BolgeXeber.Com » Müsahibə-Reportaj » İcra başçısı intihar edən baş həkimdən danışdı

İcra başçısı intihar edən baş həkimdən danışdı

6-03-2011, 14:05
Oxunub: 6 847
Goranboyda mərkəzi xəstəxananın sabiq baş həkimi Faiq Abdullayevin intiharı ilə bağlı yeni məlumatlar əldə etmişik.

Həmin məlumatları oxuculara təqdim etməmişdən əvvəl yada salaq ki, Faiq Abdullayev martın 4-ü axşam saatlarında xəstəxananın üçüncü mərtəbəsindən özünü atıb. Sabiq baş həkim elə hadisə yerində keçinib. Məlumatlara görə, Faiq Abdullayevi intihara Goranboyun icra başçısı Nizaməddin Quliyev vadar edib. Nizaməddin Quliyev bir neçə ay əvvəl vəzifəsindən uzaqlaşdırılan sabiq baş hakimi təhdid edirmiş. Bir müddət əvvəl rayon icra hakimiyyətinə çağırılan Faiq Abdullayevə bildirilib ki, xəstəxananın təmirinə kömək etməlidir. Çünki onun vaxtında xeyli yeyintilərə yol verilib. Sabiq baş həkim bununla razılaşmayıb. Faiq Abdullayevin yaxınlarının sözlərinə görə, həmin vaxt icra başçısı onu həbs etdirməklə hədələyib.

Intihardan əvvəl isə sabiq baş həkimin mobil telefonuna zəng gəlib. Həmin vaxt Abdullayevin yanında olmuş tibb bacısının mərhumun yaxınlarına bildirdiyinə görə, sözügedən zəngdən sonra o, “mən artıq bezdim” deyərək, özünü üçüncü mərtəbədən atıb. Intihardan dərhal sonra hadisə yerinə Nizaməddin Quliyev və onun birinci müavini Baxış Abdullayev də gəlib. Mərhumun qohumlarıyla onların arasında insident yaşanıb. Faiq Abdullayevin yaxınları icra başçısı və müavinini sabiq baş həkimin ölümündə ittiham edərək, onları hadisə yerindən qovublar. Yalnız polisin müdaxiləsindən sonra ara nisbətən sakitləşib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

“Onu sən öldürdün, o qədər pul onda hardan ola bilərdi...”

Yeni məlumatlara görə, icra başçısı Faiq Abdullayevdən 60 min dollar tələb edib. O, qısa müddət ərzində bu pulu verməyəcəyi halda baş həkim işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə həbs ediləcəyi ilə hədələnib. Məlumatda həmçinin bildirilir ki, intihardan əvvəl Faiq Abdullayevə Nizaməddin Quliyevin müavini Baxış Abdullayev zəng edib və pulu tələb edib. Bu baxımdan da sabiq baş həkimin yaxınları intihar hadisəsində icra başçısını təqsirli sayırlar. Məlumatlara görə, dünən səhər saatlarında Faiq Abdullayevin yaxınları icra hakimiyyətinə hücum edib. Sabiq baş həkimin xanımı Gülnarə Abdullayevə Nizaməddin Quliyevin ünvanına kəskin ittihamlar səsləndirib. Hadisə baş verən gün isə sabiq baş həkimin həyat yoldaşı icra başçısına “onu sən öldürdün, onda bu qədər pul hardan ola bilərdi. Niyə ondan bu qədər pulu istədin? Mən bu işi belə qoymayacağam. Prezidentə yazacağam” - deyib.

Sabiq baş həkimin qardaşı Rizvan Abdullayev “Azadlıq”a açıqlamasında bildirib ki, Faiq Abdullayevin cəsədi doğma yurdu Tərtərin Cəmilli kəndinə gətirilib və orada torpağa tapşırılıb. O, qardaşının hansı səbəbdən intihar etməsi barədə heç nə deyə bilməyəcəyini söyləyib. Bu məsələdə icra başçısının adının hallanmasına gəlincə, “mən Tərtərdə yaşayıram, bu işlərdən xəbərim yoxdur, amma araşdırırıq” - deyə Rizvan Abdullayev bildirib.

Goranboydakı mənbəmizdən aldığımız məlumata görə isə rayonda hamı Faiq Abdullayevin intiharını sabiq baş həkimlə Nizaməddin Quliyev arasında olan konfliktlə bağlayır. Lakin əhali bu konfliktin konkret nədən ibarət olduğunu deməkdə çətinlik çəkir.

“Onun işində nöqsanlar olub, mən də sözümü demişəm”

Hadisə ilə bağlı Nizaməddin Quliyevlə də əlaqə saxladıq. Icra başçısı bizimlə söhbətində barəsində deyilənlərin doğru olmadığını bildirib: “Mərhumla mənim aramda hər hansı konflikt olmayıb. O, ötən il may ayının 17-də öz ərizəsilə işdən azad edilib. Ola bilsin ki, məndən əvvəl onun hansısa problemi olub. Lakin bunun mənə aidiyyatı yoxdur. Mən icra başçısı təyin olunandan rayonda baş verənlərə cavabdehəm”.

Nizaməddin Quliyevin iddiasına görə, Faiq Abdullayev baş həkim olanda işində müəyyən nöqsanlar olub: “Fəaliyyətində bəzi nöqsanlar olub, mən də sözümü demişəm. Sonradan o gördü ki, məndən əvvəl işlədiyi kimi işləyə bilmir, ona görə də ərizə yazıb işdən çıxdı. Bundan sonra mənim onun fəaliyyətilə bağlı hər hansı söhbətim olmayıb. Deyirlər ki, mən ona xəstəxananı təmir etməyi tapşırmışam. Belə söhbət yoxdur. Goranboydakı xəstəxana o qədər böyükdür ki, biz onun bir şöbəsinin təmirini iki ilə bölürük. Yəni, bu irilikdə xəstəxananın təmirini mən necə Faiq Abdullayevə tapşıra bilərəm? Bu, mümkün deyil axı. Heç ondan köməklik göstərməsini də tələb etməmişəm. Dövlət büdcəsinin hesabına xəstəxanada təmir işləri aparılıb”.

Nizaməddin Quliyev keçmiş müavinlərini ittiham etdi


Icra başçısı müavini Baxış Abdullayevin də bu məsələdə hər hansı təqsiri olmadığını bildirib: “Araşdıra bilərlər. Deyirlər intihardan əvvəl ona zəng olub. Buyurub yoxlasınlar görək kim zəng edib ona. Nə mən zəng etmişəm, nə də müavinlərimdən ona zəng edən olub. Bunu araşdırıb müəyyənləşdirmək o qədər çətin iş deyil”.
Intihardan dərhal sonra hadisə yerinə getdiyini deyən Nizaməddin Quliyev orada hər hansı insidentin baş vermədiyini bildirib: “Mən dərhal hadisə yerinə getdim. Polis rəisi ilə danışdım. Rəis mənə dedi ki, burada nəsə müəmmalı iş var. Faiq Abdullayevin qohumları ilə aramda da heç bir insident baş verməyib. Sadəcə onun həyat yoldaşı camaatın içində mənə dedi ki, niyə onu işləməyə qoymadın. Mən də dedim ki, o öz ərizəsilə işdən çıxıb. Mən işdən çıxmaq istəyən adamı necə işləməyə məcbur edə bilərəm?!”

Icra başçısı hesab edir ki, adının intihar hadisəsində hallandırılması rəqiblərinin işidir: “Mənim müavinlərim var idi, onları işdən çıxarmışam. Çünki onlar mən icra başçısı təyin olunana kimi qanunsuz əməllərlə məşğul olublar. Mən, icra başçısı onlara dedim ki, bu əməllərinə son qoymalısınız. Amma bu, baş vermədi. Mən də onları işdən çıxardım. Onlar da mənə qarşı kampaniya aparırlar”.

Nizaməddin Quliyev həmin şəxslərin adlarını çəkməsə də, araşdırmalarımız zamanı icra başçısının kimləri ittiham etdiyini öyrənə bildik. Bəlli oldu ki, Nizaməddin Quliyevin ittiham etdiyi sabiq müavinləri Ceyhun Həsənovla, Hacı Məhəmməd Aşurovdur. Hər iki şəxslə icra başçısının münasibətləri qarşıdurma səviyyəsindədir. Buna səbəb Nizaməddin Quliyevin icra başçısı təyin olunandan sonra bu adamlarla işləmək istəməməsidir.

“Azadlıq” qəzeti