olunur. Bunlar da Əmlak Məsələləri üzrə Dövlət Komistəsinə göndərilir. Orada yoxlanılır və bələdiyyənin mülkiyyəti tanınır. Daha sonra bu sənədi alıb, rayonda komitənin 16 saylı ərazi idarəsinə təqdim etməlisən. Sonra sənədlər hərraca gedir. Komitənin qəzetində elan çıxır ki, Şamaxıda məsələn, 10 hektar torpaq satılır. Bunu oxuyan hər bir vətəndaşımız hərrac komissiyasına müraciət edir ki, hərracda iştirak etsin. Hərracda iştirak edən minimum 2 adam olmalıdır. Həmin adamlar və hərrac komissiyasının üzvləri iştirak edib, son qiyməti müəyyənləşdirirlər. Bələdiyyə də buradan çıxan qiyməti əsas götürür. Həmin qiymətdən 10 qəpik belə aşağı olsa, bu, bələdiyyə üçün maliyyə pozuntusu sayılır. İndi xanım bu məsələlərdən keçibmi? Gəlsinlər, müraciət etsinlər və 12 sot torpağı bu qayda üzrə haradan istəsələr, verə bilərik”.