BolgeXeber.Com » Bölgə » Gədəbəydə bir ailə özünü yandırmaq istəyir

Gədəbəydə bir ailə özünü yandırmaq istəyir

2-03-2011, 09:55
Oxunub: 5 988
İcra başçısının bacanağının işdən çıxardığı meşəbəyi ailəsi ilə birlikdə özünü
yandıracağını deyir

“Haqsızlıqdan bezdiyim üçün bir gün evə benzin töküb ailəmlə birlikdə özümü yandıracam”. Bu sözləri Bolgexeber.com-un müxbirinə Gədəbəyin Şahdağ kənd sakini, Zaman Qiyas oğlu Əsgərov sosial vəziyyətinin ağır olması haqda danışarkən deyib. Z.Əsgərov evi olmadığı üçün həmin kənddə kirayədə yaşadığını dedi.

Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 5 saylı meşə dolayında gözətçi işlədiyini deyən Z.Əsgərov bildirdi ki, qanunsuz olaraq işdən çıxarılıb. O, fəaliyyəti ilə bağlı yoxlamaların olduğunu və işində heç bir nöqsan tapılmadığını dedi: “2009-cu ildə işə daxil olmağım üçün əmrimi verdilər. 2010-cu ilin yanvar ayının 13-də isə məni işdən qanunsuz çıxartdılar”.

Zaman Əsgərov Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vasif Nəbiyev tərəfindən işdən çıxarıldığını söylədi: “İşləyəndə 112 manat maaş alırdım. İndi isə ailəmizin vəziyyəti çox ağırdır. 4 övladım var. Onları saxlamağa çətinlik çəkirəm. Torpaq islahatı bölgüsündə adım yoxdur. Sosial yardım almaq üçün dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb. Dəfələrlə icra başçısı Kamran Rzazadənin qəbuluna getsəm də, məni qəbul etmədi. Könüllü müharibəyə gedib 5 il Gədəbəydə, Daşkəsəndə, Tovuzda, Qazaxda və digər yerlərdə döyüşmüşəm. Amma buna görə mənə nə veteranlıq vəsiqəsi verilib, nə də hərbi bilet. Aidiyyəti qurumlara müraciət etsəm də, xeyri olmayıb. Kamran Rzazadə necə döyüşçü olduğumu yaxşı bilir. Amma məni qəbul etmir. Belə getsə Zamanlı sakini Ədalət Hüseynov kimi mən də ailəmlə birlikdə özümü yandıracam”.

Z.Əsgərov 5 saylı meşə dolayında (“İsgəndər bulağı” deyilən yerin yaxınlığında – S.K.) xeyli sayda ağacların kəsildiyini də dedi. Onun sözlərinə görə, dünən həmin ərazidən keçirmiş və 42 ağac kəsildiyini müşahidə edib. O, kəsilmiş ağacların yeddisinin aparıldığını, qalanının isə orada olduğunu söylədi. Həmin ağacların Vasif Nəbiyevin adamları tərəfindən kəsildiyi bildirilir. Qeyd edək ki, Vasif Nəbiyev Kamran Rzazadənin bacanaq olmaqla yanaşı həm də onun həyat yoldaşının əmisi oğludur.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.