BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun Ağsu aşırımındakı hökmranlığı qalır

Səlim Müslümovun Ağsu aşırımındakı hökmranlığı qalır

15-08-2018, 17:46
Oxunub: 2 937 Səlim Müslümovun Ağsu aşırımındakı hökmranlığı qalır“Sabiq nazirin Bakıdakı adamları işdən çıxarılsa da, iddia olunur ki, doğulduğu rayonda bütün qohumları yüksək vəzifələr tutur

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan artıq 4 aydan çoxdur ki, xəbər yoxdur. Belə ki, prezident seçkisindən sonra ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən, bir sıra nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı. Yeni hökumətin tərkibində bir neçə nazir və komitə sədri ilə bərabər, Səlim Müslümov da təmsil olunmadı və sərəncamın imzalandığı aprel ayından etibarən o, mətbuata yalnız bir dəfə açıqlama verib.

Mia.az saytı məlumat yayıb ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin nazir təyin olunduqdan sonra həyata keçirdiyi islahatlardan biri də sələfi Səlim Müslümovun qohumlarını qurumdan uzaqlaşdırmaqdır. Belə ki, S. Babayev bu dəfə Müslümovun qaynı Ağalar Xasayevi vəzifəsindən azad edib. Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi işləyən A. Xasayevin yerinə təyinat da olub.
Səlim Müslümovun Ağsu aşırımındakı hökmranlığı qalır


Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtilə DSMF-nin Səbayel rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.

Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Müslümovun yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməsi ilə bağlı xeyli sayda məlumatlar yayılıb. Belə ki, Səlim Müslümovun bir dayısı Ənvər Seyidəliyev Ağsunun icra başçısı, digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın Ağsu filialının müdiridir. S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Həmçinin İsmayıllı rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşıdır. Məlumatlara görə, icra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni keçmiş nazirin digər dayısı Fazil Seyidəliyev isə əvvələr Ağsu RPŞ rəis müavini olub, indi isə Ağsu rayon pambıq məntəqəsində sədrdir.

Qeyd edək ki, sabiq nazirə əsas ittiham Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxması ilə bağlıdır. Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.

Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

Səlim Müslümovun Ağsu aşırımındakı hökmranlığı qalır


Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, bütün bu məlumatlar əslində Müslümovun həbsinə gətirib çıxara bilər: “Cinayət Prosessual Məcəlləyə görə, araşdırmanın aparılmasının əsaslarından biri də kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlardır. Yəni əgər bu məlumatlarda cinayət tərkibi, konkret faktlar varsa, prokurorluğun vəzifəsidir ki, araşdırma aparsın və araşdırmanın nəticəsinə görə də qərar qəbul etsin. Tutaq ki, ya araşdırmanın başlanması barədə qərar qəbul etsin, ya cinayət işinin başlanmasından imtina etsin ki, sübutlar yoxdur. İctimai marağı nəzərə alaraq, yaxşı olardı ki bu barədə ictimaiyyətə də məlumat verilsin. Lakin hələ ki bu istiqamətdə hər hansı bir addım müşahidə etmirik. Əgər araşdırma aparılsa, yazılanlar təsdiqini tapsa, Müslümov barəsində cinayət işi başlana bilər. Yaxud da onun əməllərindən ola bilər ki, konkret zərərçəkmiş var. Əgər kütləvi informasiya vasitələrində yazılanlar kifayət etmirsə, hər hansı bir şəxs ona qarşı prokurorluq orqanlarına şikayət edə bilər ki, Müslümovun hansısa əməlinin qurbanı olub. Belə bir fakt olarsa da, ona cinayət işi başlana və Müslümov həbs edilə bilər”.

İddialarla bağlı Səlim Müslümovla əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

Əli RAİS,