BolgeXeber.Com » Sosial » Mənzil kirayəyə verənlərə xəbərdarlıq - Vergi belə hesablanacaq

Mənzil kirayəyə verənlərə xəbərdarlıq - Vergi belə hesablanacaq

25-08-2018, 12:39
Oxunub: 3 028 Mənzil kirayəyə verənlərə xəbərdarlıq - Vergi belə hesablanacaqVergilər Nazirliyinin prosedur qaydalarına görə, vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdikdə ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz vergi ödəməlidir

Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) əldə etməlidir. Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergi ödəməli və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir.

Cebhe.info xəbər verir ki, bəzən vergiödəyiciləri kirayə müqavilələrində icarə haqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir və mənzilin kirayə verilməsi vergi orqanlarından gizlədilir. Belə olan halda vergidən yayınan şəxslərə qanunvericiliklə müəyyən edilmiş inzibati cəzalar tətbiq oluna bilər. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir.

Mövcud vəziyyəti şərh edən iqtisadçı ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu qaydalar yeni deyil və əvvəlcədən də mövcud olub:

"Yəni ki, hər bir əmlakını iqtisadi dövriyyəyə cəlb edən, daşınmaz əmlakını kirayəyə verən şəxs bunun vergisini verməlidir. Sadəcə bir neçə illər ərzində vergi orqanları bu sahədə təftiş aparmır, toxunmurdular.

Məsələ bundadır ki, bazarın özündə də problemlər var. Problem bundan ibarətdir ki, respublika ərazisində yeni tikilən binaların əksəriyyətində bu günləri kupça, yəni dövlət reysterinə qəbul olunmayıb. Eyni zamanda isə binaya qaz, su, işıq verilib, yəni kodlaşıb. Amma bina dövlət reysterinə qəbul edilməyib və kupça verilməyib. Əslində üstündən keçmək olar, ancaq bu məsələyə hüquqi cəhətdən yanaşsaq vətəndaş irəli sürür ki, kirayəyə versəm də reysterə və vergi uçotuna düşməmişəm".

İqtisadçı-ekspert bildirib ki, bununla yanaşı başdan-başa respublikada kirayə verilən evlərin əksəriyyəti vergiyə cəlb olunmur:

"Bunu tətbiq etsələr ilk olaraq mənzil qiymətlərində artım olunacaq, əgər ki, cərimə faktları yer alsa, vətəndaşlar qısa zamanda gedib vergi uçotunda dayanacaqlar, bundan qaçmaq mümkün deyil.

Bu bilirsiniz nəyə bənzəyir? Yadınızdadırsa, nəqliyyat vasitəsini idarə edən heç kim qoruyucu kəməri taxmırdılar. Cərimə tətbiq olunduqdan sonra əhalinin 80-90 faizi artıq qoruyucu kəmərləri taxdılar.

Cərimə halları kütləvi hal alsa, vətəndaşlar gedib qeydiyyatdan keçib, vergilərini ödəyəcəklər. Bu heç bir halda bu mənfi təsir göstərməyəcək. Mənfi təsir ancaq kirayə götürənlərə olacaq, çünki bütün xərclər onların üzərində oturacaq. Kirayə verənlər heç bir halda vergini özü ödəməyəcək, çünki Bakıda kirayə mənzillər kifayət qədər ucuzdur".

F.İbrahimov həmçinin qeyd edib ki, bu məsələlər paralel həll edilməlidir:

"Yəni, dövlət reysterinə düşməyən evlər, təcili olaraq reysterə salınmalıdır. Problemlər aradan qaldırılıb, vətəndaşlara kupçalı mənzillər təhvil verilməlidir. Vətəndaşlar da kirayə verirlərsə, vergini ödəməlidir, bu qanundur. Sadəcə vergi orqanları bunun üzərinə düşmürdülər. Vətəndaşlarda elə belə heç vaxt pul verməz. Vergi sektoru tarixən belə olub ki, hamı vergidən yayınmağa çalışıb. Bu tək bizdə deyil, ABŞ-da da belədir, sahibkarlar çalışırlar ki, vergilərdən yayınsınlar.
Bildirim ki, bunun üzərinə ciddi düşsələr bu fayda verəcək".