BolgeXeber.Com » İqtisadiyyat » Manatın ilk eskizlərinin müəllifi: “Pulları çemodana qoyduq”

Manatın ilk eskizlərinin müəllifi: “Pulları çemodana qoyduq”

15-08-2018, 15:08
Oxunub: 2 783 Manatın ilk eskizlərinin müəllifi: “Pulları çemodana qoyduq”Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il ötür.

Azərbaycan manatının ilk eskizlərinin müəllifi, xalçaçı-rəssam Eldar Mikayılzadə Modern.az-a açıqlamasında 26 il bundan əvvələ qayıdıb.

“O vaxtlar elə dövr idi ki, nə rəssam rəssam kimi, nə də musiqiçi musiqiçi kimi düşünürdü. Hamımız bir vətəndaş kimi dövlətin müstəqilliyi barədə düşünürdük. Müstəqilliyin ən böyük atributu, mövcud olan dövlətinin milli valyutasının olmasıdır. Milli valyutanın olması müstəqilliyin birinci faktorudur. Ona görə də SSRİ-nin tərkibinə daxil edilmiş 15 respublikanın hamısı müstəqilliyə can atırdı. Müstəqillik əldə edən respublikalar arasında bir növ yarış gedirdi ki, görəsən, kim daha tez müstəqilliyin möhürünü vuracaq. Möhürü vuranlar arasında biz birincilərdən olduq. Milli valyutamızı dövriyəyə buraxanda hələ heç bir respublika buraxmamışdı”.

Eldar Mikayılzadə ilk dəfə milli valyutamız olan manatı Fransadan Azərbaycana necə gətirmələrindən də söz açıb.

“İlk dəfə tələbə yoldaşım Mövsüm Orucovla birgə bu işi gördük. Qrafik işləri ilə o məşğul oldu, kompozisiyanı isə mən hazırladım.

O günləri unutmaq olmaz. 1991-ci ilin sonu, 1992-ci ilin əvvəlləri idi. Yadımdadır ki, ilk nümunələri hazırlatmaq üçün Parisə getmişdik. Mövsüm də mənimlə idi. Pul çap olunan yerə getdik. Texnologiya ilə tanış olduq. Nümunə üçün ilk pullarımız nömrəsiz çap olunmuşdu. İlk dəfə 1 manatdan 250 manata qədər pul əskinası hazırlatdıq. Fransadan Azərbaycana qayıdanda pulları çemodana qoymuşduq. Bizimlə çalışan fransız çemodanda aparmamağı məsləhət bildi. Çünki orada o vaxtlar da ermənilər çox idi. Pulu qaldğımız oteldə çemodandan çıxarıb idman çantasına qoyduq və ölkəmizə gətirməli olduq. 26 il bundan əvvələ qayıtmaq qürur məsələsidir. Biz qocalsaq da, müstəqilliklə bağlı gördüyümüz işlər həmişə yaşayacaq”