BolgeXeber.Com » Sosial » Banklar cibimizi necə qarət edirlər? - Kredit baha, əmanət ucuz...

Banklar cibimizi necə qarət edirlər? - Kredit baha, əmanət ucuz...

30-05-2018, 09:37
Oxunub: 3 341 Banklar cibimizi necə qarət edirlər? - Kredit baha, əmanət ucuz...Kredit faizlərinin yüksək olmasına rəğmən banklar əmanətləri çox aşağı qiymətlərlə götürürlər

Son vaxtlar əmanətlərin faiz dərəcəsinin daha da aşağı düşməsi müşahidə olunur.

Milli valyuta ilə saxlanılan əmanətlər üzrə faizlər müxtəlif olsa da, bu müxtəliflik 8-12 rəqəmi arasında dəyişir.

Amma 12 faizli əmanət götürən banklarda risk səviyyəsi yüksək olduğu üçün vətəndaşlar bu kimi banklara üstünlük vermir. Daha çox "Beynəlxalq", "Kapital", "Azərtürkbank" kimi dövlət və dövlət nəzarətində olan böyük banklara əmanətlərini etibar etməyə üstünlük verilir. Bu banklarda da əmanət faizləri çox aşağıdır.

Dollarla əmanətlərin saxlanılması da artıq populyar deyil. Dollarla götürülən əmanətlərin faiz dərəcəsi cəmi 2-3 faizdir.

İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, banklar bunu özlərini sığortalamaq məqsədilə edir:

“Hər iki devalvasiyadan ən çox zərbə banklara və sadə vətəndaşlara dəydi. Banklar bütün yükü sadə vətəndaşların üzərinə qoymaqla vəziyyətdən çıxmağa çalışdılar. Bu çox səhv strateji qərar idi. Bütün yük kredit qaytaranların üzərinə düşdüyü üçün bu pulların geri qaytarılması mümkünsüz oldu. Bu gün ölkədə problemli kreditlərin sayı sürətlə artır. Bu həm bank sistemi, həm də ümumilikdə iqtisadiyyat üçün ən böyuk problemdir”.

İqtisadçı deyir ki, banklar əmanət faizlərini aşağı salmaq, kredit faizlərini isə artırmaqla daha çox pul qazanaraq ziyanlarını ödəmək istəyirlər. Amma bu da strateji olaraq səhv yanaşmadır:

“Çünki, bu bankların sərbəst vəsaitə çıxış imkanlarını məhdudlaşdırır. Əhali bankların daha az faiz verməsini və gələcəkdə hər hansı problemlərin ortaya çıxacağını nəzərə alaraq, banklara əmanət qoymaqdan imtina edə bilər. Bu da banklar üçün ciddi problemə çevrilə bilər. Beləliklə, bankların problemlərinin daha da dərinləşməsinə, banklarda saxlanılan əmanətlərin həcminin azalmasına səbəb ola bilər”.