BolgeXeber.Com » Sosial » Bankların vətəndaşa qarşı fırıldağı

Bankların vətəndaşa qarşı fırıldağı

14-04-2018, 12:19
Oxunub: 3 186 Bankların vətəndaşa qarşı fırıldağıMəlum olduğu kimi, dollar kreditlərinin qaytarılması ilə bağlı ölkəmizdə ciddi problemlər yaşandı

2015-ci il devalvasiyasından sonra, manat dollara münasibətdə 30 faiz ucuzlaşdı. Bu zaman banklardan dollarla borc götürən vətəndaşlar çətin vəziyyətə düşdü. İstər Milli Məclisdə, istərsə digər qurumlarda çoxlu müzakirələr aparılsa, təkliflər səslənsə də yaranmış durumun ağrı-acısını çəkmək dövlətin və bankların deyil, vətəndaşların üzərinə düşdü.

Hazırda ölkəmizdə valyuta siyasəti inzibati metodlarla tənzimlənsə də, yenə də dolların bahalaşacağı ilə bağlı müzakirələr başlanıb. Buna görə də kredit məsələləri yenidən gündəmə gəlib.

Cebhe.info-nun banklarla apardığı sorğu zamanı kreditlərin yalnız manatla verilməsi və müqavilələrdə də borcun məbləğinin yalnız manatla əks olunduğu bildirilsə də, digər məqamlara aydınlıq gətirilməyib.

Amma məlum olub ki, kreditlər manatla verilsə də, onların həmin gün üçün dollarla ekvavalenti də qeyd olunur. Problem isə ödənişin qaytarılması zamanı baş verir.

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, başlıca problem ondadır ki, vətəndaşlar kredit müqaviləsini oxumurlar:

“Buna görə də, banklar müqavilələri özlərinə sərf edən formada yazırlar. Əksəriyyəti eyni tipli müqavilələrdir. Bütün hallarda da məsuliyyət vətəndaşın üzərində qalır”.

Ekspertin sözlərinə görə, borc manatla verilsə də, burada qeyd olunur ki, ödənişin qaytarılma günündə dolların məzənnəsi ilə qaytarılacaq:

“Banklar ayda bir dəfə ödəniş etməyə gələn müştəridən həmin günün məzənnəsi ilə ödəniş etməyi tələb edir. Vətəndaş etiraz edən zaman müqavilə göstərilərək, bildirilir ki, o, bura özü imza atıb. Burada qanun pozuntusu yoxdur. Amma məsələ orasındadır ki, vətəndaşlar kredit müqaviləsi bağlayan zaman heç bir hüquqşünasla, vəkillə məsləhətləşmir. Xarici ölkələrdə bu çox yayılmış üsuldur. İstənilən müqaviləni vətəndaşın vəkili incələdikdən sonra imzalayır. Azərbaycanda belə bir praktika olmadığından bütün müqavilələrdə məsuliyyət vətəndaşın üzərinə düşür”.