BolgeXeber.Com » Şou-Biznes » Efirdəki biabırçılıqlar, əlbəyaxalar davam edir...

Efirdəki biabırçılıqlar, əlbəyaxalar davam edir...

9-06-2018, 14:15
Oxunub: 4 170 Efirdəki biabırçılıqlar, əlbəyaxalar davam edir...Qulu Məhərrəmli: “Özünə hörmət edənlər o cür verilişlərə getməkdən imtina edir”

Son vaxtlar efirlərdə baş verən biabırçı olaylar, qalmaqallar, əlbəyaxa davalar yenidən baş alıb gedir. Bu günlərdə “Sirdaş Rövşanə” proqramında qonaqlar arasında əlbəyaxa dava yaşanıb. Belə ki, verilişdə rəqqasə Simona ilə idmançı Amirin mübahisəsi o həddə çatıb ki, onlar bir-birilərinə əl qaldırıblar. İdmançı “Oriyental rəqs görəndə ətim tökülür. Görmək belə istəmirəm” deyib. Verilişdə qonaq olan digər rəqqasə “Mənim də ”kaçok" oğlanlardan zəhləm gedir" deyərək qarşılıq verib. İdmançının yanında əyləşən Simonanın ona xitabən “Biz belə tərbiyəsiz deyilik” deməsi qarşı tərəfi qəzəbləndirib. O, qarşısındakı masanın üzərindəki stəkandakı suyu Simonanın üstünə atıb, ayağı ilə studiyadakı stulu qırıb. Bunun ardınca bir-birinin üzərinə hücum edərək əlbəyaxa dalaşıblar.

Qalmaqal efirdə yayımlandığı andan sosial şəbəkələrdə, mətbuatda tənqid obyektinə çevrilib. Ziyalılar, ictimaiyyət nümayəndələri də efirlərdə baş verən bu cür bayağılaşmaları tənqid edib. O cümlədən millət vəkili Aydın Mirzəzadə bu barədə big.az saytına açıqlama verərkən bildirib ki, televiziyalarda gedən verilişlərdən narazı olanlardan biri elə o, özüdür: “Azərbaycanda telekanallarda kifayət qədər baxılası, tərbiyəvi verilişlər var. Amma təəssüf ki, bir-iki kanalı çıxmaq şərtilə, mənəvi dəyərlərə zərbə vuran verilişlərin sayı həddən artıq çoxdur. Cəmiyyətin etirazına, narazılığına qətiyyən fikir verilmir. Əxlaqı və tərbiyəsi ilə heç cür efirə yaraşmayan insanlar, mövzular saatlarla müzakirəyə çıxarılır. İnsanlara mehribançılıq, ailə dəyərləri deyil, əksinə, bunları dağıdılması təbliğ edilir. Hətta ailədə gizlin müzakirəyə çıxarılan mövzuları zorla cəmiyyətin, gənclərin beyninə yeridirlər.

Bu, çox ciddi məsələdir. Bunun səbəbini soruşanda bu yolla reklam əldə edib, televiziyaların bu cür yaşamasını vurğulayırlar. Məgər bizə bu mövzularla pula işləyən telekanallar lazımdırmı? Televiziyaların sayı az olsun. Amma cəmiyyətə ailəni möhkəmləndirən mövzular təbliğ edilsin. Mən bundan çox narahatam. Bu cür necə davam edəcəyi tək məndə deyil, bir çox ziyalılarda narahatçılığa səbəb olur. Ola bilsin telekanalların inkişafında dünyada belə bir tendensiya var. Amma bu o demək deyil ki, bu cür qüsurlu tendensiya Azərbaycana gətirilməli və beyinlərə yeridilməlidir”.

Deputat onu da qeyd edib ki, televiziyalara mənəvi senzura tətbiq etməyə ehtiyac var: “Buna çox ehtiyac var. Bu belə davam etsə insanlarımız televiziyalara baxmaqdan imtina edəcək. Bu cür verilişlərə, ümumiyyətlə, baxmayacaq. Cəmiyyət xəbərlərdən, aktual və tarixi mövzuları təbliğ edən verilişlərdən başqa heç birinə baxmayaraq buna öz etirazlarını bildirəcək. Məncə, bu məsələ çox ciddi müzakirə olunmalıdır”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) da məsələyə mövqeyi gecikməyib. Qurumun əməkdaşı Təvəkkül Dadaşov qafqazinfo.az saytına açıqlama verərək bildirib ki, adıçəkilən qalmaqalda əsas məsuliyyət aparıcıya aiddir: “Burada gərginlik iştirakçılar arasında baş verib. Əsas məsuliyyət və tələblər aparıcıya aiddir. Əgər aparıcı da bu gərginlikdə tərəf olsaydı, məsələyə başqa cür qiymət verə bilərdik. Amma yenə də deyirəm, şoudu, müzakirə verilişidir. Müəyyən fikir ayrılıqları, mübahisələr, gərginliklər ola bilər.

Bu, xarici ölkə televiziyalarında da olur. Bəzən görürsən ki, iştirakçılar arasında gərginlik yaşanır, aparıcı və ya digər personal vəziyyəti nəzarət altına almaqda çətinlik çəkirlər. Lakin bütün bunlarla yanaşı, bütün yayımçılar, xüsusilə verilişlərin yaradıcı heyəti dəvət olunan iştirakçıların seçilməsində diqqətli olmalıdırlar. Ümumilikdə bu sektorda çalışan hər kəs milli efirimizin səviyyəsinin yüksəldilməsində maraqlı olmalıdır".

Qalmaqal səngiməmiş ardınca adıçəkilən verilişdə yenidən qeyri-etik ifadə səslənib. Belə ki, normal qaydada çıxış edən tibb mütəxəssisi sonda təəccüblü cümlə ilə nitqini bitirib. Onun “Ərinizlə aranızı yox, məmənizi düzəldə bilərəm” deməsi narazılıq doğurub.

Həkimin sözləri birmənalı qarşılanmayıb və veriliş ona görə tənqid olunub.

“Xüsusən son illərdə tamaşaçıların televiziya proqramlarından narazı qalması, xüsusən aşağı səviyyəli, bayağı şouların ekranda kəmiyyət etibarı ilə çoxalması bu faktdır, prosesdir və bu proses getdikcə dərinləşir”.


Bu sözləri isə tanınmış teletənqidçi Qulu Məhərrəmli “yeni Müsavat”a danışarkən deyib. O qeyd edib ki, hazırda tamaşaçının keyfiyyətli şouya ehtiyacı var: “Çünki şou da informasiya verməyin, zövq formalaşdırmağın bir yolu, üslubu, formasıdır. Lakin çox təəssüf ki, bizdə bunu bacaran adamlar azdır. Bu mənada yaxşı prodüserlər, layihələr azdır. Proqramların hamısı bir-birinə oxşayır. Aparıcılar, onların iştirakçıları, təfəkkür, düşüncə, davranışlar bir-birinə çox yaxındır”.

Teletənqidçi qeyd edib ki, millət vəkili Aydın Mirzəzadənin senzura ilə bağlı fikri ilə razı deyil: “Efirə heç cür senzura tətbiq etmək olmaz. Onsuz da efirlərə həm daxildən, həm də ”yuxarıdan" müəyyən bir nəzarət var. Amma bu nəzarət daha çox ideoloji məqsəd daşıdığı üçün anlaşılmır ki, axı keyfiyyətsiz şoular mahiyyət etibarı ilə bu ideologiyanın dəsti-xəttinin özünə ciddi zərbə vurur. Ona görə də yenidən bir qurum yaratmaq, senzura tətbiq etmək qətiyyən yolverilməzdir. Bunun çox sadə bir yolu var, bu ondan ibarətdir ki, “çörəyi çörəkçiyə vermək lazımdır”, yəni işi bacaranlara həvalə etmək lazımdır. Bu işlə peşəkarlar məşğul olmalı, peşəkar tələblər qoyulmalıdır".

Qulu Məhərrəmlinin sözlərinə görə, mövcud problemlər son illərdə televiziyalarda gedən bayağılaşmanın nəticəsidir:

“Çünki peşəkarlar televiziyadan çox uzaqdır. Özünə hörmət edənlər o cür proqramlara getməkdən imtina edir. Bir çox adamlara isə televiziyaların özləri ”qara siyahı" vasitəsilə senzura tətbiq edib. Efirlərdə maraqlı ictimai müzakirələr, cəmiyyəti düşündürən məsələlərə münasibət yoxdur. Halbuki televiziyalar bu məsələlərdə dirijor rolunu oynamalıdır, o mənada ki, sənət, estetik meyarları baxımından, həm də davranış etika baxımından nümunə olmalıdır.

Televiziya anlayışı daha çox dəbdir. Bura gələnlər, danışanlar unutmamalıdırlar ki, ekrandakı davranış bizim həyatdakı məişətin davamıdır. Bu davranış daha çərçivəlidir. Çünki ona milyonlar baxır, onu məişət səviyyəsinə yendirmək, bayağılşadırmaq olmaz".