BolgeXeber.Com » Siyasət » AŞPA-nın intim xidmət ittihamına Azərbaycandan sərt reaksiyalar

AŞPA-nın intim xidmət ittihamına Azərbaycandan sərt reaksiyalar

30-04-2018, 10:14
Oxunub: 2 811 AŞPA-nın intim xidmət ittihamına Azərbaycandan sərt reaksiyalarAzərbaycanla Avropa Şurası arasında yaşanan gərginlik qalır. Ötən həftəsonu AŞ PA-nın yaz sessiyasında qurumun daxilində korrupsiya hallarının olması və orada Azərbaycana yönəlik ağlasığmaz ittihamların yer alması rəsmi Bakının səbir kasasını daşırıb

Tam əminliklə demək olar ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində ən aşağılayıcı ittihamlarla üz-üzə qalıb.

Azərbaycanın insan hüquqları və azadlıqlarla bağlı problemlərin susdurulması yönündə “bazarlıq” etdiyi barədə ittiham azmış kimi, guya AŞ PA deputatlarına və rəhbərliyinə daxil olan şəxslərə intim xidmət təklif olunması ittihamı ortaya atılıb. Artıq dövlət rəsmiləri, deputatlar səviyyəsində Avropa Şurasından çıxmaqla bağlı fikirlər səslənməyə başlayıb. Əslində AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun sessiyadakı çıxışında “Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm” bəyanatını verməsindən sonra bunlar gözlənilən idi.

Azərbaycan prezidentinin köməkçisi, PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Şurasının Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yazdığı geniş məqalə də çox ciddi mətləblərdən xəbər verir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı səslənən ittihamların çox ciddi olduğunu söylədi: “Müzakirələri televiziya, internet vasitəsilə müəyyən dərəcədə izləyə bildim. Orada nümayəndə heyətimizin sədri, hörmətli həmkarım Səməd Seyidovun çox haqlı mövqeyinin şahidi oldum. Onun mövqeyini tamamilə bölüşürəm. Çünki biz Avropa Şurasına daxil olarkən başqa gözləntilərimiz var idi. Bunlar müəyyən zaman kəsiyində özünü doğruldurdu. Avropa Şurası işğal olunmuş torpaqlarımızla bağlı obyektiv mövqeyini müxtəlif zamanlarda sərgiləyirdi. Avropa Şurası ilə Azərbaycan arasında normal münasibətlər də zamanında var idi. Lakin son illərdə Avropa Şurası təəssüflər olsun ki, mövqeyində dəyişikliklər etməyə başladı. Orada bir qadın baş katib var idi. Onun zamanından bəri Azərbaycana qarşı qərəzli mövqe özünü kəskin şəkildə göstərməkdədir. Son hesabatda isə, ağlasığmaz ittihamlar var. Konkret fakt, ünvan göstərilmədən ümumi sözlərlə bu cür ittihamların səslənməsi Azərbaycana qarşı təhqiramiz xarakter daşıyır. Bunun qarşısını almaq hökmən lazımdır. Bununla bağlı Azərbaycanın rəsmi qurumları Avropa Şurasının bu hesabatını hazırlayanları ilə təmasa girməlidir. Hüquq-mühafizə orqanları da bu proseslərə qoşulmalı və araşdırmalar aparılmalıdır. Araşdırma nəticəsində bu məsələ dəqiqləşməlidir. Azərbaycan tərəfdən təhqiramiz xarakter daşıyan ikinci ittiham, yəni intim xidmət təklifi dəqiqləşdirilməli və bundan sonra əgər belə bir fakta kimsə yol veribsə, o mütləq cəzalandırılmalıdır. Əks təqdirdə bunlar böhtandırsa, mütləq hüquqi qiymətini almalıdır. Bu hesabatı sıradan bir hesabat kimi qəbul etmək olmaz. Bunlar ciddi şəkildə araşdırmalara ehtiyacı olan ittihamlardır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov çox sərt danışdı: “Azərbaycan müstəqil siyasət yürüdür. Ölkəmizə qarşı beynəlxalq qurumlar və orada təmsil olunanlar daim çalışırlar ki, hansısa vasitələrlə bizi sıxışdırsınlar, sərvətlərimizdən pay alsınlar. Sirr deyil ki, yeni bir mərhələ başlayıb. Bakı-Tbilisi-Ceyhan xətti ilə gedən neftimiz var. Məlum oldu ki, yarım milyard ton neft ehtiyatımız var və növbəti 30 il müddətində də müqavilə bağlandı. İndiyə qədər oradan nə qədər neft götürülübsə, bir o qədər də götürülür. Cənub-Qaz Dəhlizi vasitəsilə artıq qaz ixracına da başlamışıq. Ağzı sulananlar çoxdur. Onlar da istəyirlər ki, Azərbaycana müxtəlif vasitələrlə təzyiq etsinlər. Ölkə başçımızı müxtəlif yollarla güzəştə gətirə bilmirlər. Çünki prezidentimiz üçün ali maraqlar var. Diplomatiyada ona güc gəlmək mümkün deyil. Bu hadisələrin hamısını siyasi şantaj hesab edirəm. Söhbət intim xidmətdən gedirsə, Avropa dövlətlərinin özündə açıq şəkildə qırmızı fanarlı xidmət evləri var. Burada qeyri-adi nə var ki. Brüssel və başqa yerlərdə bunlar var. Avropa özündə olan bu şeyləri normal sayır, ona vergi qoyur, onun reklamını aparır, hamı da gedib oradan istifadə edir, bunu insan haqları kimi qəbul edirlər. Amma hansısa bir otelə bir pullu xarici gəlir, intim xidmət istəyir, bir qadın da ona ”xidmət göstərir". Bunu götürüb dövlətin adı ilə bağlayarlar? Hansı oteldə bunlar yoxdur? Bir dövlət göstərə bilərlər ki, orada bu hallar olmasın? Məlum yerlərdə bədənlərini satıb pul qazanırlar, dövlətə də vergi verirlər. Fransada məşhur bir kilsə var, onu bu cür qadınlar öz pulları ilə tikiblər. Adı dəqiq yadımda deyil. Dünyanın hər yerində bunu normal sayırlar, bizə çatanda isə dövlət kimisə ələ almaq kimi qəbul edirlər. Söhbət orada qonaqpərvərlikdən gedir. “Formula 1" yarışları hazırda gedir. Hər bir kəs İçərişəhərə gedib gələn turistdən yarışların necə keçirildiyini soruşa bilər. O yarışla bağlı danışdıqdan sonra hökmən xalqımızın qonaqpərvərliyindən, mətbəximizin dadlı olmasından söz açacaq. Gələnə çörək veririk, bunu satın almaq üçün etmirik ki. Kimisə satın almaq üçün onu Bakıya çağırmaq lazımdır? Hörmətli Əli Həsənov açıqladı ki, dünyanın hər yerində lobbiçilik var. Erməni lobbisi Amerikada fəaliyyət göstərir. Çoxsaylı senatorlar ermənilər tərəfindən açıqlamalar veriblər, indi bunu ermənilərin qohum-qardaşları olduğu üçün ediblər? Hamı lobbiçilik edə bilər, amma Azərbaycana çatanda bu, korrupsiyadır? Hörmətli Səməd müəllim dövlətinə, xalqına, prezidentinə sadiq bir insandır. Hazırda o, dövlət qulluğunda yer almır, necə korrupsioner ola bilər? Niyə həm də onun adını hallandırırlar? Bu ona görədir ki, orada deputat qrupunun rəhbəri odur. Onların özləri belə işlərlə məşğuldurlar. Bizə təzyiq etmək üçün başqa şeylər tapmırlar, ancaq belə yollara əl atırlar. Gör bunlar nə günə qalıblar ki, Azərbaycanda korrupsiyanın olduğunu deyərək, məruzə hazırlayan şəxsin bizim tərəfdən ələ alınmağa cəhdlərin olduğunu deyirlər. Necə ələ alıblar? Qadın əlində şampanla qapısını döyüb, biz indi onu bir şampanla ələ alacaqdıq? Yaxud bir gecəlik xidmətdən sonra məruzəni yaxşı yazacaqdı? Dünən alqışlayıb demokrat elan etdiyiniz Serj Sərkisyanı az keçməmiş erməni xalqı korrupsioner kimi hakimiyyətdən qovdu. Onlar bu biabırçılıqlarının bədəlini ödəsinlər, xəcalət çəksinlər. Bunlar bizim üçün qeyri-adi deyil. Əgər onların əllərində tutarlı faktlar olsaydı, inanın ki, bizi məhkəməyə verib, qərar çıxartdırardılar ki, filankəs korrupsiya ilə məşğul olub. Görün Avropa Şurası nə günə qalıb ki, məruzəyə bu cür faktlar salır, bizi günahkar çıxarmaq üçün nələrə əl atırlar. Hesab etmirəm ki, Avropa Şurasından çıxmalıyıq. Əksinə orada qalıb, bu cür təzyiq vasitələrini oradan ifşa etməliyik. Azərbaycanın sərvətlərindən pay alıb, min cür oyuna gedən onlardır”.
“Yeni Müsavat”
musavat.com