BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilib

ƏMDK tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilib

6-04-2018, 15:02
Oxunub: 4 905 ƏMDK tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilibÖlkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi, şəffaflığın və səmərəliliyin artırılması, innovativ yanaşmaların tətbiqi, yerli və xarici investorların cəlb olunması ilə bağlı ardıcıl işlər görülür

Belə tədbirlərin davamı olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 6-da “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilmişdir. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Quba şəhəri ilə yanaşı Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 100-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak etmişlər.
Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar barədə maarifləndirməkdir.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağrışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib. Strateji yol xəritələrində də Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılması məqsədilə özəlləşmə ilə bağlı islahatların həyata keçirilməsi əsas hədəflərdəndir. Artıq aparılan islahatlar nəticəsində bu sahədə idarəetmənin modernizasiyası, prosedurların elektronlaşdırılması, operativliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib. Özəlləşmə prosesinin tam olaraq elektron müstəviyə keçməsi, unikallığı və funksionallığı ilə seçilən Elektron hərracın tətbiqi, eləcə də hərracları onlayn izləmək imkanının olması geniş investor kütləsinin prosesə cəlb edilməsinə, özəlləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına şərait yaradıb.
Qeyd edilib ki, özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən, unikal platforma olan Özəlləşdirilmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Nəticədə isə portala baxış sayı 1 milyon 500 min olub. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün bu sahədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Hərraca çıxarılan dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir. Özəlləşən müəssisələrə sərmayə cəlb olunur, müasir avadanlıqlarla təchiz olunur, onların fəaliyyəti bərpa edilir. Tədbirin keçirildiyi “Şahdağ Mehmanxana” da investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib, sərmayə cəlb edilməklə müəssisə tamamilə yenilənib.
Diqqətə çatdırılıb ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ümumilikdə 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox səhmdar səhm sahibi olub, 1,2 milyondan artıq vətəndaşımız özəlləşdirmədən faydalanmışdır. Dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə yeni, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı təşkil edilibdir. Bu nailiyyətlərin əldə olunmasında dövlətin hərtərəfli dəstəyi xüsusi əhəmiyyət kəsb edir.
Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri də aparılır.
Tədbirdə çıxış edən Quba Şəhər İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov bildirib ki, özəlləşmə sahəsində yaradılan geniş şərait regionlarda eləcədə Quba şəhərində yeni sahibkarlıq subyektinin formalaşmasına imkan verir. Quba şəhəri üzrə özəlləşməyə çıxarılan müəssisələrin gələcək potensialından danışan icra başçısının müavini qeyd edib ki, həmin müəssisələrin özəlləşdirilərək yenidən fəaliyyətinin təmin edilməsi rayonun iqtisadi potensialının artmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. İcra başçısının müavini iş adamlarını Qubanın iqtisadi gücünün, turizm potensialının artmasını nəzərə almaqla özəlləşmə prosesində fəallığı artırmağa çağırıb.
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bütün bölgələrimizdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıb. Bildirib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb. Açıq və şəffaf keçirilən hərraclar investorların özəlləşdirilməyə çıxarılan əmlaklara əlçatanlığını artırıb. Sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallığı artırmağa dəvət edib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovtiv üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Sahibkarlar Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirilməsi nəzərdə tutulan 40-a yaxın müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssislərin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, rayon üzrə özəlləşməyə çıxarılan müəssisələr səhiyyə, kənd təsərrüfatı, turizm, səhiyyə, xidmət, təhsil sahələrinə aiddir. Qeyd edilib ki, regionlarda yerləşən dövlət müəssisələrinin hərraclar vasitəsilə özəlləşdirilməsi iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarını genişləndirir.
Innovativ yenilik, xüsusi model olan Elektron hərracın tətbiqindən də danışılıb. Bildirilib ki, sistem investorların sadə üsullarla əmlak sahib olmasına, istənilən yerdən hərraclara qoşulmasına imkan verir. Sistemin tətbiqi zaman və məkan məfhumunu aradan qaldırıb. Qeyd edilməlidir ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq Elektron hərrac vasitəsilə ümumilikdə 30-a yaxın iştirakçı onlayn olaraq qatılıb.
Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək.
Bolgexeber.com
ƏMDK tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilib