BolgeXeber.Com » İdman » Kamal Quliyev: “Neftçi” rəhbərliyindən iyrənirəm, onlar leş iyinə gələnlərdi

Kamal Quliyev: “Neftçi” rəhbərliyindən iyrənirəm, onlar leş iyinə gələnlərdi

31-07-2018, 15:12
Oxunub: 4 622 Kamal Quliyev: “Neftçi” rəhbərliyindən iyrənirəm, onlar leş iyinə gələnlərdi“Neftçi” Futbol Akademiyasının sabiq baş seleksiyaçısı Kamal Quliyevin apasport.az saytına müsahibəsi



- “Neftçi”dən uzaqlaşdırıldıqdan sonra SOCAR-a müraciət edəcəyinizi demişdiniz. Bunu etdinizmi?



- Müraciət eləmişəm, indi cavab gözləyirəm.



- Konkret istəyiniz nədi, yenidən “Neftçi”yə qayıtmaq?

- İstəyim odu ki, orda baş verən prosesləri, mənə qarşı olan haqsızlıqları ifşa edim. İndi futbol da monopoliyadı. Hamının öz qrupu, adamı var. Getdiyim yerdə mənə etibar edənlərin inamını doğruldan insanam. Mənim barəmdə deyilən söhbətlərin yalan olduğunu sübut etmək fikrindəyəm. Heç orda işləmək istəmirəm. “Neftçi” rəhbərliyindən iyrənirəm. Sadəcə, istəyirəm bilsinlər ki, məni ora təyin edən insanlara qarşı nə nankorluq, nə də xəyanət etmişəm. O mühitdə işləmək mümkün deyil. Kollektiv bir ailə deməkdi. Ailədə isə ayrı-seçkiliyə yol verməməlisən. Onlar dildə ailə deyirlər.



- Yeri gəlmişkən, klubun idman direktoru Ceyhun Sultanov sizi yalançılıqla, intizamsızlıqla kollektivə mənfi təsir göstərməkdə ittiham edib. Bildirib ki, aşağı yaş qrupu üzrə oyuna baxmaq üçün bazanı tərk etsəniz də, başqa yerə gedirdiniz. Bu, həqiqətən də, belə olub?

- Başqa nə deyəcək? Mən onlara yazıq insan gözü ilə baxıram. Heç xəbərləri olurdu ki, Kamal Quliyev hansı yaş qrupunun məşqini və ya oyununu izləyir? Onlar akademiyadan xəbərsizdilər. Klubda olmayan şeyi məndən tələb edən Ceyhun Sultanov üçün bunu deməyə nə var ki.



- Sultanov onu da söyləyib ki, elə bil leşyeyənlər kimi pusquda dayanmışdılar, büdrəməyimizi gözləyirdilər ki, üstümüzə tökülsünlər...

- Bizə leşyeyən deyir? Əgər bu ifadəni mənə ünvanlayırsa, buna görə cavab verəcək. Biz leşyeyəniksə, onlar da leş iyinə gələnlərdi. Leşi aslan, pələng yeyər. Amma leşin iyinə gələnlər qıraqda quyruq bulayanlardı.



- Bu arada, Ruslan Abışovun zədələnməsindən sonra “Neftçi” yeni əcnəbi müdafiəçi axtarışına çıxıb. Halbuki, klubun əvəzedici heyətində, aşağı yaş qruplarında Ömər Buludov, Elvin Sərkərov, Rəhman Daşdəmirov, Mahir Həsənov, Mehmet Ali Serin və Mirəli Əhmədov kimi kifayət qədər bacarıqlı uşaqlar var. Onların Slavko Braliçdən nəyi zəifdi?

- “Neftçi”də həmişə istedadlı futbolçular olub. Bədbəxtlik də budu ki, istedadları saxlaya bilmirlər, gənclərə güvənmirlər. Sizə verdiyim əvvəlki müsahibəmdə də dediyim kimi, orda Ceyhun Sultanov, Kamran Quliyev heç nə həll etmirlər. Bunu edənlər başqalarıdı. Əvəzedici heyətdə çıxış edən mərkəz müdafiəçisi Braliçdən ikiqat güclüdü. Gətirdikləri futbolçu budu də. “Neftçi”nin aşağı yaş qruplarında istedadlı uşaqlar var. Sadəcə, onlara diqqət yetirmək lazımdı. Həmin Ceyhun Sultanov 500 manata gələcəyin 500 minlik futbolçusunu əldən buraxdı. Mingəçevirdən uşaq gəlmişdi, məktəb keçməsə də, yüksək istedadı var idi. 500 manata sənədlərini alıb getdi. “Neftçi” bəyəm 500 manata qalacaq duruma düşüb? Halbuki o, gələcəkdə “Neftçi”yə böyük xeyir verə bilərdi. İstedadı fərqləndirməlisən, ona yaxşı baxmalı, 60-70 manatlıq yox, orijinal buts almalısan. Belə uşağın yeməyinə, yatmağına nəzarət etmək şərtdi. Çünki gələcəyin 500 minlik oyunçusunu qazanırsan. Amma “Neftçi” rəhbərliyi belə bir uşağı qaçırtdı.



- Qədir Bayramov, Mehman Məsimov, İsmayıl Zülfüqarlı kimi istedadlı yarımmüdafiəçilər niyə yalnız aşağı yaş qruplarında parlayır, sonradan yoxa çıxırlar? Onları da əsas heyətlə məşqlərə cəlb etmək olmazdımı?

- 19 yaşlı istedadlı bir hücumçunu satdılar “Qarabağ”a, heç pulu da gəlib çıxmadı. Akademiyada əsas komandaya namizəd olacaq bacarığa malik Şıxmirzə adlı uşaq var idi. Onu göndərdilər əsgərliyə. Mehman Məsimov da istedadlı futbolçudu, yaxşı sürəti var. Amma o da əsgərliyə getməyə hazırlaşır. Mən orda olanda görürdüm ki, onlara baxan yoxdu, bilmirlər nə etsinlər.



- "Neftçi"nin öz istedadlı yetirmələrinə bu cür münasibəti nədən qaynaqlanır? Məsələn, Mirabdulla Abbasov və adlarını çəkdiyim digər uşaqlar oynamasalar, onların axırı necə olacaq?

- Gənc futbolçunun keçid dövrü var. O uşaqların problemini həll etməlisən. Axı sən “Neftçi”sən. Digər klublar həll edir, “Neftçi” yox. Mirabdulla ötən mövsüm şans veriləndə, meydana çıxıb qolunu vururdu, vacib oyunlarda komandanı xilas elədi. Tərlan Əhmədovun dövründə də deyirdim ki, Mirabdulla əsas heyətdə oynamalıdı. Bilirsiniz, 200-300 minlik əcnəbi gətirirlər. Onu ehtiyatda saxlayıb, Mirbdullanı oynatmayacaqlar ki.