BolgeXeber.Com » Analitika » Eyyub Hüseynov: “Kababdan zəhərlənmə olmur, bir şərtlə ki....”

Eyyub Hüseynov: “Kababdan zəhərlənmə olmur, bir şərtlə ki....”

15-08-2018, 10:36
Oxunub: 6 355 Eyyub Hüseynov: “Kababdan zəhərlənmə olmur, bir şərtlə ki....”AİB sədri kütləvi zəhərlənmədən və toyuq dönərindən danışdı

Son günlər ölkə ərazisində 2 kütləvi zəhərlənmə baş verib. Birincisi Bakının Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında olub. Belə ki, avqustun 11-i saat 20:00 radələrində restoranda iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş qaldırıb. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Qida Təhlükəsizliyi Agentliyinin ilkin araşdırmalarına görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemioloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Növbəti zəhərlənmə avqustun 12-də Mingəçevirdə baş verib. Şəhərin Günəşli yaşayış massivində Araz Aşurov həyətində qızı Xumarənin nişan mərasimi keçirib və tədbirdə 60 nəfər iştirak edib. “Report”un məlumatına görə, məclisdə qonaqlara plov, dolma, dovğa təamları və müxtəlif salatlar təklif olunub. Müəyyən müddət sonra məclis iştirakçılarının halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəstəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.

Hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.

Eyyub Hüseynov: “Kababdan zəhərlənmə olmur, bir şərtlə ki....”


Hər iki zəhərlənmə faktı ilə bağlı “Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, “Tonqal” restoranındakı kütləvi zəhərlənmə ilə bağlı yayılan informasiya ilə razı deyil: “20 ildən artıqdır istehlakçı hüququnu qoruyuruq. Dəfələrlə zəhərlənmə ilə bağlı bizə məlumat daxil olub. Bu 20 ildə bir dəfə də olsun Azərbaycan həkiminin, bu işlərlə məşğul olan insanların zəhərlənmənin səbəbini göstərən kütləvi mal istehsalçısı, yəni sənaye üsulu ilə mal istehsalçısının adının çəkilməsinə rast gəlməmişik. Həmişə zəhərlənmənin səbəbi kimi istehlakçının özünün hazırladığı mal, yaxud qarpız, yemiş, bazardan alınmış heyvan əti və s. göstərilir. Son iki ildə ilk dəfə eşidirəm ki, kababdan insan zəhərlənib. Kabab bircə halda zəhərlənmə verə bilər - qalaylanmamış mis qabda saxlasınlar. Yoxsa kababdan zəhərlənmə olmur. ”Tonqal" restoranındakı kütləvi zəhərlənmə ilə bağlı yayılan informasiya ilə də razı deyiləm. Burada da yenə yiyəsiz bir şeyi axtarırlar. Qida Təhlükəsizliyi Agentliyi, dövlət orqanlarından ictimai təşkilat olaraq xahiş və tələb edirəm ki, bir dəfə cəsarət tapıb zəhərlənmə törədən malın adını tapsınlar. Ola bilsin ki, restoranda zəhərlənmiş ailə bir neçə saat əvvəl şoraba yeyiblər, zavodda istehsal olunmuş hər hansı bir məhsul, sənaye üsulu ilə istehsal olunmuş göbələk yeyiblər. Zəhərlənmə özünü 10 saat sonra da göstərə bilir. Məntiqəuyğun deyil ki, restoranda oturan yalnız iki ailə zəhərlənib".

Azad İstehlakçılar Birliyinin sədri dedi ki, Qida Təhlükəsizliyi Agentliyi üzərində sertifikat vermə və yoxlama funksiyası toplaşıb. Azad İstehlakçılar Birliyi təklif edir ki, sertifikat verən orqan yoxlama orqanından ayrı, bir-birinə opponent olmalıdır. Məsələn, zəhərlənmə olanda QTA sertifikat verən orqanı günahlandıra bilsin.

QTA ilə Azad İstehlakçılar Birliyi arasındakı münasibətdən danışan E.Hüseynov agentliklə dil tapa bilmədiklərini deyir: “Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsini həyata keçirdik. Layihənin adı ”Ölkə prezidentinin qida təhlükəsizliyinin təmin olunmasına dair tədbirlərinə ictimai dəstək" idi. Lakin onlarla dil tapa bilmədik. Dəfələrlə onlara məktub yazaraq bildirdik ki, Azad İstehlakçılar Birliyi Birliyi agentlikdə yaradılan kollegiyada təmsil olunmaq istəyir, ancaq onlar bizim məktublara heç bir cavab verməyiblər. Biz istəyirik ki, QTA yaxşı işləsin, mövcud olsun, biz də ona kömək edək. Lakin onların ictimai təşkilatlar, ictimaiyyətlə işləmək istəyi sıfır həddindədir. Hazırda QTA-nın sədri Qoşqar Təhməzliyə təkliflər hazırlayıram. Layihə çərçivəsində bizim onlara etdiyimiz dəstəyi yazıram və onlardan cavab gözləyirəm".

Ət və ət məhsullarından söz düşmüşkən E.Hüseynova dönərlərlə bağlı da sual veririk. Bir zamanlar toyuq dönəri qadağan edilsə də, Bakıda hər addımda toyuq dönəri satılır. Birliyin sədri toyuq dönəri ilə bağlı qadağanın aradan qaldırılmadığını qeyd edir: “Toyuq dönərindən istifadə oluna bilər. Monitorinqlər aparmışıq, 85 faiz yerlərdə toyuq dönəri satılır. Deməli, buna tələbat var. Tələbat varsa, təklif də olacaq. O vaxt qadağa quş qripi ilə bağlı olub. Toyuq ətindən dönər hazırlamaq olar. Toyuq dönərini şişə çəkəndən sonra onu mənfi 40 dərəcədə şok dondurmadan keçirmək lazımdır. Belə olan halda ətdə olan bütün mikroblar ölür. Sonra bunun şişə çəkilmiş vəziyyətdə üzərinə strec çəkilir və dönərxanalara göndərilir. Belə dönərlər təhlükəsizdir. Ölkədə iki müəssisə var ki, şok dondurma həyata keçirə bilir. Bunlar ”Səhliyalı" və “Az Protein Foods Group” MMC şirkətləridir. Belə yerlərdən alınan dönərlər qanunidir, təhlükəsizdir. Bakıda 15 minə qədər dönərxana var. Onlardan ən çox 100-ü dönər ətini belə yerlərdən alır. Qalanları haradan gəldi toyuq ətini alıb şişə taxır. Malın məişət sertifikatı olması onun təhlükəsizliyi mənasına gəlmir. Şok dondurmadan keçməyən toyuq ətinin üstü qızarır, içi çiy qalır. Çiy qalan hissədə mikroblar da sağ qalır".

E.Hüseynov məktəb bufetlərində satılan dönərlərə də toxunub: “Məktəb bufetlərində energetik içkilərin satışına qadağa qoyulub, amma dönər satışına qadağa yoxdur. Bir şərtlə ki, yuxarıda sadaladığım şərtlərə əməl olunsun. Dönərlər bufetə hazır şəkildə gətirilməlidir”.

Ləman MUSTAFAQIZI