BolgeXeber.Com » Müsahibə-Reportaj » "25 il millət vəkili olursan, ayrılan kimi deyirlər, diplomatik pasportunu qaytar"

"25 il millət vəkili olursan, ayrılan kimi deyirlər, diplomatik pasportunu qaytar"

22-05-2018, 16:22
Oxunub: 6 360 "25 il millət vəkili olursan, ayrılan kimi deyirlər, diplomatik pasportunu qaytar""Övladlarım son dərəcə mehribandırlar"

Bolgexeber.com Teleqraf.com-a istinadən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

- Sabir bəy, mayın 20-də 72 yaşınız tamam oldu. Siz adətən, doğum gününüzü geniş qeyd edirsiz, yoxsa ailənizlə qeyd etməklə kifayətlənirsiz?

- Ad günü unudulası tarix deyil. Kim desə ki, ad günümün üstündən sakitcə keçib gedirəm, məncə, doğru söyləmir. Hər kəs bu tarixi gözləyir, o günə necəsə hazırlaşır. Yaradıcılıq işi olanda ildən-ilə istəyirsən, o günə hesabat verəsən, kitabın çıxacaqsa, həmin gün üçün çıxsa daha yaxşıdır. İnsan istər-istəməz o günü başqalarındanfərqləndirmək istəyir. Unudulan vaxtı da olur. 20 yaşım olanda universitetdə oxuyurdum, tələbə yoldaşlarım dedilər, gedək birgə şəkil çəkdirək, soruşdum, xeyir ola?! Dedilər, bu gün sənin ad günündür, 20 yaş elə yaşdır ki, unudulmalı deyil axı. Ancaq mən unutmuşdum. Sonra baxdım ki, həmin gün cibimdə cəmi 20 qəpik pul var, 20 yaşla 20 qəpik üst-üstə düşmüşdü. Sonrakı vaxtlarda təbii ki, unutmamışam. 50 yaşım respublika səviyyəsində, mərhum Heydər Əliyevin özünün iştirakı ilə Opera və Balet Teatrında qeyd olundu. Dəvətnamələr hazırlanmışdı, amma rəsmi dairələrdən kimisə dəvət etməyi düşünmürdüm, sonra dəvətnaməni yığdılar, dedilər ki, təhlükəsizliklə bağlı möhür vurulmalıdır, prezident özü də iştirak edəcək. Bu, mənim üçün sürpriz idi və xoş oldu. Sonra Heydər Əliyev özü də demişdi ki, 50 yaşında heç kimin elə bir yubileyi keçirilməyib ki, dövlət başçısı gəlib iştirak eləsin, 3 saat yarım orada otursun.

Allah ömür verib, müəyyən ömür yaşamışıq, ondan sonra hər 5 ildən bir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında özümə yaradıcılıq gecəsi keçirirəm, hesabat məclisi düzəldirəm. İstanbulda da dostlarımın, yoldaşlarımın iştirakı ilə belə məclislər olub. 2 il bundan öncə Bakıda keçirilən yubiley tədbirinə bir çox ölkələrdən qonaqlar gəlmişdi, “Azdram”ın qabağında içəri girənlərdən qat-qat artıq adamlar vardı, gələnləri teatrın salonu tutmurdu. “Xudojestvennayaliteratura” nəşriyyatının direktoruMoskvada zarafatla öz dostlarına deyirdi ki, mən birinci dəfə insanların bir şairin gecəsinə futbola gedən kimi həvəslə getdiklərini gördüm. 72 yaş sıradan yaşdır, adətən, 5 illiklər, yaradıcılıq gecələri istisna olmaqla ad günü keçirməkdən qaçıram. Uşaqlarımın da bilmədiyi yerə, rayonlara gedirəm ki, məni axtarmasınlar, narahat olmasınlar. Çünki gəlirlər, hər gələn hədiyyə ilə əziyyət çəkir.

- Övladlarınız başınıza yığışmalı, hədiyyə amalıdır da....

- Qaçmağa çalışıram, amma övladlar axtarıb tapırlar. Ötən gün də yığışmışdılar, mənə də dedilər, çay məclisi olacaq, gördüm, yox, yenə ad günü məclisi düzəldib, mənim üçün sürpriz hazırlayıblar. Müğənni Ramal İsrafilovun ifasında mənim sözlərimə yazılmış 7 mahnını bir albomda buraxıblar, uşaqlar da hərəsi o alboma öz xətləri ilə ürək sözlərini yazıblar. Ora gedənə kimi xəbərim olmamışdı. Bir dəfə də qızım Aydan belə bir sürpriz eləmişdi. Mahnılar gözəldir, övladlarım Nərgiz, Gündüz, Cəmil, Aydan ürək sözlərini qeyd ediblər.


- Övladlarınız arasında münasibət necədir, gediş-gəliş var?

- Övladlarım son dərəcə mehribandırlar. Qürur duyuram ki, bir-birilərini çox istəyirlər. Ürək sözlərinə baxdım, gördüm ki, dörd yazının hamısı bir-birinə çox oxşayır. Yazıblar ki, atam bizə düzlük, vicdanlı olmağı, xeyirxahlığı, mərhəmət öyrətdi. Mən xüsusi olaraq, onlarla məşğul olmamışam, amma onlar yaşadığımız həyatdan bunu öyrəniblər.

- Adətən, ictimai-siyasi fəaliyyətlə məşğul olanlar sıravi insanlarla müqayisədə övladları ilə çox məşğul ola bilmir Siz balansı qoruya bilmisiniz?

- Övladlarımın hamısı üçün eyni dərəcədə vaxt çatmayıb. Böyüklərin vaxtında daha çox səyahətdə olurdum, meydan hərəkatı, gərgin günlər vardı, amma istər-istəməz uşaqlar hər gün kimlərlə oturub-durduğumuzu, evdə hansı söhbətlər getdiyini, nə yazdığımı, nə ilə nəfəs aldığımı hiss edirlər. Aydan bir az fərqli idi. Sonbeşikdir və onu bir çox ölkələrə özümlə aparmışam, ABŞ, İndoneziya, Rusiya və bir çox Avropa ölkələrində səyahətdə olmuşuq. Dünən özü xatırlatdı, az qala unutmuşdum, Yessentukiyə bərabər getmişdik, gördüm, darıxır, o sudan da içmək istəmir, bulağa gedəndəsöz vermişdim ki, hər gün sənə bir nağıl danışacağam. 14 gün Yessentukidə qaldıq və mən ona 14 nağıl danışdım. O nağılları unutmuşam, bəzilərini də uydururdum, hər halda o nağıllarla Aydanın darıxmağının qarşısını aldım. Seçdiyim nağıllar, onların motivləri, əxlaqi yekunu, ideyası uşağın beynindən çıxmayıb. Görüblər ki, həmişə halallıqla yaşamışam, dünya malında gözüm olmayıb, maddi şeylər ikinci-üçüncü yerdə dayanıb, mənim üçün həmişə əsas mənəviyyat məsələləri olub. Uşaqlarımın yazılarından, söhbətlərindən, xatirələrindən, hiss edirəm ki, onların həyatından kənar qalmamışam, həmişə onların həyatının və maraq dairəsininin mərkəzində dayanmışam.

- Qızlar atasına çox bağlı olur, böyük qızınız Nərgiz qısqanmayıb?

- Nərgiz dünən deyirdi ki, məni hər kəsə qısqanırmış. Zarafatla qayıtdı ki, atamın çevrəsində çoxlu qadınlar, qızlar görürdüm və onu hamıya qısqanırdım. Amma oğlanlarım bir az fərqlidir. Həm Gündüz, həm də Cəmil hiss edir ki, kimlərsə mənimlə maraqlanır. Bir dəfə Gündüz bağçanın axırıncı sinfində gəlib demişdi ki, ata, müəllimimiz səni sevir. O bilmirdi ki, bu, nə anlama gəlir, müəllim bir şair, ədəbiyyat adamı kimi maraqlanırmış, amma oğlum o cür görüb deyirdi, bizim üçün isə zarafat mövzusu idi.

- Bəs Tənzilə xanımla necə tanış olmusunuz?

- Tənzilə xanımı ilk gənclik illərindən tanıyıram. Onun oxuduğu məktəbə görüşə getmişdik.

- Yardımlıda?

- Yox, onlar Balakəndə yaşayırdılar, Zaqataladakı məktəbə getmişdik, görüşdə şeiroxuyanlardan biri də o idi. İllər keçdi, o, “Azərittifaq”ın mətbəəsində işləyirdi, mən 1991-ci ildən nazir idim, yanıma gedib-gəlirdi, müəyyən işlərlə bağlı bizə müraciət edirdilər, onda daha yaxından tanıdım. Ondan əvvəl də bir dəfə Moskvadan birgə qayıtmışdıq, müxtəlif yerlərdə rastlaşmışdıq. Talenin yazısı belə imiş ki, yollarımızı birləşdirək. Bu seçimimdən narazı deyiləm. Seçimim həyatım üçün çox vacibmiş. İnsanın həyat yoldaşı təkcə evdə yemək bişirib paltar yumaq, səliqə-sahman yaratmaq üçün deyil, həm də onun silahdaşı, ruhdaşı olmalı, dərdlərini, ağrılarını, ideallarını, istəklərini bölüşməlidir. Yalnız mətbəxdə dolaşmaq, işinancaq ondan ibarət olduğu düşünülənmühitdə darıxardım. Tənzilə xanım əslində ruhumu və düşüncələrimi anlayan, yaradıcılığımı bilən və dəyərləndirən, yazılarımı ilk oxuyan, bütün sirrlərimipaylaşdığım bir adamdır. Ondan həyatla bağlı saxladığım ciddi sirrim də yoxdur. Bu da bir taledir. İnsan evindən, ailəsindən, uşağından nə qədər arxayın olsa, cəmiyyətdə üzüağ, başıuca gəzir. Ən azı savaş, döyüş və siyasət meydanında rahat nəfəs alıb, sözümü deyirdim, addım atırdım, bilirdim ki, başıma bir iş gəlsə, ən azı uşaqlarımı böyüdəcək, onlara sahib çıxacaq güclü xanım var.

- Bu yaşınıza qədər nələr arzulayırdınız, onları nə dərəcədə reallaşdıra bilmisiniz?

- Onu demək çətindir. Mənə illər uzunu deyirlər ki, “Qan yaddaşı” və “Ömür kitabı”ndan sonra heç nə yazmasan da, yetərli idi. Buna bənzər sözlər çox eşitmişəm. O qədər sadəlövh adam deyiləm ki, bu şeyləri ciddi qəbul edim. Sonra da düşünüm ki, yaradıcılıq həyatı bitdi. Yazıçının ömrü həyatın sonuna kimi daimi bir yanğıdır, qızmar dəmirin üstünə su düşəndə necə cızıltı ilə yanıb buxarlanıb gedirsə, yazıçı ömrü də elədir, ömrünün axırına kimi ürəyini əritməklə məşğuldur. Burada Vətən və insan sevgisi də, öz idealları uğrunda mübarizə eşqi, içindəki sözü çatdırmaq həvəsi də var. İndiyə kimi içimdən keçən bəzi şeyləri yazmışam, reallaşdırmışam, amma indi birdən-birə hiss edirəm ki, nə qədər şeylər yazılmamış qalır və təəssüflənirəm ki, vaxtımın, enerjimin daha çox olduğu, bir gündə 25-30 səhifə yazdığım günlərin çoxunu havayı ötürmüşəm, gedib. Bir hissəsi siyasətə, bir hissəsi əyləncələrə və gəzməyə sərf olunub və o mövzular üst-üstə qalaqlanıb, məni tələsdirir ki, bunları yazmaq lazımdır. Mən həyat eşqi olan adamam, təbiət çəkir, getmək, görmək, dünyanı gəzmək, hər yerdə olmaq istəyirəm, ancaq bu, yazıçılıqla düz gələn iş deyil. Ona görə böyüklərimiz, klassiklər tərki-dünya olublar. Ona görə yox ki, dünyanı sevməyiblər, əslində vaxtlarını kənar şeylərə sərf etmək istəməyiblər. Öz dünyalarını qurmuşdular və o dünyada yazılarını yazırdılar. Bizim bu fürsətimiz olmayıb. Yaşamaq, həyatımızı təmin etmək üçün həmişə yolda-izdə olmuşuq, bütün gücümüzü işə sərf etmişik, yaradıcılığa çox az vaxt qalıb. İlin 11 ayını başqa işlərə, 1 ayını yaradıcılığa sərf edə bilirdik. Bu, təxminən həyatımın bölgüsüdür. Bununla belə kompyuterdə baxıram ki, 20 cild kitablıq yazılarım var, imkanım olsa, buraxacağam. Hər halda görülməli işimiz çoxdur. Bu il nəşrini nəzərdə tutduğum 4 kitabım var: “Ədəbiyyatşünaslıq”, milli taleyimizə həsr olunan “Dialoq”, “Astar” adlı nəsr kitabım və dahi alman şairi Hötenin tərcümə etdiyim “Şərq-Qərb divanı”. Yeni şeirlərimi neçə illərdir çap etdirmirəm, əlimdə roman var.

- Roman nə ilə bağlıdır?

- Müasir həyatımızla bağlıdır. Düşüncələrimdə çox şey var, Allah fürsət versə, reallaşdıracağıq. Tərcümələrim bir yerə yığıb çap olunmalıdır, 25 il millət vəkili olduğum dönəmdə dünyanın müxtəlif parlamentlərində saysız-hesabsız çıxışlarım var və bunlar ayrıca kitabdır. Bir yerə yığılmalıdır ki, itməsin. Nəyə gücümüz çatacaqsa, edəcəyik.

- Yazmaq üçün xüsusi şərtləriniz varmı özünüzçün, məsələn, masanın üzərində mütləq hansısa əşya olmalıdır və sair.

- Elə bir ərköyünlüyə öyrəşməmişəm, əlbəttə, masam səliqəli olmalıdır. Yazıya başlayanda xeyli vaxtım yazı stolunu hazırlamağa gedir, bəzən fikrim də dəyişir, yazmaq istədiyimdən uzaqlaşıram. Ancaq vaxt məsələsi var, sübh çağı işləməyə öyrəşmişəm, səhər saat 4-5-də oyanıb yazıram. Yaradıcılıq üçün bir az da təklənməyibacarmalısan. Ona görə yazmışdım:

Allahın dünyasın sevdik doyunca,

Bir ömür də gərək Allahı sevək.

Yəni dünyanı çox sevdik, bəlkə də o sevgi bir az içimizdə qalmalı, sözə, yaradıcılığa, klassik ədəbiyyatımızdakı kimi ürfani duyğulara verilməli idi. Ona vaxt çatmadı

- Deputatlıq dönəmi ilə müqayisədə indi sanki siyasətdən uzaqlaşmış kimi görünürsünüz. Doğrudan belədir?

- Gördüyünüz kimi, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında oturmuşam və bu partiya da Azərbaycan siyasətinin içindədir. Ona görə də heç yerə uzaqlaşmamışam. Deputat olan vaxtdan siyasi partiyadan uzaqlaşmaq istəyirdim. Amma Vətəndaş Həmrəyliyi ideyası barış, milli birliklə bağlıdır, burada qrup marağından daha çox millətin ümumi marağı var və bu, mənim ideallarıma uyğundur. Ona görə də özümü burada rahat hiss edirəm. Digər tərəfdən, görürəm ki, bu yaşımda cəmiyyəti yaxşı tanımağım, dünyanın gedişatını diqqətlə izləməyim, dünyada baş verən hadisələrdə siyasi partiyaların rolunun getdikcə azaldığını görməyim mənə partiya başçısı kimi mane olur. Hərdən özümü qınayıram, ətrafımda gənclər var, onlar daha radikal addmlaratılmasını, sərt mövqe nümayiş etdirməyimizi istəyirlər və bəzən onlara mane oluram. Görürəm ki, yetişməmiş, vaxtı çatmamış müəyyən yanlış addımlar gənclərin sonrakı taleyinə mənfi təsir göstərir. Eyni zamanda onları qorumağa çalışıram. Beləliklə, davamlı mübarizə gedir: gənclərin üsyankarlığı və mənim mühafizəkarlığım. Belə bir mühit var. Hərdən düşünürəm ki, özüm də cavanlıqda çox üsyankar olmuşam, həmişə demişəm ki, yaşlılar çəkilib bizə yol versinlər, meydan açılsın, indi də özüm cavanların qabağında bəlkə kötüyə çevrilirəm, bu yolu açmaq lazımdır. Bunu həmişə fikirləşirəm. Təəssüf ki, partiyada sədrliyi öhdəsinə götürüb mənim bu arzumu yerinə yetirməyim üçün şərait yaradan dostlarımız yoxdur. Adamlar bu işi görə bilərlər, amma mənim getməyimi istəmirlər və buna mane olurlar.

- Yaradıcılığınızdan danışdıq, deputat olduğunuz zaman deyirdiniz ki, millət vəkili kimi fəaliyyətiniz yaradıcı işinizə müəyyən qədər mane olur. Məhsuldarlıq artıb?

- Əlbəttə, indi vaxtım daha çoxdur. Deputatlıqda nə lazımdırsa götürmüşdüm, yəni o mühit, Azərbaycanın intellekt potensialı gözümün qabağındadır. Bunun yaxşı tərəfi də, pis tərəfləri də var. Bəzən insan ümidsizliyə qapılır, kənadan baxanlar ən seçilmiş adamları orada görürlər və onlara çox ümid bəsləyirlər. Amma içəridə olanda onların hamısını yaxından tanıyırsan və bir az ayrı təsəvvür yaranır. Milli Məclis mənim həyatımın bir parçasıdır, heç vaxt onun əleyhinə danışmaram. İdarəçiliyin bir sistemidir və orada tarixən böyük insanlar oturub. Mətbuatda bəzən Milli Məclisin ünvanına həqarət dolu sözlər yazılır. Təbii ki, yaxşı deputatlar da, pisləri də var, 25 ildir ağzına su alıb oturanlar var. Gərək özləri hiss eləsinlər ki, bu gün o şəkildə Milli Məclisdə oturmaq olmaz. Bəziləri son dərəcədə çiy, naşı söhbətlər edirlər və ümumilikdə Milli Məclisi hədəfə çevirirlər. Gərək bu, olmasın. Küll halında Milli Məclisi gözdən salmaq olmaz, çünki parlament bizim dövlətçilik mədəniyyətimizin mühüm parçasıdır. Seçilməməkdə bir tərəfdən rahatam, son dönəmdə Milli Məclisətrafında çox ciddi söz-söhbətlər oldu və mən o söhbətlərdən kənardayam, millətin narazılığının hədəfində deyiləm. Küçədə hər addımbaşı görüb nə isə tələb edirlər. İkinci bir tərəfdən mənim millət vəkili olub-olmamağım heç nəyi dəyişmir. Xalq elə mənə hər yerdə millət vəkili kimi baxır və bir çox deputatlardan qat-qat artıq hörmət edir. Hərdən küçədə insanlarla rastlaşıram, tərif olmasın, kimi görürəm, əsas müraciət bilirsinizmi nədir? “Ey gözəl insan”. Müxtəlif cür müraciətlər olur, amma görürəm ki, zaman keçdikcə, “gözəl insan” kəlməsi populyarlaşıb, kimlə rastlaşıram, bu cür çağırırlar. Bu ünvanı qazanmağım, mənim üçün deputat olmaqdan qat-qat yüksəkdir. Millətin gözündə o statusu qazanmaq son dərəcə mühümdür. Ötən gün kitabxanada çalışan xanımlarla rastlaşdım, biri zarafatla dedi ki, amandı qocalma, Sabir müəllim. Millət vəkilinin hansı üstünlüyü varsa, mənim üçün qadağa deyil. Düzdür, cibimdə diplomatik pasport yoxdur, amma bir diplomatik pasport hansı qapıları aça bilirsə, mən o qapıları diplomatik pasport olmadan da aça bilirəm. Xalqın sevgisi pasport çərçivəsinə sığmaz. Əslində bu da çox anlaşılmaz şeydir, 25 il millət vəkili olursan, ayrılan kimi deyirlər, diplomatik pasportunu qaytar, ver. Anlamıram bu adamlar nə qədər çoxdur, pasport sahibində niyə qalmasın? Mən yenə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri kimi gəzirəm, Azərbaycan dövlətinin ümumi, rəsmi ideologiyasına yaxın bir şəkildə dövlətçiliyimizin maraqlarına uyğun olaraq, tariximizi anladıram, Qarabağ məsələsində dövlətimizin mövqeyini dünyaya çatdırmağa çalışıram.AXC-nin yüzilliyi ilə bağlı görüşlər keçirilir, ədəbiyyatımızı təbliğ edirəm, böyük bir mədəniyyət, diaspor işi görürəmsə, bunu cibində diplomatik pasport gəzdirənlərin çoxunda görmürlərsə, niyə onların cibində diplomatik pasport olsun, bizdə yox? O dəqiqə guya hər şeydən məhrum edirlər... Amma bu gün məhrumetmələr məni qəti narahat etmir. Bu, doğru deyil, gələcək üçün düşünürəm ki, müəyyən mərhələdə dövlət vəzifəsi daşımış, yaxud millət vəkili olmuş adamın gərək diplomatik pasportu ömürlük onda qalsın.

- Tarixi əsərlər, eləcə də ssenarilər müəllifisiniz, niyə AXC kimi önəmli bir tarixə dair ciddi bir film, mədəniyyət nümunəsi yoxdur? AXC ilə bağlı ssenari yazmağı düşünürsünüzmü?

- Polad Bülbüloğlu nazirlikdən çıxmazdan bir gün əvvəl “Cavad xan” filmini imzalayıb istehsalata buraxdı. Dəvət elədi, görüşdük, dedi, sabahdan nazirlikdən gedirəm, bu gün üstünü imzalayıb istehsalata buraxıram, çünki yerimə elə adam gələ bilər ki, Cavad xanın tariximizdəki rolunu anlamaz, yaxud müzakirələr uzanar, qoy, bu film çəkilsin. Polad Bülbüloğlu mədəniyyət adamı idi və bunu görürdü. Mən kimlərisə üz-üzə qoymaq istəmirəm, amma “Difai fədailəri” kitabım bu gün Cümhuriyyətlə bağlı son dərəcə mühüm mövzuya toxunub, 1906-1907-ci illərdə erməni terroruna qarşı o vaxt Azərbaycanın müqavimət hərəkətı, Qarabağ Müdafiə Təşkilatı barədədir. O vaxt çar Rusiyası, elə özümüzünkülər də sənədlər ələ keçməsin deyə məhv etməyə çalışıblar ki, tarixdən silinsin. Amma mən onu çox çətinliklə, müxtəlif arxivlərdən öyrənərək, “Difai fədailəri” romanını yazdım, istəyirdim ki, film kimi çəkilsin. Həm də “Difai” hərəkatına gələn yollar var, kim haradan gəlib, hərəsi bir filmdir əslində. Çox maraqlı serial, bədii film ola bilərdi. Ssenarini yazıb Mədəniyyət və Turizm Nazirliyinə verdim. Oradan mənə etiraz gəldi. İndi mətbuat vasitəsilə həm nazirliyə, həm də Prezident Administrasiyası və Nazirlər Kabinetində əlaqədar şöbələrə müraciət edirəm ki, “Difai”hərəkatı gözəl bir filmin mövzusudur, mən də onun ssenarisini yazmışam. Hesab edirəm ki, tariximizə işıq salan bu film çəkilməlidir, bu, bizim Cümhuriyyətə doğru gələn yolumuzun işıqlandırılmasıdır. “Difai” hərəkatının başında Əhməd Ağaoğlu dayanırdı. 1918-ci ildə Nuru Paşa komandanlığında Türk İslam Ordusu Gəncəyə, sonra Bakıya gəldi, onda Əhməd Ağaoğlu onun siyasi müşaviri, məsləhətçisi idi. İndiki vaxtda Qarabağ hələ işğal altındadır, niyə bu film çəkilməsin?! Orada Şuşa həyatı, Qarabağ uğrunda savaşlar, siyasi mübarizələr əks olunub. Olduqca önəmli mövzudur, öz yazım olduğuna görə demirəm. Başqa bir povestim var, çap elətdirməmişəm, Nuru Paşa buradan gedəndən sonra həbs olunur, ingilislər onun üçün məhkəmə qururlar, Batum həbsxanasında saxlanılır, Nağı Şeyxzamanlının başçılığı ilə Azərbaycandan əsgər heyəti gedir və onu oradan həbsxanadan qaçırıb yenidən Bakıya gətirirlər. Yarı detektiv, yarı tarixi gözəl bir filmin mövzusudur. Amma kimə müraciət edəsən? Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə danışmışıq, onu da bu mövzularmaraqlandırır. Amma deyir, bunlar hər biri televiziya şirkətlərinin işidir, onlar maliyyə ayırıb özü çəkir. Belə olan halda hara müraciət edəcəyini bilmirsən. Təəssüf ki, kinostudiyamız təmir olunmayıb, illərdir gözləyirik. Kinodan böyük təbliğat vasitəsi yoxdur. Bütün dünyanı türk serialları, başqa ölkələrin filmləri fəth edir. Bizdə də çəkilə bilər. Bizim də gözəl sənətkarlarımız yaşa dolurlar, həyatdan gedirlər. Onlar üçün meydan açmaq lazımdır, o meydan kinostudiyada açıla bilər. Rayonlarda hər icra başçısı özündən əvvəlkinin tikdiyi divarları sökür, yerinə təzəsini tikir, nə qədər pullar xərclənir. Kinostudiyanı bərpa etmək, ora yeni avadanlıq almaq olmazmı?Həm də büdcəmiz imkan verir ki, nəhayət, 20 ildən sonra kinostudiya təmir olunsun. Buna nə mane olur? 1 şadlıq evinin pulu qədər pul lazımdır ora.


- Bu il mərhum Əbülfəz Elçibəyin yubileyidir, partiya səviyyəsində qeyd etməyi düşünürsünüz?

- Əbülfəz Elçibəyin yubileyinin keçirilməsi üçün Klassik Xalq Cəbhəsi Partiyasının nəzdində bir komissiya yaradılıb. Onların toplantılarının birində iştirak edib sözümü demişəm. Elçibəylə bağlı bütün tədbirlərə qoşulmağa hazıram. Özümüz də partiya olaraq nə isə keçirə bilərik. Amma o biri partiyalar arasında yarış var, kim Elçibəyə sahiblənəcək, xalq cəbhələri parçalanıblar, hərəsi də özünü Elçibəyin davamçısı, Elçibəy yolunun yolçusu sayır. Elçibəy yolu qətiyyən bu qədər parçalanmanı istəməzdi. O yol bir az fərqli idi. Mən vaxtıykən, Elçibəy haqqında “Elçibəyin xəstəliyi” adlı bir yazı yazmışdım, özü də Ankarada xəstəxanada oxumuşdu. Elçibəyin xəstəliyi vətən sevgisi, Bəy olmağın, gözü tox olmağın, türk sevdalısı olmağın xəstəliyi idi. O xəstəliyi hər kəs anlamaz, həkimlərin də əli girməz ora, o, başqa aləmdir. Elçibəy də oxuyub demişdi ki, Sabir bəy təkcə məni yazmayıb, həm də özünü yazıb. Sonra haqq dünyasına qovuşandan sonra bir şeir də yazmışdım, Araz Elsəs Elçibəyinməzarı üstündə oxuyurdu. Ola bilsin yubileyi ilə bağlı nə isə yaza bilərəm. Çünki zaman keçdikcə şübhəsiz, Elçibəy kimi adamların dəyəri, qiyməti daha yaxşı görünür. Hakimiyyət söhbəti ayrıdır, bir yazımda yazmışdım ki, bizim səhvimiz idi, cəbhə hakimiyyətə gəlməyə tələsməməli idi. Müxalifətdə qalaraq xalq hərəkatı kimi hakimiyyətlərə daha ciddi təsir göstərirdik, onlar işləyirdilər. Heydər Əliyev təcrübəli idi, o gəlib müəyyən mənada ya Xalq Cəbhəsi ilə bir yerdə, ya da özü bu proseslərin qarşısını almalı idi. 1 ildə çox səhvlər oldu. Ondan sonra Xalq Cəbhəsi daha rahat şəraitdə öz demokratik düşüncə və milli proqramlarını həyata keçirə bilərdi. Bu, mənim düşüncəm idi, gizlətmədim, haradasa yazmışam. Əlbəttə, Elçibəyin müəyyən səhvləri olub, dövlətçilik təcrübəsinin olmamağı da rol oynayıb. Amma 1 ilin üzərinə çox günahlar yıxılır. Hər şeyi bilirik, Elçibəy bir şəxsiyyət, millət adamı, türk sevdalısı kimi hansı idealların sahibi idi, hansı niyyətləri, Azərbaycanın gələcəyi ilə bağlı hansı düşüncələri vardı, milli birlik, Azərbaycanın bütövlüyü onun üçün nə demək idi, Güney Azərbaycanla bağlı onun hansı düşüncələri vardı, bunlar bəllidir. Baxın, mətbuatda Güney Azərbaycan söhbəti heç yoxdur. İranla münasibətlərimiz yaxşıdır, olsun, amma bu yaxşılıqdan sitifadə edib İran bizim milləti assimliyasiya edə bilməz. Bu da unudulmamalıdır. Küll halında Elçibəy ideal adam, milli yolun, idealların liderlərindən biri idi. Onu bu gün xırda siyasi intriqaların, münaqişələrin qurbanına çevirmək olmaz.O, tarixi şəxsiyyət idi, həyatımızın müəyyən bir dövründə sözünü dedi və getdi. Onun da xatirəsi dövlətçilik tariximizdə əziz tutulmalıdır.

- Uzun illərdir diaspor fəaliyyəti ilə məşğul olmusunuz, DAK-ın sədrisiniz, bildiyimiz kimi Diasporlarla İş üzrə Dövlət Komitəsinə gənc rəhbər təyinatı olub, keçmiş həmkarınız Fuad Muradov rəhbərdir, ondan gözləntiləriniz nədir?

- Nazim İbrahimov gedib, mən gedənlərin dalınca danışmıram, danışmaram da. Nazim də öz işini gördü. Fuad Muradov gəlib, onu Milli Məclisdən tanıyıram. Mədəniyyəti, əxlaqı, biliyi öz yerində olan gənc deputatdır, aramızda həmişə yaxşı münasibət olub. Bir dəfə ümumi söhbət etmişik, inanıram ki, Komitədə yaxşı işləyəcək. Proseslərə baxışı, ümumi yanaşma tərzi məncə, doğrudur. Diaspor işi çox çətin işdir. Bu, təkcə dövlətin maliyyəsindən və diqqətindən asılı deyil. Diaspor mürəkkəb sistemdir. Ora gedənlərin hamısı bir mühitdən çıxmayıb. Bizim diasporumuzun bir hissəsi Güney Azərbaycandan, İran rejimindən gediblər və bizim həyatımızı o qədər yaxından bilmirlər. Bir hissəsi Türkiyədən gediblər, onlarda türkçülük düşüncəsi daha yüksəkdir. İranlı qardaşlarımızın xətrinə dəyməsin, amma orada fars zeyniyyəti onların bir çox cəhətdən əllərini, qollarını bağlayıb. İllər uzunu bəziləri öz ana dilini normal öyrənə bilməyiblər. Rusiyadan, Gürcüstandan, Qərbi Azərbaycandan gedən azərbaycanlılar var. Bir hissə də Azərbaycandan gedib. Onların bir qismi yalnız işçi qüvvəsidir, bir hissəsi isə siyasi əqidələrinə görə narazı qalıb gedənlərdir. Onların hamısının bir araya gəlməsi çətindir, hərəsinin öz mühiti, dərnəkləri və yanaşma tərzi var. Diasporanın bir hissəsi tam siyasiləşib, bir hissəsi siyasətdən uzaqdır. Onları bir araya gətirib Azərbaycanın maraqları üçün bir yerdə çalışdırmaq zaman, güc və ardıcıl iş istəyir. DAK olaraq həmişə xaricdə bir çox məsələləri – Qarabağın işğalını, İranda insan haqlarını, azərbaycanlıların taleyi məsələlərini, deportasiyaya uğramağımızı beynəlxalq təşkilatlarda gündəmə gətirmişik. Mümkün qədər DAK-ı Azərbaycanın iç siyasətinə qarışdırmamağa çalımışıq. Diasporun bütün tərəfləri ilə normal dialoq qurmaq üçün məsafələri qorumağa çalışmışıq. Amma təbii ki, Azərbaycandan narazı şəkildə xaricə gedən adamların da sayı getdikcə artır və şübhəsiz bu da diasporun fəaliyyətinə təsir göstərir.

- Bu günlərdə Musa Yaqubun yanına getmişdiz, foto da paylaşmışdınız, durumu necədir?

- Xəstədir, yaşı 80-i keçib, Musa müəllim indiyə kimi çox yaxşı qalmışdı. Rayonda olsa da, müalicəsi gedir, mən istədim təklif edim Bakıda xəstəxanaların birinə gətirək, bəlkə çalışıb xaricə göndərməyi təşkil etmək olardı. Böyük qızı Yaqut yanındadır, deyir, xasiyyəti belədir ki, heç yana getmək istəmir. Təbii darıxır, çox dərman qəbul etməsindən şikayətlənir. Vaxtilə xəstəliyini dağ çeşmələri, bəlkə də dost məclisləri ilə müalicə etməyə öyrəşmiş Musa Yaqubun indi dərman mühitində yaşaması son dərəcə çətindir. Amma ümidsiz də deyiləm, hesab edirəm ki, öpladları da ümidsizliyə qapılmalı deyillər, müəyyən vaxtlar daha pis idi, güman edirəm, yenə də yaxşılaşmaq ümidi var.