BolgeXeber.Com » Xəbərlər » "Leş ət mafiyasını bələdiyyələr və digər qurumlar dəstəkləyir"

"Leş ət mafiyasını bələdiyyələr və digər qurumlar dəstəkləyir"

11-06-2018, 15:30
Oxunub: 2 517 "Leş ət mafiyasını bələdiyyələr və digər qurumlar dəstəkləyir"Azərbaycanda leş ət mafiyası yenidən fəaliyyətə başlayıb. Uzun müddətdir ki, ölkədə leş ət mafiyasına qarşı mübarizə aparılsa da, onların fəaliyyətinə son qoyulmur

Belə ki, ötən həftə Xaçmaz rayonunda 250 kiloqram çəkidə olan yararsız at əti aşkar edilib. Yayılan rəsmi məlumatda qeyd olunub ki, iyunun 7-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə rayonun Çağacuq çayı ərazisində “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan, sümükdən ayrılmış 250 kq (iki yüz əlli ) çəkidə olan at əti aşkar olunub.

Avtomobildə aşkar edilmiş 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılmış ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Araşdırmalar zamanı ətin Xaçmaz şəhəri, M.F.Axundov 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olduğu müəyyən edilib. Avtomobildə aşkar olunan at ətləri müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Qeyd olunub ki, ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Ölkədə leş ət mafiyasının fəaliyyəti ilə bağlı mətbuatda çoxsaylı yazılar dərc olunması, müvafiq qurumların keçirdikləri əməliyyatlarla bərabər, məsələ Milli Məclisdə də müzakirə edilib. Belə ki, Milli Məclisin deputatı Tahir Kərimli bildirmişdi ki, məsələnin Cinayət Məcəlləsində xüsusi maddə şəklində yer almasına ehtiyac var: “Hüququn bir mənbəyi də adətdir. Bizim adətimiz var və bu qanun şəklini almalıdır. Müsəlman xalqları var, məsələn, qazaxlar, qırğızlar, bunlar at əti yeyir. Azərbaycanda isə bu əti yeyən yoxdur. Bizim milli mətbəximizdə at və eşşək əti yoxdur. Ağsu rayonunun Nuran kəndində bir eşşək 50 manata satılır. Bir neçə il əvvəl bu kənddə yas məclisində idim. Dedilər ki, nə qədər eşşək var, hamısını 50 manatdan alıb aparıblar”, - deyə Tahir Kərimli söyləmişdi.

Daha öncə də məlumat verdiyimiz kimi, ötən ilin fevralında prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmənin, risklərin təhlilinin, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Artıq bu ilin ilk ayından etibarən agentlik öz fəaliyyətinə başlayıb. Bəs bu agentlik leş ət mafiyasına necə nəzarət edəcək, bu da açıq qalan suallardandır.

“Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, 20 ildir ki, leş əti satanları ifşa etməyə çalışırlar: “Bu məsələdə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. Keçən ilin may ayından başlayaraq, onlar leş əti satanları dəfələrlə ifşa ediblər. Bu idarənin üstünlüyü ondadır ki, onlar cinayət işi hadisələrinin üzərində işləyirlər. Günahkarları cərimələyib, buraxmırlar. Lakin digər dövlət orqanları cərimə etdikdən sonra şəxsi buraxırlar. Bu vaxta qədər də leş ətləri tələb edən tərəf tapılmayıb. Düşünürəm ki, təhlükəli qida ilə bağlı məsələlər Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır. Qida Təhlükəsizliyi Agentliyi də yanvardan fəaliyyətə başlasa da bildirirlər ki, işlərinə iyul ayından start verəcəklər. Biz birlik olaraq onlara dəfələrlə şikayətlər göndərmişik ki, istehlakçıların hüquqları pozulub. Ancaq bütün bu şikayətlərimizə rəğmən, ortada heç bir nəticə yoxdur. Qida Təhlükəsizliyi Agentliyi qarşısında çox ciddi və əhəmiyyətli məsuliyyətlər qoyulub. Lakin təəssüflər olsun ki, onlar nə ictimaiyyətlə, nə də kütləvi informasiya vasitələri ilə iş aparmağa hazır deyillər. İctimaiyyətin də dəstəyi olmadan heç bir uğurlu nəticə əldə etmək mümkün deyil. Onlardan vəziyyəti dəyişmələrini gözləyirik. Leş mafiyası tam ifşa olunmalı, bu məsələyə son qoyulmalıdır. Mafiyanı yerli bələdiyyələr və digər qurumların rəhbərləri dəstəkləyirlər. Heyvan cəmdəyə çevriləndən sonra bunu sübut etmək çətindir. Əhali də məsələdə fəal olmalıdır. Neçə ildir iş aparırıq, ancaq ciddi, böyük nəticələr əldə edə bilməmişik. Burada vətəndaşların özündə də günah var ki, heyvan öləndən sonra bunu 20-30 manata belə leş kimi kimisə satır. İkinci bir tərəf də odur ki, tələb olduğu üçün təklif də var. Tələb edib alırlar, ona görə də bu cür satanlar var. Ona nail olmaq lazımdır ki. bu leş ətlər hansı sexlərə, restoranlara verilir? Sovet dönəmində belə bir hal olsaydı, həmin adamın 7-ci nəslinin də başına vurardılar ki, sənin baban camaata murdar ət satmışdı. Bir çox ölkələrdə belə hallar olmasa da, təəssüf ki, Azərbaycanda bu cür əcaib məsələ davam etməkdədir”.