BolgeXeber.Com » Xəbərlər » “Vnimatelni” müəllimlər telefonu əlimizdən alırlar” -Məktəblərdə mobil telefon problemi – VİDEO

“Vnimatelni” müəllimlər telefonu əlimizdən alırlar” -Məktəblərdə mobil telefon problemi – VİDEO

9-06-2018, 16:30
Oxunub: 2 975 “Vnimatelni” müəllimlər telefonu əlimizdən alırlar” -Məktəblərdə mobil telefon problemi – VİDEOMobil telefonlardan istifadənin insan sağlamlığı üçün nə qədər ziyanlı olduğunu çoxları bilir

Məktəblilərin telefona bağlılığı isə daha böyük ziyan vurur. Bir sıra ölkələr bu halın qarşısını almaq üçün sərt tədbirlərə əl atır.

ARB TV mövzu ilə bağlı reportaj hazırlayıb.

Yeganə Hüseynova – Müəllim: “Təbii ki, bizim də məktəbdə istifadə eliyənlər var, amma bir müəllim kimi mən bunun əleyhinəyəm. Qadağan olunsa mənə elə gəlir ki, daha əlverişli olar”.

Doğrusu uzun zamandır məktəbə yolu düşməyən biri kimi bu gün üz tutduğum təhsil ocağındakı smartfon mühiti məni heyrətləndirdi. Çəkilişə getməzdən əvvəl operatora sujetə lazım olan kadrları tapa bilməyəcəyimizdən narahat olduğumu demişdim. Amma oprerator rahat şəkildə o qədər kadr çəkdi ki, montaj vaxtı aralarında seçim etməli olduq.

Ekspertlərin səsləndirdikləri fikirlərə görə Azərbaycanda mövcud olan 4500-ə yaxın orta ümumtəhsil məktəbində təhsil alan 1 milyon 600 min şagirdin böyük əksəriyyəti mobil telefona sahibdir. İbtidai sinifləri saymasaq hər şagirdin smartfonu olduğu deyilir. Olsun, bəs məktəblərdə ondan istifadə necə tənzimlənir?

Yeganə Hüseynova – Müəllim: “Özüm sinif rəhbəriyəm. Uşaqlar gəlir, sinfə girən kimi müəyyən olunmuş yerə telefonları qoyurlar və gedəndə də götürürlər”.

Raul Abdullayev – Şagird: “ “Vnimatelni” müəllimlər olur, alırlar telefonu əlimizdən. Amma çox vaxtı istifadə edirik”.

Ağahüseyn Əlizadə - Şagird: “İstifadə etmək olmaz. Ancaq sinifdən sonra istifadə edirik”.

Ölkənin bugünkü təhsil sistemində müəyyən bilgilər var ki, kitablar yox, elektron daşıyıcılar vasitəsilə şagirdlərin nəzərinə çatdırılır. Bəlkə şagirdlər arasında bu qədər smartfonlaşma bununla əlaqəlidir.

Kamran Əsədov – Təhsil eksperti: “E-dərslik, e-test. Bu kimi elektron portallar var ki, 1,6 milyon şagird olan bir təhsil mühitinin oradan istifadə sayı cəmi 100.000 nəfərdir. Bu olduqca aşağı rəqəmdir və onu göstərir ki, orta məktəblərdə şagirdlər internet saytları, sosial şəbəkələrdən istifadə edirlər. Bu heç də təhsil mühitinin formalaşmasını göstərmir”.

Şagirdlərin smartfon daşımasını qadağan edən Fransa və digər ölkələrdə bu qanunun yaradılmasına əsas səbəblər arasında mobil telefonun tədris prosesini pozması, daha vacibi isə şagirdlərin sağlamlığına ciddi ziyan vurması göstərilir. Yaddan çıxarmamalıyıq ki, bizim məktəblilərin istifadə etdiyi bu telefonlar da elə Fransa və digərlərindəkindəndir. Tədrisə də, sağlamlığa da vurduğu ziyanı ilə.