BolgeXeber.Com » Siyasət » Ermənistanın yeni prezidenti and içib

Ermənistanın yeni prezidenti and içib

9-04-2018, 14:37
Oxunub: 3 367 Ermənistanın yeni prezidenti and içibErmənistanın yeni prezidenti Armen Sarkisyan aprelin 9-da and içərək rəsmi şəkildə fəaliyyətə başlayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, andiçmə paytaxt Yerevanın Karen Dəmirçiyan adına İdman-Konsert kompleksində keçirilib.

Ermənistan parlamentinin iclası kompleksə təyin olunub və A.Sarkisyan orada and içib. O, ölkə konstitusiyasnın nüsxəsinə və VII əsrə aid edildiyi iddia olunan “İncil”ə əl basıb.

Andiçmə zamanı qalmaqal baş verib. Belə ki, jurnalistlərin mərasimi işıqlandırmasına imkan yaradılmayıb. Onlara andiçmənin keçirildiyi İdman-Konsert kompleksinin pilləkəninə qalxmağa belə icazə verilməyib.

Qeyd edək ki, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarqsyan ümumxalq səsvermə yolu ilə iki dəfə prezident seçilib. Sonuncu belə seçki 2013-cü il fevralın 13-də keçirilib. 2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçib. Yeni prezident parlamentdə 7 il müddətinə seçililir. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Martın 2-də parlamentdə prezident seçkisi keçirilib. Aprelin 17-də isə parlamentdə baş nazir seçiləcək. Bu vəzifəyə Serj Sarsqyanın gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, Armen Sarksyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentlyə namizədi olub. O, 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarksyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.