BolgeXeber.Com » İdman » Azərbaycan Premyer Liqası: Arzular və gerçəklər - TƏHLİL

Azərbaycan Premyer Liqası: Arzular və gerçəklər - TƏHLİL

2-05-2018, 12:36
Oxunub: 3 181 Azərbaycan Premyer Liqası: Arzular və gerçəklər - TƏHLİLFutbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün başa çatmasına üç tur qalsa da, çempion və elitanı tərk edəcək komandanın adına aydınlıq gəlib. “Qarabağ” ardıcıl beşinci, ümumilikdə isə altıncı dəfə qızıl medalları qazandığı halda, “Kəpəz”in I Divizona düşəcəyi rəsmiləşib.

Dörd klub - “Qəbələ”, “Sumqayıt”, “Neftçi” və “Zirə” çempionat vasitəsilə Avropa Liqasına düşmək uğrunda mübarizəni davam etdirdiyi bir vaxtda futbol ictimaiyyətini daha çox bu sual düşündürür: Növbəti mövsüm Premyer Liqada çıxış edəcək komandaların sayı artırılacaqmı?

AFFA-nın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin bugünkü iclasından sonra elita təmislçilərinin sayının 10-a çatdırılma ehtimalının az olduğunu bildirib. Milli assosiasiyanın rəsmisi bunu I Divizion klublarının lisenziyalaşdırma prosesinə qeyri-peşəkar yanaşmaları ilə əlaqləndirib. O, həmçinin Əsasnaməyə görə, “Kəpəz”in yerini aşağı dəstə təmsilçilərindən birinin tutmalı olduğunu desə də, I Divizondan elitaya bir komandanın qalxma ehtimalının olduğunu vurğulayıb. Bəli, məhz ehtimalının olduğunu.

Futbol ictimaiyyəti Premyer Liqada 10 komanda arzuladığı bir vaxtda, gerçəkliklər növbəti mövsümdə də çempionatda 8 kollektivin mübarizə aparacağından xəbər verir. E.Məmmədovun sözlərindən belə məlum olur ki, elitada komanda sayının 10-a çatdırması üçün I Divizondan nəinki 3, heç “Kəpəz”in yerini tutacaq lisenziyalaşmanın tələblərinə cavab verən 1 klub tapmaq müşkülə çevrilib.

Lisenziyalaşma Qrupundan verilən məlumata görə, hazırda I Divizionda çıxış edən 10 klubun yarısından çoxu növbəti mövsüm elitada mübarizə aparmaq üçün ərizə verməyib. Geridə qalan 25 turdan sonra yarışın debütantı olan “Xəzər” komandası 47 xalla liderdir. Lakin Premyer Liqaya çıxmaqdan ötrü çempionluğun yetərli olmadığını son illərdə dəfələrlə görmüşük. Sonuncu dəfə 2013/2014 mövsümünün qalibi Premyer Liqaya yüksəlib. Gəl ki, “Araz Naxçıvan” 10 turdan sonra fəaliyyətini dayandırıb. Son üç ildə isə çempionlar elitaya buraxılmayıblar...
Hazırda I Divizion klublarının qarşısında duran tapşırıq Lisenziyalaşdırma Qrupnun beş - idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarına cavab verməkdir. Təəssüf ki, baş katibin də qeyd etdiyi kimi, I Divizionda daha çox komanda var, klub yox. Yəni, aşağı dəstə təmsilçiləri əsas komadaya diqqət ayrımaqla kifayətlənirlər. Premyer Liqada çıxış edən klubun isə əsas komandası ilə yanaşı, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə bütün yarışlarında təmsilçisi olmalıdır. Klubda federasiyanın tələblərinə uyğun kadrların da çalışması şərtdir. Məsələn, məşqçilərdə müvafiq kateqoriyalar, digərlərində uyğun ali təhsil və ya sertifikat gərəkdir.

Klubun ev oyunlarını keçirməsi üçün stadionunun, əsas və aşağı yaş qrupları üzrə komandalarının məşq keçmək üçün meydançalarının mövcudluğu da şərtdir. Hüquq meyarı formal xarakter daşısa da, tələblər arasında əsas sütun maliyyə meyarıdır. Klublar Premyer Liqada iştirak üçün bank-zəmanət məktubu təqdim etməlidirlər ki, bu da asan iş deyil.

Lisenizyalaşdırma Qrupunun meyarları öz yerində, Premyer Liqa klublarının sayının ən azı 10-a çatdırımasında digər başlıca problem tələblərə cavab verən yerli futbolçu qıtlığıdır. Bunu transfer dönəmlərində də görmək mümkündür. Təsəvvür edin, ötən yay elita təmsilçiləri I Divizion və əvəzediclərdən hər birindən 12 nəfər olmaqla, ümumilikdə 24 futbolçu götürüblər. Onların çoxu isə hazırda çıxış etdikləri komandalarda əsas heyət üzvü deyillər. Yəni, komanda sayı artırılacağı halda, yeni gələnlər digər elita təmsilçiləri ilə rəqabətə davamlı kollektiv formalaşdıra bilməyəcəklər. Bu isə istər-istəməz çempionatın səviyyəsinə mənfi təsir göstərəcək.
Sırf Premyer Liqada komanda sayı artırılsın deyə, digərlərinin qabağına “asan yem”in atılması düzgün deyil. Düzdür, legionerlərin hesabına boşluqları aradan qaldırmaq olar. Lakin unutmayaq ki, 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) limiti tətbiq olunur. Üstəlik, matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun olması mütləqdir. Digər tərəfdən, I Diviziondan gələn klubların büdəci də yerlilərdən birbaş üstün çox sayda legionerlərin gətirilməsinə imkan vermir.

Arzular 10 komanda, gerçəklər isə 8 kollektivlə yola davam ediləcəyindən xəbər verir. Yekun qərarı isə AFFA İcraiyyə Komitəsi çıxaracaq...