BolgeXeber.Com » Xəbərlər » Şirvan Olimpiya İdman Kompleksində idmanın inkişafı üçün hər bir şərait yaradılıb

Şirvan Olimpiya İdman Kompleksində idmanın inkişafı üçün hər bir şərait yaradılıb

4-07-2018, 15:03
Oxunub: 4 307 Şirvan Olimpiya İdman Kompleksində idmanın inkişafı üçün hər bir şərait yaradılıbSağlam bədəndə sağlam ruh olar deyiblər

Sağlamlıq həm də fiziki və mənəvi kamillikdir. Həqiqətən də idmanın kütləvi hal almasında, gənclərin asudə vaxtlarının səmərəli keçməsində, onların pis vərdişlərdən uzaq olmasında bölgələrdə fəaliyyət göstərən olimpiya idman komplekslərinin, digər idman qurğularının əhəmiyyəti böyükdür. Bolgexeber.com bildirir ki,Şirvan Olimpiya İdman Kompleksi 2013-cü ildə istifadəyə verilmişdir. Burada 800 tamaşaçı yeri olan böyük idman zalı, 270 tamaşaçı tutumlu 50 metrlik üzgüçülük hovuzu, 220 tamaşaçı yeri olan güləş, cüdo, boks, trenajor, 55 nəfərlik konfrans zalları, açıq havada 1200 yerlik futbol, tennis meydançaları, 36 yerlik mehmanxana, habelə yeməkxana var. Dünya standartlarına cavab verən kompleks müasir idman avadanlıqları ilə təchiz edilmişdir. İstilik, elektrik enerjisi, su, kanalizasiya sistemi kompleksin bütün fəsillərdə səmərəli fəaliyyət göstərməsi üçün şərait yaratmışdır.
Kompleksdə 9 idman növü - sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, futbol, üzgüçülük, bədii gimnastika, kinqboks və əlbəyaxa döyüş üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələrdə 200 nəfərdən çox yeniyetmə və gənc məşğul olur. Eyni zamanda şəhər idman və gənclər idarəsinin və təhsil şöbəsinin uşaq-gənclər idman məktəbinin idmançıları da müntəzəm olaraq burada məşqlər edirlər.
Gənclər və İdman Nazirliyinin tabeliyindəki kompleksə İlham Səfərov rəhbərlik edir.O vaxtdan 5 ildən də çox keçir. Əldə olunan nəticələr deməyə əsas verir ki, kompleks nazirliyin və şəhər rəhbərliyinin, eləcə də gənclərin, idmançıların gözləntilərini doğrulda bilib. Bu, 4 hektar ərazisi olan kompleksə qədəm qoyan anda hiss olunur. Hər tərəfdə səliqə-sahman hökm sürür. Həyətdə əkilmiş ağaclar, gül kolları yazın nəfəsi gələn kimi buranı daha gözəl edir. Kompleksin daxili isə fəsildən asılı olmayaraq hər zaman mübarizə, əzm, iradə meydanıdır. Şirvan Olimpiya İdman Kompleksinin müdiri İlham Səfərov Bolgexeber.com-a açıqlamsında qeyd etdi ki,fiziki və mənəvi cəhətdən sağlam yeniyetmələri, gəncləri olan dövlətin gələcəyi də sağlamdır. “Biz bundan sonra da yüksək hazırlıqlı kadrların,Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançıların ,sağlam nəslin yetişdirilməsi, həmçinin Şirvanda idmanın təbliğ olunması üçün əlindən gələni etməyə çalışacağıq və dövlət bunun üçün hər bir şərait yaradıb”,-İlham Səfərov bildirdi.