BolgeXeber.Com » Şou-Biznes » Bəstəkar və şairlərə şad xəbər - artıq qonorarlarını ala biləcəklər

Bəstəkar və şairlərə şad xəbər - artıq qonorarlarını ala biləcəklər

3-05-2018, 12:08
Oxunub: 3 326 Bəstəkar və şairlərə şad xəbər - artıq qonorarlarını ala biləcəklərMüəllif Hüquqları Agentliyinin hazırladığı təkliflər əsasında Nazirlər Kabinetinin 1997-ci il tarixli 38 nömrəli Qərarına edilən son dəyişikliklərin əsas məqsədi əsərlərdən istifadəyə görə qonorar ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi olub

“Yeni Müsavat”ın 1 may tarixində dərc edilən “Bəstəkar və şairlər müəllif qonorarı ala bilmir” yazısına Müəllif Hüquqları Agentliyi tərəfindən reaksiya bildirilib. Xatırladaq ki, yazıda tanınmış bəstəkar və şairlər müəllif qonorarını ala bilməməsindən şikayətlənib. Halbuki MHA ötən ilin sonunda məlumat yayaraq bildirmişdi ki, əsərlərin istifadəsinə görə şadlıq saraylarında, restoranlarda, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) bəstəkar və şairlərə müəllif qonorarı ödəməlidir. Lakin yazıdan da göründüyü kimi, bu günə qədər əksər bəstəkar və şairlər onlara düşəcək qonorarı ala bilməyib, bəzilərinə bu haqda heç məlumat da verilməyib.
Müəllif Hüquqları Agentliyindən məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verilərək bildirilib ki, musiqi əsərlərindən istifadəyə görə qonorar yığımı ilə agentlik deyil, “Azərbaycan Müəllifləri” İctimai Birliyi məşğul olur və artıq həmin quruma xəbərdarlıq məktubu göndərilib: “İctimai Birliyin müəllif hüquq subyektlərinə aid olduğunu nəzərə alaraq, məqalədə qeyd edilən məsələ ilə bağlı agentlik tərəfindən İctimai Birliyə xəbərdarlıq məktubu göndərilib və Nazirlər Kabinetinin 1997-ci il tarixli 38 nömrəli Qərarının müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsi, eləcə də əsərlərdən istifadəyə görə qonorar yığılmasının səmərəli şəkildə təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb.
Məlumat üçün bildiririk ki, Müəllif Hüquqları Agentliyinin hazırladığı təkliflər əsasında Nazirlər Kabinetinin 1997-ci il tarixli 38 nömrəli Qərarına edilən son dəyişikliklərin əsas məqsədi əsərlərdən istifadəyə görə qonorar ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi olub.
Qərarda bir sıra məsələlər, o cümlədən restoranlarda, kafelərdə, barlarda və şadlıq evlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə və hüquq sahiblərinə qonorarın hesablanması, kimin tərəfindən ödənilməsi və ödəniş qaydaları ilə bağlı məsələlər öz həllini tapıb. Bu barədə geniş açıqlama agentliyin saytında (http://copag.gov.az/copag/az/content/news/830) yerləşdirilib və müxtəlif kütləvi informasiya vasitələrində şərhlər verilib".
Agentliyin açıqlamasında həmçinin qeyd edilib ki, qurum tərəfindən cəmiyyətdə əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması üçün aparılan maarifləndirmə işləri çərçivəsində şadlıq sarayları və restoranlar üçün yaddaş kitabçası şəklində təlimat hazırlanıb.