BolgeXeber.Com » İqtisadiyyat » Milli Məclisin aqrar siyasət komitəsində torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub

Milli Məclisin aqrar siyasət komitəsində torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub

7-06-2018, 10:59
Oxunub: 3 290 Milli Məclisin aqrar siyasət komitəsində torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olubMilli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi əmlak idarəçiliyində də uğurlu islahatlar həyata keçirilir. Bu sahədə reallaşan mükəmməl layihələrdən biri də ölkə üzrə torpaqların elektron kadastr uçotu işlərinin aparılmasıdır. Bir neçə rayonda bu layihə tam olaraq yekunlaşıb və əldə edilən nəticələr elektron şəkildə aidiyyəti qurumlara təhvil verilib. Görülən işlərin nəticələri ilə bağlı ictimaiyyətə informasiya verilir, təbliğat işləri həyata keçirilir. Bu istiqamətdəki işlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat olub.
Məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır.
Tədbiri giriş nitqi ilə açan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkədə aparılan torpaqların elektron kadastr uçotu işlərinin əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr torpaqlara nəzarətin mükəmməl mexanizmlərinin formalaşmasına, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılmasına imkan verir.
Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirməsi, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində mühüm tapşırıqlar verir. Ölkə başçısı tərəfindən imzalanan 2016-cı il 7 mart tarixli fərmana əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılır və rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə müasir yanaşmalar, elmi texniki nailiyyətlər tətbiq olunur. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib, ixtisaslı kadrlar işə cəlb edilib. Komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, o cümlədən vahid torpaq bazasının yaradılmasına, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir.
Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır. Bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmışdır. Bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir. Bu isə bələdiyyə torpaqlarının daha səmərəli idarə edilməsinə imkan verir.
Daha sonra Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, aparılan torpaq uçotu işləri nəticəsində rayon torpaqlarının ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib. Həmçinin, bələdiyyə xəritələri tərtib edilib, yay otlaqlarının geobotaniki xəritəsi hazırlanıb, o cümlədən torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Torpaqların relyefini, meyillilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub. Ərazilərin əkinə yararlılığını öyrənməyə şərait yaradan münbitlik xəritələri hazırlanıb. Eyni zamanda belə işlər nəticəsində hansı torpaqların eroziyaya uğradığını müəyyən etməyə imkan verən xəritələr də tərtib edilib.
Qeyd edilib ki, görülən işlər nəticəsində torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənir, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaranır.
Eyni zamanda torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunu formalaşdırır. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək.
Həmçinin rayonlarda torpaq fondunun dəqiq uçotu işinin nəticəsində ölkənin ərzaq təhlükəsizliyi məqsədi ilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşib. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması üçün əlverişli şərait yaranıb.
Təqdimatın sonunda Milli Məclis üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib.
Milli Məclisin aqrar siyasət komitəsində torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub
Milli Məclisin aqrar siyasət komitəsində torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub