BolgeXeber.Com » Analitika » Banklar hələ də kredit vermir – SƏBƏB

Banklar hələ də kredit vermir – SƏBƏB

11-04-2018, 11:58
Oxunub: 5 275 Banklar hələ də kredit vermir – SƏBƏBNatiq Cəfərli: “Ən əsas səbəb daha əvvəl verdikləri kreditləri toplaya bilməmələridir”

Problemli kreditlərin geri dönüşünün təmin olunmaması ölkənin bank sektorunda kreditləşmənin də kəskin azalmasına səbəb olub. Belə ki, son bir il ərzində Azərbaycan bankları kreditləşməni 30 %-ə yaxın azaldıb. Azərbaycan bank sektorunun xalis kredit portfeli bu il martın 1-nə 9 677,3 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunur ki, bu, ilin əvvəli ilə müqayisədə 1,9 % azdır.

Bu məsələyə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov da aprelin 9-da keçirdiyi mətbuat konfransında münasibət bildirib. O qeyd edib ki, likvidlik səviyyəsi sürətlə artır: “Banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər. İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.

Bəs görəsən, bankların kredit verməyə meylli olmamasının səbəbi nədir? Xüsusən də manatla kredit verməkdən nə üçün çəkinirlər?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, əslində banklar kreditləri valyuta ilə verməkdə maraqlıdırlar: “Ancaq o zaman vətəndaşların da, iş adamlarının da seçim imkanları kifayət qədər daralır. Çünki manatla əsasən istehlak kreditləri verilir, çox yüksək faizlə və qısa müddətə… Biznesin isə uzunmüddətli kreditlərə ehtiyacı var. Ancaq bu məsələdə problem var. Banklar manatla uzunmüddətli kreditlərə getmək istəmirlər. Özlərini sığortalayırlar ki, valyuta ilə kredit təklifi daha çox olsun. Manatın sabitləşməsinin də burada ciddi rolu olub. Təxminən bir ilə yaxındır ki, manatın məzənnəsi dəyişməz olaraq qalır. Çünki dollar-manat məzənnəsi inzibati qaydada tənzimlənir. Burada heç bir bazar qaydaları işləmir, nə də üzən məzənnə rejimi yoxdur. Bu, sırf inzibati tənzimləmədir. Yeganə olaraq avro ilə bağlı daha əsnək bir məzənnə siyasəti yürüdülür. Çünki avro Azərbaycan cəmiyyətində o qədər də diqqət cəlb eləmir. Hamı dollara fokuslanıb deyə dollar-manat məzənnəsində inzibati qaydada sabitlik yaradılıb. Ancaq avro təqribən 20 faiz bahalaşıb. Həm manatın sabitləşməsi, həm də bankların öz vəsaitlərini sığortalamaq istəyi valyuta kreditlərinin daha çox olmasının əsas səbəblərindən biridir”.

İqtisadçının sözlərinə görə, bankların bu gün kredit verməməsinin ən əsas səbəbi daha əvvəl verdikləri kreditləri toplaya bilməmələridir: “Ona görə də kredit şərtlərini kifayət qədər sərtləşdiriblər, risk elementini artırıblar. Bu da həmin kreditlərə tələbatı azaldıb. İqtisadi aktivlik ölkədə o qədər də yüksək deyil ki, ölkədə kreditlərə tələb yaransın. Banklar da gəlir əldə etmək üçün iki yoldan istifadə edirlər. Bunun birincisi valyuta alqı-satqısıdır. Banklar böyük bir valyutadəyişmə məntəqəsinə çevriliblər. İkincisi isə Mərkəzi Bankın REPO hərraclarında iştirak edirlər. Hər REPO hərracda Mərkəzi Bankın təklifindən daha çox tələb gəlir. Banklar daha çox qiymətli kağızlar almağa çalışırlar. REPO hərraclarda sabit gəlirlilik var, qısamüddətli qiymətli kağızlar satılır. Onların illik faiz dərəcəsi 13-14 faiz civarında olur. Bu kifayət qədər normal bir gəlirdir. Banklar əllərində olan əsas sərbəst vəsaitlərini qiymətli kağızlara yatırmaqda maraqlıdırlar. Çünki bu yolla gəlir əldə edə bilirlər. Bu səbəbdən Mərkəzi Bankın hərraclarında hər zaman tələb təklifi bəzən 2 dəfə, hətta 3 üstələyir. Bu AMB-yə imkan verir ki, artıq manat kütləsini toplasın, həm də banklar sabit gəlir mənbəyi əldə etsin. Nəticədə banklar kredit verməyə və vəsaitlərini riskə atmağa ehtiyac duymurlar”.

N.Cəfərli onu da vurğuladı ki, bankların öz vəsaitlərini kreditləşməyə deyil, qiymətli kağızlar bazarına yönəltməsi iqtisadi aktivliyə mənfi təsir edir: “Kreditlərin həcmi nə qədər çox olarsa, nə qədər çox kreditləşmə əməliyyatları həyata keçirilərsə, bu, iqtisadiyyatın çarxlarının daha sürətlə fırlanmasına yol açır. Hazırda isə banklar iqtisadi aktivlikdə demək olar ki, iştirak etmirlər. Bu məsələ yenidən köhnə modellə tənzimlənir, ancaq dövlət investisiyaları, əsasən də xırda investisiyalar hesabına iqtisadi aktivliyi inkişaf etdirmək istəyirlər. Son zamanlar iri layihələrə pul ayırmaqdansa, müxtəlif rayonlara, kiçik layihələrə, kənd yollarının düzəldilməsindən tutmuş digər layihələrə vəsait ayırırlar. Bu, vəsait hesabına iqtisadi aktivlik təmin olunmağa çalışılır. Bu dayanıqlı bir yol deyil. Bankların bu prosesdə iştirak edə bilməməsini və başqa iqtisadi modelə keçidin mümkünsüzlüyünü nəzərə alsaq, hələ ki hökumət bu yolla prosesi idarə etmək istəyir”.