BolgeXeber.Com » Sosial » Mağazaların “endirim tələ”si

Mağazaların “endirim tələ”si

30-08-2018, 10:27
Oxunub: 3 057 Mağazaların “endirim tələ”siKüçədə gəzərkən mağazanın üstündəki elan diqqətimi çəkir: “Qurban bayramına özəl! Nə alsan 9 AZN”.

Belə cəlbedici təklifə kim “yox” deyər? Dərhal yolumu dəyişib mağazaya daxil oldum. Əlimi nəyə atdımsa, satıcı “19 manat”, - dedi. “Bəs mağazanın üstündəki elan?”, - xatırladınca satıcı əliylə sol tərəfdəki rəfləri göstərdi. “Bəs elanda nə alsan 9 AZN yazmışınız?” deyə, etiraz etdim. Satıcının cavabı etirazımdan “güclü” oldu: “Yanında 19 AZN də yazılıb. Yəqin diqqətlə oxumamısınız. Mağazadan çıxıb elanı bir daha oxudum. Həqiqətən də qarışqa şrifti ilə “19 AZN” də yazılmışdı.

Bu hal istehlakçıları aldatma deyil, bəs nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, bütün bunların səbəbi ölkədə normal istehlakçı siyasətinin olmamasıdır: “İstehlakçı mobil telefonlar, elektron mənbələrdən cürbəcür endirim reklamları alır, gəlir mağazaya ki, istədiyi malı seçsin. Ona deyirlər, bəs, endirimə düşən mallar siyahısında bu mal yoxdur. İstehlakçını bu cür aldadırlar. Bundan başqa, istehlakçı reklam kampaniyası zamanı malı alır, mal onun tələbatını ödəmir, onu dəyişmək, yaxud qaytarmaq istəyəndə deyirlər, reklam kampaniyasında alınan mallar dəyişdirilmir, qaytarılmır. Halbuki bu qanuna ziddir. Reklam kampaniyası malları kassa çekləri olmaq şərti ilə, malın keyfiyyəti pozulmamaq şərti ilə dəyişdirilə, yaxud qaytarıla bilər.

Bununla bağlı ölkənin baş nazirinə məktub yazacağam. İlin əvvəlindən iqtisadiyyat naziri Şahin Mustafayevə 40-a qədər rəsmi məktub göndərmişəm. İstehlakçı hüquqlarının pozulması haqda şikayətlər göndərmişəm. Lakin məktublarıma cavab almamışam ki, bilək dövlət orqanı nə iş görür? Bazar məmurların monopoliyasındadır. Ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti zəif olduğundan, o cümlədən reklamlarla istehlakçıların hüquqlarının pozulması davam edir”.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, endirim reklamlarında istehlakçıların aldadılması məsələsi heç vaxt həll edilməyən problemdir: “Hətta xarici ölkələrin də bu tipli reklam, marketinq siyasətləri var. Türkiyədən tutmuş Avropa ökələrinə qədər. Dükanların önündə yazılır, 70 faiz endirim var. İçəri daxil olursan ki, mağazada olan mal çeşidlərinin bəlkə 1 faizi 70 faiz endirimdədir. Dükanlar daha çox endirim və güzəşt etdikləri malların reklamının elanını göstərməyə meyl edirlər. Bir mağazada həm 50 faiz, həm 70 faiz endirim varsa, ən cəlbedici rəqəmi götürürlər. Necə ki, sizin vurğuladığınız mağaza edib. Burada hər hansı bir qanun pozuntusu yoxdur. Ona görə ki, hər ikisini də yazıblar. Sadəcə bir az manevr ediblər. Ticarət obyektlərində yalanlar iki cür olur. Birinci yalanda alıcı aldadılır. Ona səhv məlumat verilir. Bu, əvvəllər daha geniş yayılmışdı. Son vaxtlar bu tip aldadılmalar kəskin azalıb. İkinci tip aldatma isə məlumatı natamam verməklə aldatmadır. Ancaq malın müsbət tərəfi göstərilir, mənfi tərəfi haqqında məlumat verilmir. Və yaxud ancaq endirimdə olan mallar haqda məlumat verilir. mağazaya daxil olanda məlum olur ki, nəinki endirim, hətta elə mallar var, yeni mövsümə aid olan mallar və qiyməti daha bahadır. Bu manevr ikinci variantda, yəni natamam məlumat vermək daha çox alıcı cəlb etmək üçün məlumatların qabardılması geniş yayılıb. Əvvəllər siqaret qutularınız üstündə Səhiyyə Nazirliyinin xəbərdarlığı olardı. Və bunu elə gözəl yazırdılar ki, onu istifadə edən heç vaxt oxumurdu. O yazı siqaretə aid digər yazılardan heç fərqlənmirdi. Sanki siqaretin digər dizaynının bir hissəsi idi. Son 10 ildə Avropadan başlayaraq xüsusi qərarla siqaret qutularının üzərində onun zərərli olması daha aydın, daha iri şriftlərlə yazılsın. İndi diqqət etsəniz, siqaret qutularında nə qədər eybəcərdir. Gözəl qutunun üzərində ağ fonda iri hərflərlə əvvəlkindən fərqli olaraq yazılır ki, siqaret öldürür. Göründüyü kimi yanaşma dəyişib”.

Ekspert istehlakçıları endirim kampaniyalarında aldanmamaları üçün diqqətli olmağa çağırır: “Sizin dediyiniz məsələlər reklam haqqında qanunda öz əksini tapmalıdır. Burada söhbət istehlakçıların aldadılmasından gedir. Bunun üçün müəyyən qaydalar olmalıdır. Bu qaydalarda göstərilə bilər ki, endirimlərin hamısı eyni ölçüdə olmalıdır. Yəni, 9 manatla, 19 manat eyni ölçüdə yazılmalıdır. Bunların qarşısını almaq üçün qanunvericilikdə reklam fəaliyyətini təkcə qanunla yox, qanundan doğan qaydalar, təlimatlar olmalıdır. Əlbəttə ki, burada istehlakçıların özünün də savadlı, diqqətli olması önəmlidir”.
“Yeni Müsavat”