BolgeXeber.Com » Xəbərlər » Radikal dinə qarşı qəhrəman DİN: - General və komandası dövlət keşiyində

Radikal dinə qarşı qəhrəman DİN: - General və komandası dövlət keşiyində

12-07-2018, 14:03
Oxunub: 2 873 Radikal dinə qarşı qəhrəman DİN: - General və komandası dövlət keşiyindəTarixin qəribə təsadüfləri olur və bu təsadüflərin bir çoxu rəqəmlər üzərində qurulur

ZAMAN 100 il öncə: 1918-ci il 2 iyul. MƏKAN: Gəncə şəhəri. Azərbaycan Xalq Cumhuriyyətinin Milli hökumətinin 24 iyun 1918-ci il tarixli 178 nömrəli qərarına əsasən, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanları yaradılaraq ştatları təsdiqləndi. Və bunula da AZƏRBAYCAN POLİSİ yaradıldı.
Düz 100 il 10 gün sonra. ZAMAN 2018-ci il 10 iyul. MƏKAN: Gəncə şəhəri. Azərbaycan dövlətçiliyinə qarşı qara din pərdəsiylə maskalanan bir qrupa qarşı sinəsini sipər edən pilisimiz iki şəhid verdi. İki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldu. Cəmi 10 gün öncə Azərbaycan polisi 100 yaşını qeyd etmişdi. Təntənəli tədbir də olmuşdu, təltiflər də, təbriklər də, medullar da. Amma bu iki şəhid polkovnik 100 yaşlı qocaman polisimizin eyni yaşlı dövlətimizin yaxasında əbədi parlaq medal kimi qalacaq.
11 iyulda Gəncədə sadəcə kiçik bir qrupun Azərbaycan dövlətinə qarşı böyük güclərin ssenarisi ilə uğursuz tamaşası qurulmuşdu. Gerizəkalılar unudurlar ki, bu “Ya hüseyn” deyib üzərinə getməklə dağıdılacaq bir qurum deyil. Dünyanı əsgəri və texnikası ilə mat qoyan parade imza atmış, bayrağı dünya bayraqları ilə bir dalğalanan qürura sahib və nəhayət varlığı üçün sonuncu vətəndaşının belə şəhid olmağa hazır olan bir DÖVLƏT var ortada. Bir də bu dövlətin ən ağır vaxtlarında meydanda olan AZƏRBAYCAN POLİSİ var. 100 yaşlı polisimizin istiqlal və dövlət yolunda bu ilk şəhidi deyil ki. Vətən savaşında 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü. Bu rəqəmlər yalnız statistika deyil, əslində, 100 yaşlı polisimizin qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir.
Ən yaxın tariximiz: Mingəçevir olayı. Bütün ölkə qaranlığa qərq oldu. Hadisə baş verən günün səhəri şəhərdə hərəkətin təhlükəsizliyi təmin edilməsəydi və bunun nəticəsində şəhərdə nəqliyyat iflic vəziyyətinə düşsəydi, bir neçə milyon insanlar günün altında problemlərlə üzləşməli olacaqdı. Çünki metro işləmədiyi halda, avtobuslar və şəxsi minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi, öz üzərilərinə peşə borclarının layiqincə yerinə yetirilməklə bərabər, 100 minlərlə insana diqqət və qayğının göstərilməsidir. Hər işıqforun yanında bir neçə polis əməkdaşı günün altında hərəkətin təhlükəsizliyini təmin etdi. Dövlət Yol Polisinin, həm də polisin digər qurumlarının və digər hüquq-mühafizə orqanları əməkdaşları öz xidməti borclarını layiqincə yerinə yetirməklə bir daha göstərdilər ki, bu cür fövqəladə hallarda xalqın yanındadırlar və problemin həllində insanlara köməklik göstərirlər. Polis təkcə müəyyən obyektlərin mühafizəsilə deyil, həm də insanların evlərinə çatdırılması üçün çalışdı. Metro tunellərində qalmış adamların çıxarılması üçün polis forması geyinmiş şəxslərin hərəkəti böyük qürur hissi yaratdı. 100 yaşlı polisimizin insanlar qorumaq üçün belə çevik, operativ fəaliyyət göstərməsi təbii ki, fəxr olunası hadisədir.
Bu faktları xeyli artırmaq olar. Üç il öncə Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı polisin öz həyatını təhlükəyə ataraq vətəndaşları xilas etməsindən tutmuş, dini terrorçular, cinayətkarlarla qanlı atışmalaradək. Bunlar çiynində Ay Ulduz daşıyan Azərbaycan polisinin dövlət, sabitlik və istiqlal uğrunda safaşından yalnız fraqmentlərdir. Daxili işlər orqanları kimi bir qurumu, böyük bir nazirliyi, bəlkə də ştat vahidinə görə Azərbaycanda ən çox əməkdaşı olan bir nazirliyi indiki formada saxlamaqla və eyni zamanda bu keçid dövründə daxili işlər orqanlarına rəhbərlik edə-edə, həm də bu qurumda böyük islahatlar aparmaqla bugünkü Azərbaycan polisinin ərsəyə gətirilməsində Daxili İşlər Naziri General-Polkovnik Ramil Usubovun xüsusi yeri və rolu var. Bundan başqa, Azərəbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasında və bugünkü ictimai-siyasi sabitliyin təmin olunmasında daxili işlər orqanlarının, o cümlədən cənab nazirin öz yeri və fəaliyyəti var. Təsadüfi deyil ki, Heydər Əliyevin Ramil Usubova hər zaman böyük etimadı olub. Bir müddət mətbuatda Ramil Usubov işdən çıxarılacaq başlıqlı yazılar gedirdi. Həmin vaxt jurnalistlərə açıqlama verən Heydər Əliyev Usubov haqqında bu sözləri deyir:“Ramil Usubovdan və DİN-in işindən çox razıyam. Usubovla biz böyük bir yol keçmişik. Neçə-neçə cinayətlərin qarşısını almışıq. Belə xidmət göstərən bir şəxsdən necə narazı qala bilərəm? Mən Usubova etibar edirəm və edəcəyəm. Nə vaxta kimi mən varam, Usubov da var. Bir liderin idarəçilik stilində çox nadir hallarda rast gəlinən belə açıq etimad səhnələri yəqin ki, hakimiyyət səlnaməçilərinin yaddaşlarından silinməyib. Nəhəng bir imperiyanın zirvəsində hər zaman insan dünyaları ilə işləmiş Heydər Əliyevin etibarını qazanmaq təkcə sədaqət və dönməzliklə deyil, həm də sərtlik tələb edən hüquq-mühafizə orqanları sistemində peşəkarlıqla, yüksək səriştə ilə, təşəbbüskarlıqla qazanıla bilərdi. Bir sözlə, 90-cı illərdə siyasi və iqtisadi cəhətdən təcridolunmuş Naxçıvan Muxtar Respublikasında böyük sınaqlardan keçən komanda üzvlərini sonralar paytaxta-böyük idarəçiliyə gətirən Birinci şəxsdən alınan yüksək qiymət fonunda başqa epitetlərə ehtiyac qalmır. Ramil Usubov müstəqil dövlətçilik tariximizin həqiqi generallarından biridir. Bu gün bu GENERAL öz komandası ilə Azərbaycan Dövlətinin keşiyindədir. Bu yolun şəhidi də olacaq, qələbəsi də. Başın sağ olsun, cənab General! Başın sağ olsun, Vətən! Şəhidlərimizin ruhu naminə QƏLƏBƏ gününə doğru!…
Nəsimi Şərəfxanlı, Cumhuriyyet.az