BolgeXeber.Com » Xəbərlər » “Nə Antalyada olmuşam, nə də Bodrumda” – deputat

“Nə Antalyada olmuşam, nə də Bodrumda” – deputat

10-08-2018, 15:25
Oxunub: 2 148 “Nə Antalyada olmuşam, nə də Bodrumda” – deputatYayda istirahət üçün azərbaycanlılar əsasən Türkiyəyə üstünlük verirlər

Buna səbəb Türkiyədə turistlərə xidmətin yüksək səviyyədə və qiymətlərin daha əlverişli olmasıdır. Azərbaycanlı turistlər üçün Türkiyədən sonra ucuz istiqamət Gürcüstandır.
Türkiyə çimərliklərində tanınmış insanları, siyasətçiləri görmək mümkün olsa da, Xəzər sahilində onlara nadir halda rast gəlmək olur. Məsələn, maraqlıdır, görəsən, deputatlar Xəzər çimərliklərinə gedirlərmi?

“Yeni Müsavat”a danışan “Azərbaycan” qəzetinin baş redaktoru, parlamentin üzvü Bəxtiyar Sadıqov bildirir ki, tələbə vaxtı tez-tez Xəzərdə çimməyə gedirmiş: “Jurnalistika fakültəsində oxuyarkən bizi bir aylıq icbari istehsalat təcrübəsinə saxlayırdılar. Yayda mərkəzi qəzetlərə, nəşriyyatlarda 1 aylıq praktika keçirdik. İşçilər də istiləri nəzərə alırdılar ki, biz imtahanlardan çıxmış tələbələrik, istirahət etməliyik, günortadan sonra bizə icazə verirdilər, gedirdik ”Şıxov”a çimməyə. Avtobusa 5 qəpik verib gedirdik. Axşama qədər çimirdik, qıp-qırmızı qızarırdıq, qayıdırdıq yataqxanaya. Bundan da çox ləzzət alırdıq, sabah üçün enerji toplayırdıq. Onda insanlar Xəzərlə daha yaxın təmasda idilər. Bu gün isə çoxları istirahətə Türkiyənin Antalyasına, Bodrumuna gedir. Mən heç birində olmamışam. Əvvəla, bunun bir səbəbi budur ki, insanlar maddi cəhətdən daha yaxşı təmin olunublar. İkinci, müstəqil dövlətik, istənilən vaxt bilet alıb təyyarə ilə xaricə uça bilirik. Bu, böyük xoşbəxtlikdir. Üçüncüsü, Türkiyədə yay istirahəti yüksək səviyyədə təşkil edirlər. Qiymətlər də münasibdir. Deyilənə görə, orada dəniz də çox təmizdir. Bizdə isə nəinki Xəzərə girib çimmək, Xəzərə baxmaq da qadağan olunub. O qədər hasarlar, evlər tikiblər ki, şəhərdən gedib Xəzərdə çimmək, hətta Xəzərin sahilində yerləşən kəndlərdə yaşayan insanlar müəyyən cığırlarla dənizə çıxa bilirlər. Onunla bağlı Milli Məclis qərar qəbul edilib. Əmlak Məsələləri Dövlət Komitəsi isə bu yaxınlarda reyd keçirdi və qanuna müvafiq olaraq insanların Xəzərə yolu açılsın deyə bir neçə tikililərin sökülməsi də qərara alındı”.

Deputatın sözlərinə görə, Xəzərə ən çox cavanlar və xaricə getməyə imkanı olmayan, bir az namünasib şəraitdə, havasız evlərdə, kirayə yaşayanlar gedir: “Onlar şənbə-bazar ucuz istirahət etmək üçün Xəzərə getməlidir. Hər il Gigiyena və Epidemiologiya Mərkəzi bəyan edir ki, ”Sahil” və “Şıxov” çimərliklərində çimmək olmaz, dəniz suyunda xəstəlik yaradacaq bakteriya çöpləri var. Bununla da vəzifə bitir. Bəs Xəzəri kim təmizləyəcək? Sonra da biz jurnalistlər başlayırıq reportajlar verməyə ki, burada çimmək qadağandır. Bəs o mikrobu, bakteriyanı kim zərərsizləşdirəcək? Axı Antalyaya, Bodruma getməyə imkanı olmayan, kirayənişin qalanlara lazımdır ki, getsin Xəzərdə çimsin, sərinləsin. İkincisi, hara gedirsən, pulludur. Müxtəlif tələlər qurulub ki, sən mənim ərazimə girmisən, hökmən məndən kölgəlik, stol və s. almalısan. Niyə buna alternativ olaraq ictimai çimərliklər yoxdur? Kim yaradacaq? Bu il də keçdi. İnsan baxır, təəccüb qalır, anomal istilər var, istidən alışıb-yanırsan, yanında Xəzər var, amma sən o Xəzərdə çimə bilmirsən. Qəribə qarğış var, deyir, Allah sənə qotur versin, dırnaq verməsin. Çox dəhşət bir şeydir, qaşınırsan, amma qaşıya bilmirsən, ürəyin keçir. İndi istidən ürəyin keçir, amma dənizə girə bilmirsən. Hər yer bağlı, yaxın yerlərdə xəstəlik, uzaq yerlər pullu. Uzaq yerlərə nəqliyyat da baha başa gəlir. Şükür Allaha, imkan var, mən pullu yerdə çimərəm, amma ləzzət eləmir. Tələbəlikdən yadımızda qalıb ki, qumun üstdə futbol oynamışıq, tərləmişik, çimmişik, insanların bol, şənlik olduğu yerlər vardı. Buna görə də mən də Xəzərdən küsmüşəm. Xəzər öz qapılarını bağlayıb, Xəzər çirklənib, sənin pulun olmasa, Xəzər səni sərinlətmək istəmir. Ona görə də son illərdir Xəzərə getmirəm”.

Deputat Fazil Mustafa gününün azı 2 saatını Xəzərin çimərliyində keçirdiyini deyir: “Ya futbol oynayıram, ya gəzirəm, ya da dənizdə çimirəm. Hesab edirəm ki, Xəzər dənizi çirkliliyinə, bəzən ayağına mazut yapışmasına, şiddətli küləyinə, natəmizliyinə baxmayaraq, bizə verilmiş Allahın bir lütfüdür ki, ondan sağlam şəkildə istifadə etməliyik. Təəssüf ki, insanlarımız dənizdən lazımi səviyyədə istifadə etməməsi bir yana, onun təmizliyinin də qayğısına qalmır. Hərdən fikirləşirəm, bəlkə dənizin yeri səhv düşüb? Bəlkə bu, bizə nəsib olmamalı idi? Xəzər başqa xalqa nəsib olsaydı, dənizi belə istismar etməzdilər, belə çirkləndirməzdilər, sahili belə zibilli saxlamazdılar. Xaricə gedib pul xərcləməyin heç bir mənası yoxdur. Bu qumu Xəzərdən başqa heç yerdə tapa bilmərik. Xəzərin qumu, imkanlarını vəhşicəsinə dağıdanlar bu gün utanmalıdır. Bu gün Pirşağının çimərliyində qumun səviyyəsi xeyli azalıb. Onlarla yer var ki, dənizin qumu tikinti üçün daşınıb. Hamısı məmurların cibinin doldurulmasına xidmət edir. Bu gün Xəzər ekoloji fəlakətlə üz-üzə qalıb. Dənizə kanalizasiya suları axıdılır. Xəzər dənizi Ermənistanda, Gürcüstanda olsaydı, ona bu münasibət göstərilərdi? Buna baxmayaraq, yenə də Xəzəri sevirəm. Xəzər Allahın bizə verdiyi nemətdir. Bəlkə də bu dənizə bu qədər sayğısız yanaşdığımıza görə böyük günah qazanırıq. Onu hasarlayırıq, bağlayırıq, başına hər cür oyun açırıq. Xəzər bizim dənizdir, onu qorumaq və sevmək lazımdır. Çimərlikdə yüksək səviyyədə xidmət olmalıdır. Gürcülərin Qara dənizdən götürdükləri vəsaitin üçdə bir hissəsini biz turistlərdən götürə bilmiriksə, bunun günahı özümüzdədir. Allah neməti verib, ağılı da daha artıq verməli idi ki, Xəzərdən doğru istifadə edək”.

Zahid Oruc da Xəzər çimərliyində istirahət edən deputatlardandır: “Xəzər Azərbaycanın varlığının ayrılmaz hissəsidir. Büdcəmizin böyük hissəsini öz üzərində daşıyan sərvətdir, kapitaldır. Qum ehtiyatları ilə zəngindir. Vətəndaşların hansı sosial mənşəyi daşımasından asılı olmayaraq üz tutduğu istirahət məkanıdır. Kütləvilik dərəcəsində bu gün də Xəzər insanları qoynuna alan və Azərbaycan coğrafiyasında ən çox üz tutulan yerlərdən biridir. Ola bilsin, bəzi müşahidələr göstərsin ki, varlı, imkanlı, orta təbəqədən yuxarı insanlar daha isti dənizlərə can atırlar. Müəyyən mənada bu, bir təbii prosesdir. Bu, Xəzərin çirkli olması səbəbindən irəli gəlmir. Bütövlükdə son illər ərzində Xəzərə olan münasibətimizi təəssüf olsun ki, güclü şəkildə dəyişə bilməmişik. Həqiqətən də ekoloji antisanitar çirkli su mənbələri, yaxud vətəndaşlarının özünün yanaşmaları, qum ehtiyatlarının dağıdılaması və daşınması kimi istismarçı mövqelərimizi davam etdirməkdəyik. Ona görə də dağa, daşa olan poetik nümunələrimiz Xəzərə həsr olunmuş ədəbi əsərlərlə müqayisədə milyon dəfə çoxdur. Bağ evim Xəzərin Ələt zonasında dənizdən 250 metr aralıdır. Xəzəri ruh halı, dalğaları, fəlsəfəsi və qumuna görə həddindən artıq çox sevirəm. Yaxın həmkarım, dostum mənə nəql edir ki, sağlıq problemi ilə əlaqəli Həştərxana gedib. Orada rus həkim dostumu kəskin məzəmmət edib ki, Xəzəri qoyub, niyə bura gəlmisən? Burada qumların böyük hissəsini biz xüsusi maşınlarla daşımışıq, amma Xəzərin qumu isə Qara dənizdən fərqli olaraq olaraq özünündür. Və Xəzərin qumunda çoxlu bio-ehtiyatlar var, sağlamlığa faydalıdır, min bir dərdin də dərmanıdır. İnanıram ki, ölkə başçısının Bakı buxtasından başlatdığı proses Xəzərin Azərbaycan ərazisinə düşən bütün sahili boyu yayılacaq. Hələ çox şəffaflaşacaq, təmizlənəcək. Xəzərin təmizlənməsi bizim özümüzü də mənəviyyat, mədəni və fiziki cəhətdən xeyli gücləndirəcək”.
“Yeni Müsavat”