loading...
XƏBƏR LENTİ
Kofi Annan vəfat etdi
18 avqust 14:47
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Qoca"nın qaçışı ilə bağlı maraqlı detallar: gecə qatarda baş verənlərin bütün TƏFƏRRÜATLARI

"Qoca"nın qaçışı ilə bağlı maraqlı detallar: gecə qatarda baş verənlərin bütün TƏFƏRRÜATLARIBakıda dustaqların qaçması ilə bağlı yeni məqamlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəməyə hakim Azad Məcidovun sədrlik edib. Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Musavat.com bu səs-küylü işlə bağlı “Qoca”nın qaçmasına görə həbs edilən Ceyhun Səmədovun ifadəsini əldə edib.

Səmədov Ceyhun Hüseyn oğlu ifadəsində götərib ki, 2014-cü ildən Penitensiar Xidmətin Konvoy taborunun 3-cü bölüyünün qarovul rəisi vəzifəsində işləyib.

Dustaqların qaçdığı gün haqda danışan qarovul rəisi deyib ki, həmin gün vaqonda 67 nəfər dustaq və təqsirləndirilən şəxs olub

Məhkumlar arasında Etibar Məmmədov, Əli Ağami, Məhəmməd Heydərov, Əfsər İbrahimov, Tahir Məlikov da olub.
Ceyhun Səmədov söyləyib ki, adları çəkilən şəxslərin hamısı eyni cinayət əməlində təqsirləndirilən şəxs kimi tanınıb. Bu səbəbdən də rəhbərlik tərəfindən verilmiş xüsusi tapşırığa əsasən onların hər biri ayrı-ayrı kameralarda saxlanılıb.

Onun sözlərinə görə, adı çəkilən şəxslər hər dəfə etap olunanda aralarında mübahisələr olurmuş: “Mübahisənin əsas mahiyyəti bu idi ki, digər şəxslər günahı Etibar Məmmədovda görürdü. Onlar Etibardan günahını boynuna almasını və bununla da cəzalarının yüngülləşməsini istəyirdilər. Biz həmin gün geri qayıdanda Tahir Məlikov və Əfsər İbrahimov Astarada polis şöbəsində saxlanıldı. Etibar Məmmədov da polisə təhvil verilməli idi. Lakin onu qəbul etmədilər. Rəhbərliklə razılaşdıqlarını söylədilər. Mən də bunu tabor komandirim Bəhruz Abdullayevlə dəqiqləşdirdim və onun göstərişinə əsasən Etibar Məmmədovu götürüb geri qayıtdım”.

C.Səmədov bildirib ki, həmin gün geri qayıtmaq üçün qatara minəndə də məhkumlar arasında mübahisə yaranıb: “Məhəmməd Heydərov qatara minəndə Etibarın orada olduğunu bildi. Digər məhkumlara müraciət edərək qışqırdı ki, qardaşlar, mən Etibar Məmmədovun dustağıyam. Məhəmməd Əli Ağamiyə də deyirdi ki, bu işə görə, həbs edilmələrinə görə Etibarı ittiham etsin. Bəzi dustaqlar Məhəmmədin fikri ilə razılaşdılar. Bəzi dustaqlar isə qayda-qanuna əməl edilməsini istədilər. Onlar arasında mübahisə böyüməyə başladı. Mən Etibarı kameradan çıxarıb öz otağıma gətirdim. Bunu Etibar özü də istədi. Çünki Etibar deyirdi ki, həmin kamerada onun həyatı üçün təhlükə var və düşmənləri ona nəsə edə bilər. Mən sadəcə Etibarı sakitləşdirmək, onunla söhbət etmək üçün kameradan çıxardım. Sonra Məhəmməd Heydərova yaxınlaşıb onu stansiyaya çatanda xüsusi təyinatlıların aparacağı ilə hədələdim ki, qorxsun. Məhəmməd deyirdi ki, Etibar günahını etiraf etsə, hamı rahat evinə gedəcək. Sonra Etibarı yenidən kamerasına qaytardım. Mübahisə davam elədi. Etibar dedi ki, əgər onu kameradan çıxarmasam, özünü doğrayacaq, dustaqları qaldıracaq. Mən bələdçi İsmayıl Hüseynovdan xahiş elədim ki, otağını boşaldıb ona təhvil versin. Etibarı həmin otağa yerləşdirdim. Etibarı həmin otağa qandalsız apardım. Sonra mübahisə səngisin deyə Əli Ağamini də həmin otağa gətirdim. Otağın qapısı açıq idi. Oraya kiçik gizir Elvin Namazovu, kiçik gizir Tehran Musayevi və baş çavuş Tural Poladxanovu növbətçi kimi qoydum.

Səhər saat 05:10 radələrində Tural Poladxanov mənə yaxınlaşıb dedi ki, iki dustaq qaçıb. Mən həmin otağa gələndə gördüm ki, otağın dəmir barmaqlıqları çarpayının üstündədir. Dustaqları saydım, Əli Ağami və Etibardan başqa hər kəs yerində idi. Qatarın hər yerinə baxdıq. Bundan sonra Bəhruz Abdullayevə məlumat verdim.

Suallara cavabında Ceyhun Səmədov dustaqları bələdçi otağına aparmaqla təlimat qaydalarını pozduğunu etiraf edib. Həmçinin dustaqların mübahisəsi ilə bağlı rəhbərliyə məlumat vermədiyini də qeyd edib.

C.Səmədov dustaqların qaçmasını rəhbərliyə gec deməsinin səbəbini belə izah edib: “Mən yatmışdım. Dustaqlar Biləcəridə qaçsa da, baş çavuş bunu mənə “28 May” stansiyasında dedi.

İstintaq zamanı suallara cavabında C.Səmədov deyib ki, dustaqların hansı şəraitdə və necə qaçmasından xəbərsiz olub və heç vaxt onlardan maddi nemət kimi nəsə almayıb. Amma C.Səmədov etiraf edib ki, hər iki şəxsin üzərinə tam olaraq baxış keçirməyib.

C.Səmədov dindirilən zaman maraqlı bir fakt üzə çıxıb. Məlum olub ki, Lənkəran Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinin sabiq rəisi Əlişir Fərəcovla Ceyhun Səmədov arasında əvvəlcədən danışıq olub. Həmin telefon danışığında Əlişir Fərəcov Etibar Məmmədovun etap edilməməsini istəyib. Səbəb olaraq isə rəis onu göstərib ki, Etibarın işinə Bakıda baxılacaq. Lakin Ceyhun Səmədov deyib ki, Etibar Məmmədovun Lənkərana etap edilməsi onun səlahiyyətində deyil və o, sadəcə əmri icra edir.

Növbəti yazımızda sabiq polis rəisnin, Etibar Məmmədovun işinə baxan hakimin bu səs-küylü işlə bağlı ifadələrini təqdim edəcəyik.

Həbs edilənlərdən Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə yanaşı 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə də ittiham olunur. Bildirək ki, B.Abdullayev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də ittiham irəli sürülüb.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifələrdən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həbs edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bölmə: Xəbərlər | 04 avqust 2018 15:23 | Baxış sayı: 133





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: