BolgeXeber.Com » Müsahibə-Reportaj » Fəzail Ağamalı: “Etimadı itirən məmurlar vəzifədən uzaqlaşdırılacaq”

Fəzail Ağamalı: “Etimadı itirən məmurlar vəzifədən uzaqlaşdırılacaq”

30-08-2018, 11:10
Oxunub: 4 029 Fəzail Ağamalı: “Etimadı itirən məmurlar vəzifədən uzaqlaşdırılacaq”“Bu niyyətdə olanlar dövlətçiliyimiz üçün ən böyük təhlükədir”

Zaman-zaman xarici güclər tərəfindən Azərbaycanda daxili gərginlik, qarşıdurmalar yaratmaq üçün cəhdlər edilib. Son illərdə belə cəhdlərin bir qədər səngidiyinin şahidi oluruq. Bu da birbaşa Azərbaycan hökumətinin ölkədə sabitliyi qorumaq üçün apardığı fəaliyyətlə bağlıdır.

Bütün bunlara baxmayaraq, Gəncədəki son olaylardan sonra ölkəmiz üçün xarici təhdidlərin hələ də qaldığı yönündə fikirlər səslənməkdədir. Azərbaycanda daxili sabitliyin olmasını istəməyən beynəlxalq güclərin pusquda olduqları vurğulanır. Bunun qarşısını almaq üçün ölkə iqtidarının daim hazırlıqlı vəziyyətdə olmasının vacibliyi önə çəkilir.

Eyni zamanda, indiyə qədər İsmayıllı və Quba kimi rayonlarda icra başçılarının yarıtmaz fəaliyyətləri nəticəsində baş verən iğtişaşlar da yada salınır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyanın güc mərkəzləri Azərbaycanla bağlı fəaliyyətlərini dayandırmayacaqlar: “Cənubi Qafqazda böyük iqtisadi əhəmiyyət daşıyan Azərbaycanda öz maraqlarını təmin etmək üçün dünyanın güc mərkəzləri fəaliyyətlərini dayandırmayacaqlar. Ən müxtəlif şəkildə, fərqli yollarla ölkəmizə qarşı təhdidlər, təzyiqlər davam etdiriləcək. Lakin əhəmiyyətli olan odur ki, biz bu cür təzyiqlərin qarşısında duruş gətirmək gücünə malikik. Ölkə prezidentinin həyata keçirmiş olduğu daxili və xarici siyasət, eləcə də, xalqımızla dövlət başçısının sıx vəhdəti, ölkəmizdə vətəndaş cəmiyyətinin mövcudluğu, dünyada Liviya, Suriya, Yəmən kimi yerlərdə baş verən xoşagəlməz qanlı hadisələrdən çıxarılan nəticə xalqımızı dövlətçiliyə daha sıx şəkildə bağlayır. Bütün bunlar bu cür təzyiq, təhdidlərin ciddi nəticələr verəcəyinə şərait yaratmır. Bu heç şübhəsiz ki, ölkə başçısının xalqımız, dövlətimiz qarşısında birbaşa müstəsna xidmətləridir. Bu xidmətlərə ciddi şəkildə töhfə verən Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevadır”.

Deputat yarıtmaz fəaliyyətlə məşğul olan məmurları sərt tənqid etdi: “Hakim komandada yer alanlar ona tapşırılan işin bu və ya digər şəkildə yerinə yetirilməsi ilə kifayətlənməli deyil. Onların da hər biri öz səviyyəsində Azərbaycan dövlətçiliyinə töhfələr verməlidir. Ölkə başçısının son təyinatları, yəni bir neçə ay öncə bir sıra nazirliklərə yeni, cəmiyyətdə kifayət qədər nüfuzu, hörməti və təmizliyi ilə fərqlənən insanların gətirilməsi, rayonların icra hakimiyyətlərində olan dəyişikliklər, həmin dəyişikliklərlə müsbət imici olan insanların vəzifələrə təyinat almaları, yerdəyişmələr aparılması sübut edir ki, ölkə prezidenti artıq öz komandasının saflaşdırılması uğrunda ciddi bir mərhələyə qədəm qoydu. Məncə bu proses davam edəcək. Yaxın zaman kəsiyində etimadı itirən, ambisiyaları aşıb-daşan, xalqa, dövlətə sədaqətlə, bütün varlığı, şüuru, imkanları ilə xidmət etməyən məmurlar vəzifədən uzaqlaşdırılacaqlar. Mənə elə gəlir ki, bu kifayət deyil. O insanlar ki, cinayətlərə yol verib, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Harada cinayət varsa, orada cəza olmalıdır. Hər kəs bundan heç şübhəsiz ki, nəticələr çıxarmalıdır. Digər bir vacib məqamı da demək istərdim ki, məmurlar, xüsusi olaraq icra strukturlarında təmsil olunan yüksək səviyyəli vəzifə sahibləri, icra başçıları hər şeyi dərk etməlidir, bu onların borcudur. Bir şeyi də unutmamalıdırlar ki, fəaliyyətləri ilə xalqla dövlət arasında ya möhkəm birliyin yaradılmasında mühüm rol oynayırlar, bunu təmin etməyə töhfələr verirlər, ya da dövlətlə xalq arasında uçurum yaradırlar. Bu niyyətdə olanların, düşünərək və ya düşünməyərəkdən bunu edənlərin hakimiyyətdə qalmaları Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükədir. Ona görə də, tamamilə əminəm ki, ölkə prezidentinin bu ilin aprelindəki prezident seçkilərindən sonra başlamış olduğu kadr islahatları bundan sonra da davam edəcək, hakimiyyətin ən yüksək vəzifələrinə vətəninə, dövlətinə sədaqətli, xalqının problemlərini həll etməyi özlərinin şərəfli vəzifəsi sayanlar təyinat alacaqlar. Dövlətinə, millətinə xidmət etməkdən qürur duyan vətəndaşlarımıza yəqin ki, ölkə rəhbəri tərəfindən etimad göstəriləcək. Yaxın zaman kəsiyində biz bunların şahidi olacağıq”.

Partiya sədri onu da qeyd etdi ki, xarici qüvvələr hər zaman pusquda dayanıblar: “Bizi istəməyən dövlətlər Azərbaycanı ciddi şəkildə izləyir, burada gedən prosesləri dərindən təhlil edir, zəif nöqtələrimizi tapmağa çalışırlar. Bu təhlillərdə, araşdırmalarda onlar zəif nöqtələri müəyyən edib, rəfə qoyurlar. Zamanı gələndə isə onu rəfdən götürərək hərəkətə keçirlər. Çalışırlar ki, Azərbaycanda qarşılıq yaratsınlar, ölkəmizdə vətəndaş müharibəsi baş versin, dövlətlə xalqın möhkəm birliyinə zərbələr vurulsun. Beləliklə, Azərbaycan çox fəlakətli duruma düşsün, onun təbii sərvətlərini daşıyıb aparsınlar, Azərbaycanın geopolitik imkanlarından öz məqsədləri üçün istifadə etsinlər. Biz bunlara imkan verməli deyilik. Məmurlar bunları hökmən nəzərə almalıdırlar. Elə etməlidirlər ki, idarəçiliyimizdə zəif nöqtələrimiz olmasın. Hər bir məmur xalqına sədaqətlə xidmət etməli, dövlətinə sədaqətli olmalıdır. Bu hər bir məmurun şərəf, qürur məsələsidir. Əminəm ki, ölkə prezidentinin dəyişikliklər aparması ilə biz həmin keyfiyyətləri, dəyərləri özündə ehtiva edən məmurların vəzifələrə gəlmələrinin şahidi olacağıq”.