BolgeXeber.Com » Xəbərlər » "Zərərçəkmiş ölkədən 157 milyon manat pul çıxarıb" - Bakıda 1 milyonluq dələduzluq edən polkovnik

"Zərərçəkmiş ölkədən 157 milyon manat pul çıxarıb" - Bakıda 1 milyonluq dələduzluq edən polkovnik

30-05-2018, 17:29
Oxunub: 1 950 "Zərərçəkmiş ölkədən 157 milyon manat pul çıxarıb" - Bakıda 1 milyonluq dələduzluq edən polkovnikFasilədən sonra davam etdirilən prosesdə təqsirləndirilən şəxs Telman Əliyevin yalan danışdığını, onun məhkəməyə gəlib yuxarı vəzifəli şəxslərin adlarını çəkdiyini bildirib.

Zərərçəkmiş Xanımbacı İsmayılova da qeyd edib ki, T.Əliyev həmin zaman məhkəməyə gəlib.

Şahid isə belə bir söz demədiyini, özünü yüksək vəzifəli şəxs kimi təqdim etmədiyini söyləyib.

Təqsirləndirilən S.Şükürov vurğulayıb ki, T.Əliyevlə aralarında telefon danışıqları olub.

Məhkəmədə şahid T.Əliyevin istintaqda verdiyi ifadəsi elan olunub. O bildirib ki, Xətai Rayon Məhkəməsində S.Şükürovu bir dəfə görüb.

Daha sonra T.Əliyev qeyd edib ki, məhkəmədə olan zaman S.Şükürov onun yanına gəlib.

Təqsirləndirilən S.Şükürov sərbəst ifadə verib. O, zərərçəkmiş İlqar Əliyevin epizodunu təsdiq edib, onu Nazirliyə işə düzəldəcəyini bildirib: "Natiq Məmmədov söz vermişdi ki, İlqar Əliyevi işə düzəldəcək. Bizi isə Natiq Məmmədovla Qədir Sultan tanış etmişdi. Köhnə əsgərim olmuş Xəqani xahiş elədi ki, İlqarı işə düzəldim. Mən Qədir Sultanova dedim, o da Natiq Məmmədova çıxdı. Biz də Əli adlı şəxslə görüşdük, 50 min manat pul istədi. Razılaşdıq, daha sonra İlqar da pulu Əlinin özünə verdi. İş də düzəlmədi, Əli də pulu geri qaytarmadı".

Digər epizod üzrə danışan S.Şükürov qeyd edib ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın həbsdə olan qızı və nəvəsini istintaq təcridxanasından azadlığa buraxacağı vədini verib: "Mən də Natiq Məmmədovla danışdım və Xanımbacı İsmayılovadan 98 min 700 min manat pulu götürdüm. Pulu Elçin adlı şəxslə görüşüb ona verdik. Sonra Elçin 30 min manat pul da istədi, onu da verdik. Lakin iş alınmadı".

S.Şükürov daha əvvəl dəlduzluq maddəsi ilə həbs edildiyini də bildirib.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları Rasim Salmanovun dörd milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən S.Şükürov da həmin şəxsləri həbsdən azad edəcəyi vədini verib.

S.Şükürovun sözlərinə görə, zərərçəkmiş X.İsmayılova ölkədən "Yapı Kredi Bank" vasitəsi ilə 157 milyon manat pul çıxarıb.

X.İsmayıova isə təqsirləndirilən şəxsin yalan danışdığını bildirib.

*** 15:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Telman Əliyev ifadə verib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb: "2017-ci ilin yanvar ayında axşam saatlarında telefona zəng gəldi. Həmin şəxs özünü yuxarı təbəqədən olan bir qadın kimi təqdim etdi. O, qoca adamın Xətai rayonunda həbs edildiyini və onun evə köçürülməsi ilə bağlı hakimlə danışmaq lazım olduğunu söylədi. Mən də hakimin yanına getdim, lakin düzələn iş olmadığı deyildi".

Daha sonra hakim və prokurorun suallarını cavablandıran T.Əliyev qeyd edib ki, məhkəmədən çıxanda ona yaxınlaşan adamı tanımayıb.

Prokuror isə bildirib ki, T.Əliyev istintaqda dindirilən zaman deyib ki, məhkəmədən çıxan zaman ona S.Şükürov yaxınlaşıb.

Bu zaman təqsirləndirilən S.Şükürovun halı pisləşib, məhkəməyə həkim çağırılıb.

Prosesdə fasilə yaranıb.

Qeyd edək ki, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluqda təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovaya isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zamanı məlum olub ki, o, 1958-ci ildə Sabirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə il azadlıqdan məhrum edilib.