BolgeXeber.Com » Xəbərlər » "Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər"

"Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər"

17-05-2018, 16:16
Oxunub: 2 303 "Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər"Bakının nəqliyyat sistemində problem bitmək bilmir.

Bu sistemi inkişaf etdirmək, müasirləşdirmək və bu sahədəki problemləri aradan qaldırmaq üçün "BakuBus" MMC yaradıldı. Düzdür, bundan sonra paytaxtın ictimai nəqliyyat sistemində müsbət mənada dəyişikliklər olsa da, bununla yanaşı, ciddi sıxıntılar qalmaqdadır. "BakuBus" MMC-nin özbaşınalığı, sərnişinlərə xəbərdarlıq etmədən hərəkət trayektoriyasını dəyişməsi, sürücülərinin yollarda təhlükəli manevrlər etməsi, sürət həddini aşması, sərnişinlərlə kobud davranışı və bu kimi məqamlar gündəlik rastlaşdığımız hallardır.

Digər avtobuslara nümunə olaraq adı çəkilən “BakuBus” marşrutlarında qeydə alınan bu hallar son vaxtlar sərnişinlərin ciddi narazılığına səbəb olur. “BakuBus”la bağlı redaksiyamıza çoxsaylı şikayətlər gəlir. Onların arasında ən vacibi müxtəlif şikayətlərlə bağlı sərnişinlərin “BakuBus” MMC-nin qaynar xəttinə etdiyi müraciətlərə reaksiya verilməməsidir. Bir sözlə, haqlı narazılıqlara əncam çəkən tapılmır.

Elə ötən gün müşahidə etdiyimiz mənzərə də bunun bariz sübutu oldu.

Məlumat üçün bildirək ki, son iki-üç gündür ki, 175 nömrəli marşrut xətti xəbərdarlıq edilmədən hərəkət sxemində dəyişiklik edib. Belə ki, bu xətt üzrə marşrut Hövsan qəsəbəsinin mərkəzindən Səməd Vurğun bağına qədər hərəkət edirdisə, indi isə “28 May” metrostansiyasına qədər hərəkət edir.

Qeyd edək ki, eyni dəyişiklik bu günlərdə paytaxtda keçirilən Formula-1 yarışları zamanı da edilmişdi. Amma həmin ərəfədə bu dəyişikliyin edilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmuşdu və bu vacib tələb idi. Son günlər sözügedən marşrut xəttinin hərəkət trayektoriyasının dəyişdirilməsi və bunun xəbərdarlıq olunmadan edilməsi sərnişinlər arasında yenidən ciddi etiraz yaradıb.

Müşahidələrimiz zamanı sərnişinlərin həmin marşrut xətti ilə bağlı çoxsaylı narazılıqları da gözümüzdən yayınmadı. Sərnişinlərdən birinin dediyinə görə 175 nömrəli marşrut xəttini gözləmək bir başqa problemdir: “Hər gün bu sıxıntı səbrimizi tarıma çəkib.

Ən azı 20-25 dəqiqə avtobusu gözləməli oluruq. Dayanacaqda sərnişin sıxlığından tərpənmək mümkün deyil. Hövsanın nəqliyyat problemi nə vaxt bitəcək? Bizi bu qədər niyə incidirlər? “BakuBus” avtobuslarını Hövsan əhalisinin xidmətinə verdilər lap yaxşı... Heç olmasa avtobusların sayını artırsınlar. 21 nömrəli avtobus 3 dəqiqədən bir gəlir. Nə avtobusda, nə də dayanacaqda sıxlıq olur. 175 nömrəli avtobusu gözləyənə qədər gözümüzün kökü saralır.

Sərnişin də çox... İndi də avtobusun son dayanacağını dəyişiblər. Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər. Belə özbaşınalıq olmaz axı... İnterval problemi bir tərəfdən bizi yorub. Hava isti, işdən yorğun çıxmışıq. Bəzən 40 dəqiqə avtobus gözləyirik. Sonra da sıxlıq əlindən oturmağa yer olmur. Uzun yoldur. Hamı rahat getmək istəyir. 5 dəqiqədən bir işləsə belə problemlər də olmaz. Baxın bu gün çaşbaş qalıb hamı... Bəziləri Səməd Vurğun bağındakı dayanacağa gedir, bəziləri burda dayanır. Ya orda saxlasın bura gəlməsin, ya da birdəfəlik son dayanacağını ”28 may” metrostansiyasının yanı etsin. Əvvəlki dayanacaqda camaatı doldurub gəlir, burdan isə minmək olmur”.

Xanım sərnişinin dedikləri bir tərəfə olsun. Öz müşahidələrimiz də həmin halları tısdiqləyirdi. Doğrudan da sərnişinlər ortalıqda çaş-baş qalmışdılar. Təkcə 175 nömrəli avtobus deyil, onunla bərabər 21, 125, 1 və digər avtobusların da hərəkət trayektoriyasında qeyri-müəyyənlik vardı. Sərninişinlər ortalıqda ora-bura var gəl edərək, ünvanlarına vaxtında çatmaq çalışırdılar. “Baku Bus” şirkətinin əməkdaşları isə sözdə sanki bu anlaşılmazlığa istiqamət verərək sadəcə, “gəlin, bu avtobus Hövsana gedir. Minin, o biri gec gələcək. Ay yoldaş 125 burda dayanmır, yolu keç dayan. Baxın 21 orda durub” kimi sözlərlə öz işlərini bitmiş hesab edirdilər.

“BakuBus”un həmin əməkdaşına yaxınlaşıb yaranmış vəziyyətlə bağlı səbəbi öyrənməyə çalışdıq. Şirkət əməkdaşı kobudcasına *00...ardı eşidilməyən bir nömrəni təkrarlaya-təkrarlaya gözdən uzaqlaşdı...
Cebhe.info