BolgeXeber.Com » Dünya » Avropada at əti qalmaqalı böyüyür

Avropada at əti qalmaqalı böyüyür

13-02-2013, 09:05
Oxunub: 3 596 Avropada hamburgerlərdən tutmuş müxtəlif yarımfabrikat yeməklərdə mal əti adıyla daha ucuz at ətindən istifadə olunması təsdiqini tapdıqdan sonra, ölkələr bir-birini ittiham edir. Avropa ölkələrində ətin topdan satışı sistemi bir labirinti xatırlatdığından, iri partiyalı at əti saxtakarlığının həqiqi səbəbkarını tapmaq müşkül məsələyə çevrilib.

Qalmaqal, İsveç şirkətinin buraxdığı yarım fabrikat İtalyan yeməyində 100 faiz mal əti əvəzinə at ətindən istifadə olunması müəyyənləşəndən sonra yaranıb. İsveç şirkəti saxtakarlığa yol verdiyinə görə, ət təchizatçısı olan Fransanın “Komigel” şirkətinə qarşı təzminat davası açmağı planlaşdırır.

Fransa Kənd Təsərrüfatı Nazirliyi, at əti saxtakarlığı haqqında araşdırmanın yekunlarının bu gün ictimaiyyətə açıqlanacağını bəyan edib. At ətinin əsas təchizatçısı kimi hədəfə alınan Rumıniyada isə hökümət, at ətinin Avropa Birliyinə elə at əti adıyla ixrac edildiyini deyir. Hökümət məsələni şəxsi mənfəətlər güdən beynəlxalq cinayətkar qruplaşmaların boynuna yıxmağa çalışır.

Viktor Ponta, Rumıniyanın baş naziri: “İlk addımımız, sallaqxanalarda Avropa normalarına nə dərədəcə riayət olunduğunu yoxlamaqdan ibarət oldu. Təsdiq edirik ki, bu məsələdə Ruminyada hər şey qaydasındadır. Biz növbəti mərhələyə keçməyə hazırıq. Artıq biz günahkarların mümkün qədər tez və sərt şəkildə cəzalandırılmasını istəyirik”.

Digər bir ət qalmaqalı isə Rusiya və Birləşmiş Ştatlar arasında yaranıb. Belə ki, Rusiyada Amerikadan gətirilən ətə qadağa qüvvəyə minib. Rusiyanın sanitar xidməti elan etmişdi ki, Amerika istehsalçılarının mal, donuz və hind toyuğu ətində raktopamin olmaqda davam etsə, Rusiya bu ətləri almağı dayandıracaq.

Qeyd edək ki, raktopamin heyvanları sürətli böyütmək üçün onlara verilən maddədir. BMT-nin ərzaq agentliyi raktopamini insan orqanizmi üçün təhlükəli hesab etmir. Ancaq bəzi ölkələrdə, o cümlədən Çində raktopamin qadağandır.