BolgeXeber.Com » Media » Güllələnmiş Qələm

Güllələnmiş Qələm

2-03-2011, 20:30
Oxunub: 5 787
Elmar Hüseynovun xatirəsinə

Azərbaycanda Qorxmaz Qələm sahibi tapmaq çətindir…Azərbaycanın Qorxmaz Qələmini güllələdilər…Azərbaycanda Qeyrətli Qələm sahibi tapmaq çətindir…Azərbaycanın Qeyrətli Qələmini güllələdilər…Azərbaycanda Fədakar Qələm sahibi tapmaq çətindir…Azərbaycanın Fədakar Qələmini güllələdilər…Azərbaycanda siyasət qədər çirkin bir peşəyə bulaşmayan Qələm tapmaq çətindir…Azərbaycanın siyasətdən kənar dayanmağı bacaran Qələmini güllələdilər…Azərbaycanda sərbəst düşünən beyin sahibləri çox, səsini çıxardan azdır…Sərbəst beynə və səsini çıxartmağa cəsarəti olan Qələmi güllələdilər…Azərbaycanda çörəklə imtahan məngənəsindən sağ-salamat çıxan qələm sahibi çox-çox azdır…Çörəklə imtahan məngənəsindən şərəflə çıxan Qələm sahibini güllələdilər…Böyük fədakar Vətənpərvəri güllələdilər…Elmar Hüseynovu güllələdilər…2003-cü ilin sentyabrında “Azadlığın susdurulmuş səsi” adlı yazısına Elmar “Bizi aldadıblar!” nidası ilə başlayaraq bu cümlələrlə sözünə davam edirdi: “Bizə deyirdilər ki, yalnız SSR-də senzura var, yalnız SSRİ-də söz azadlığı yoxdur və yalnız SSRİ-də öz şəxsi fikrinə sahib olan hər kəsi sistem sındırır, məhv edir. Ancaq, “dəmir pərdə”nin o biri tayında isə hər şey başqa cürdür…Bizi aldadıblar… (Onu işdən çıxardıb düz küçəyə atmaqla) onlar hamımıza başa saldılar ki, azərbaycanlıların hüquq və azadlıqları uğrunda mübarizə dövrünün sonu gəlib çatdı.” Bu yazıdan ötrü qınağa hədəf oldu, amma əqidəsindən dönmədi…Elmar Hüseynovu güllələdilər. Hələ yaradıcığının ən yüksək nöqtəsinə çatmadan güllələdilər. Elmar tənqidçi idi, siyasətçi deyildi. Bu gün siyasətçilərin ağzından Elmarın adı düşmür. Siyasətçilər Elmarın qanını yerdə qoymamağa çağırırlar…1990-cı il yanvarın 21-də də elə danışırdılar…Qarabağın kənd və şəhərləri əldən gedəndə də elə danışırdılar…Xocalıda faciə baş verəndə, Şuşa müdafiəsiz qoyulanda, Qarabağın yeddi rayonu təhvil veriləndə də eyni cür danışırdılar…Qanı yerdə qoymamağa çağırıb, bir az sonra çağırışlarını unutmağı vərdiş ediblər. Çünki çağırışlar və bəyanatlar Azərbaycan siyasətinin iliyinə qədər işləmiş bir xroniki xəstəlikdir. Siyasəti içindən yeyən də, onu qidalandıran da bu xəstəlikdir. Çünki, Azərbaycan siyasəti (və ümumiyyətlə siyasət) Bakı havası kimi dəyişgəndir. Bakılıların dediyi kimi “gah gilavardır, gah gicavar…” Qarşıdan parlament seçkiləri gəlir…Növbə Elmarın növbəsi idi…”Kimə lazım idi Elmarın ölümü? Kimə sərf edir bu sərsəm cinayət?” deyə hey öz-özümüzü suallarla üzsək belə, həqiqəti tapmaq biz adi insanlara bəlkə nəsib olmadı. Qəribə ildir – 2005-ci il. Qəribə oyunlar gedir, qəribə hörümçək torları toxunur Azərbaycanın ətrafında…Fevralın 19-da Amerikanın Yerevandakı səfiri Kaliforniyada erməni fəalları ilə görüşdə “Dağlıq Qarabağ Azərbaycana qaytarıla bilməz, bu faciə olar” deyə bəyanat verir. 8 gün sonra sözlərini danır. 9 gün sonra səfirin səhv etdiyini deyirlər. 10 gün sonra Azərbaycan parlamentində “British Petroleum” şirkətinin Azərbaycanda çevriliş hazırladığına dair ittihamlar səslənir. 13 gün sonra “Daşnaksyutun” partiyası bəyan edir ki, Amerika səfiri səhv etməyib. Və bu arada bir neçə çeçen yaraqlısının Rusya-Azərbaycan sərhəddini keçərək Bakıda terror törətməyə getdiyinə dair agentliklər məlumatlar yayır…Martın 2-də Bakıda, Qara Qarayev küçəsində Elmar Hüseynov qətlə yetirilir…Martın 3-də Kanada hökuməti Azərbaycana səfər edən vətəndaşlarını ehtiyatlı olmağa çağırır…Fərziyyələrdir, amma qəribə ildir, 2005-ci il…Bəlkə, Araz Əlizadə haqlıdır: “Hədəf İlham Əliyev idi, güllə Elmar Hüseynova dəyib”(?) Kim bilir! Nə üçün indi? Və nə üçün Elmar? Qəribə ildir – 2005-ci il! Kədərli ildir! Allah axırın xeyr eləsin! Azərbaycan ən böyük qurbanını artıq verdi, martın 2-də axşam verdi. Azərbaycanda Qorxmaz Qələm sahibi tapmaq çətindir…Azərbaycanın Qorxmaz Qələmini martın 2-də güllələdilər…Azərbaycanda Qeyrətli Qələm sahibi tapmaq çətindir…Azərbaycanın Qeyrətli Qələmini martın 2-də güllələdilər…Azərbaycanda Fədakar Qələm sahibi tapmaq çətindir…Azərbaycanın Fədakar Qələmini martın 2-də güllələdilər…Azərbaycanda siyasət qədər çirkin bir peşəyə bulaşmayan Qələm tapmaq çətindir…Azərbaycanın siyasətdən kənar dayanmağı bacaran Qələmini martın 2-də güllələdilər… 2003-cü ilin sentyabrında yazdığı və əvvəlcə qeyd etdiyimiz yazısında Elmar yazırdı: “Mirzə Xəzərin işdən kənar edilməsi – hamımızın məğlubiyyətidir, çünki biz, sonuncu səmimi informasiya mənbəyindən daha çox şeyi itirdik. Bu, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların məğlubiyyətidir. Çünki, böyük bir vətənpərvər zərər çəkib və onun yeganə günahı vətənini həddən artıq sevməsi idi.” Yox Elmar! Bu sözlər mənə yox, sənə yaraşır. Sənin ölümün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların məğlubiyyətidir. Çünki böyük bir Vətənpərvəri, yeganə günahı öz vətənini və xalqını həddən artıq, həyatından artıq sevən bir Vətənpərvəri itirdik! Elmarı güllələdilər!

Mərhumun əzizlərinə dərin hüznlə başsağlığı verməyi özümə borc bilirəm. Allah rəhmət eləsin!

Mirzə Xəzər