BolgeXeber.Com » Dünya » Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu

Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu

3-09-2018, 12:12
Oxunub: 3 700 Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı olduRusiyanın “Lenta.ru” nəşri oğrular – cinayətkar aləmin generalları haqqında silsilə yazılarını davam etdirir

XX əsrin əvvəllərində meydana çıxan oğrular tezliklə SSRİ-də və daha sonra Rusiyada baş verən cinayətlərin başında dayandılar. Bundan öncəki yazılarda nəşr rus, gürcü və erməni “qanuni oğrular” haqqında məqalələr yayımlamışdı.

Bu mövzu ilə bağlı son məqalə azərbaycanlı kriminal avtoritet Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyev barəsində olub.

Sayt yazır ki, o, Rusiyada tərəvəz sahəsində maqnat idi və bütün bazarları özünə tabe etdirmişdi. Buna görə də, onun çox sayda düşməni ortaya çıxdı və onlar azərbaycanlı avtoritetə qarşı bir neçə dəfə sui-qəsd təşkil etmişdilər. Sonda isə muzdlu qatilin gülləsi Canıyevi İstanbulda yaxaladı...

“Lenta.ru”da dərc olunan yazını sizə təqdim edirik:

Arzular hara aparır

Rövşən Canıyev (Lənkəranski) 1975-ci il yanvarın 27-də Azərbaycanın Lənkəran şəhərində doğulub. Onun anası evdar xanım, atası isə polis əməkdaşı olub. Rövşən atası ilə fəxr edirdi və onun yolu ilə getmək istəyirdi. Ancaq həyat bu planlarda öz düzəlişlərini etdi.

Canıyevlər ailəsinin başçısı yerliləri arasında böyük avtoritetə sahib idi, onun prinsipiallığı və cəsarəti hər kəsə bəlli idi. Bunlardan 90-cı illərdə Azərbaycanda fəaliyyətə başlayan cinayətkar qrupu da xəbərdar idi. Bu canilər polislərə müxtəlif yollarla pul təklif edirdi ki, əməllərinə göz yumsun. Razılaşmadıqda isə onları hədələyirdilər. Ancaq Rafiq onlara boyun əymədi.

Cinayətkarlara dəmir barmaqlıqlar arxasına düşmək sərf etmirdi, ona görə də onlar radikal addımlar atmalı oldu: 1992-ci ildə Rafiq pusquya salındı və öldürüldü. Həmkarları Rafiqi öldürənlərin saxlanılacağını bildirdilər və 1996-cı ildə bunu etdilər. Tezliklə muzdlu qatil məhkəmə qarşısına çıxarıldı. Məhkəmə prosesində qatil özünü çox rahat hiss edirdi: o əmin idi ki, tezliklə azadlığa çıxacaq.
Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu


Rövşən Canıyev uşaqlıqda

Qatil hətta o qədər irəli getdi ki, proses zamanı Canıyevin ailə üzvlərini təhdid etməkdən belə çəkinmədi: “Azadlığa çıxanda hamınızı qətlə yetirəcəm”. Bu, onun sonuncu sözü olub – 21 yaşlı Rövşən cibindən silah çıxardaraq, qatilə bir neçə dəfə atəş açıb: 4 güllə yarası alan qatil hadisə yerində keçinib. Qisasçı isə dərhal saxlanıldı və həbsxanaya salındı.

Kovboy stilində

Bir müddət sonra həmin zalda Rövşən Canıyevin məhkəmə prosesi keçirildi. Vəziyyəti nəzərə alaraq, hakimlər Canıyevə 2 il müddətində azadlıqdan məhrum edilmə cəzasını verdi. Beləliklə, Rövşən ilk dəfə həbsxanaya düşdü. Onun polis oğlu və quldurun qatili olmasına baxmayaraq, “zek”lər onun hərəkətini qiymətləndirdilər və Rövşənə toxunmadılar.

1998-ci ildə azadlığa çıxan Rövşən hüquq-mühafizə orqanlarında işləmək ümidindən vaz keçdi: həbs həyatına görə polis orqanlarında onun işləməsi mümkün deyildi. Kriminal aləm isə onu heç bir problemsiz öz sıralarına qəbul etdi: yeni qanunlarla yaşamağı Canıyev iki ilik həbs həyatında öyrənmişdi. Kriminal dairələrdə o, Lənkəranski ləqəbini qazandı.

Kriminal avtoritet Kəramət Məmmədovla mübahisəsi az qala Rövşənin həyatına bahasına başa gələcəkdi. Düşmənlərin görüşü 2000-ci ildə Bakıda baş tutdu. Lənkəranski 4 il əvvəl məhkəmə zalında etdiyi hərəkəti təkrarladı: cibindən silahı çıxardı və düşməninə atəş açmağa başladı. Ancaq Məmmədovun mühafizəçiləri cəld tərpənərək, Canıyevin silahını aldı və onu ölümcül döydü. Lənkəranski ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırıldı. Döyülmədən sonra həkimlər avtoritetdə psixoloji pozuntular qeydə aldılar.

Bu səbəbdən o, həbsxana həyatından canını qurtara bildi: ona qarşı qanunsuz silah saxlama maddəsi ilə ittiham olundu və müalicə üçün psixiatriya klinikasına göndərildi, Lənkəranski isə tezliklə buradan qaçdı. Azərbaycanda qalmaq təhlükəli idi – avtoritet bu səbəbdən Moskvaya yollandı. O, bunu vaxtında etdi, Moskvaya getməsindən bir neçə gün sonra Lənkəranski haqqında axtarış elan edildi.

Tərəvəz kralı

Rusiyaya gələn kimi Lənkəranski azərbaycanlı kriminal aləmin başçısı Mirseymur Abdullayev (Seymur Nardaranski) ilə görüşdü. 2001-ci ildə Abdullayevin dəstəyi ilə Lənkəranski onun və çeçen avtoritet Artık Dabçayev (Artik) tərəfindən taclandırıldı.

Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu


Artık Dabçayev

Canıyevin “Xaç atalarının” taleləri kədərli oldu: həm Artik, həm də Seymur Nardaranski 2003-cü ilin müxtəlif aylarında muzdlu qatil tərəfindən öldürüldü. Seymurun gecə klublarından birində qətlə yetirilməsindən sonra Lənkəranski onun yerini tutdu və etnik kriminal qruplara rəhbərlik etməyə başladı.


Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu

Mirseymur Nardaranski

Yeni ad ona yeni imkanlar yaratdı. Lənkəranski istənilən düşmənini aradan götürməyi bacaran muzdlu qatil qrupu yaratdı. Həmin qrupun ilk tapşırığı Peterburqdakı azərbaycanlı qruplaşmasının lideri Elçin Əliyev oldu. Bir müddət sonra Lənkəranski Əliyevin qətlində şübhəli bilinərək, həbs edildi. Ancaq ona qarşı kifayət qədər sübut olmadığı üçün avtoritet azadlığa buraxıldı.

Bununla yanaşı Lənkəranskinin düşmənləri durmadan artırdı, çünki o, demək olar ki, Rusiyada bütün tərəvəz biznesini öz əlinə almışdı. Məlumdur ki, Lənkəranskinin Yekaterinburqdan illik gəliri on milyonlarla rubl idi.

Oğru müharibəsi

Eyni zamanda, azərbaycanlı asayiş keşikçiləri Lənkəranskini tutmaq ümidini itirmirdilər və 2008-ci ildə onlar bunu bacardılar: ukraynalı həmkarlardan “qanuni oğru”nun Kiyevə gəlməsi xəbəri daxil oldu. O, 40 sutka müddətinə həbs edildi və ekstradisiya ilə bağlı sənədlərin hazırlanmasına başlanıldı: Ancaq avtoritetin hüquqşünasları müdafiə etdikləri şəxsə qaçqın statusu aldılar və sübut etmək istəyirdilər ki, guya Lənkəranski vətənində repressiyaya məruz qalıb.

Qısası, bir il sonra – 2009-cu ilin dekabrında Ukrayna Daxili İşlər Nazirliyi Lənkəranskini Azərbaycana göndərdi.

Prokurorluğun qanunsuz silah saxlama maddəsi ilə 12 il həbs cəzası istəməsinə baxmayaraq, Lənkəranskiyə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verildi. Məlum olub ki, Lənkəranski istintaq müddətində verilən cəzanı baş vurub və buna görə avtoritet azadlığa buraxıldı.

O, vətəndə qalmadı və Moskvaya geri qayıtdı. Orada Lənkəranskinin Rusiya kriminal aləminin başçısı Aslan Usoyan (Ded Xasan) ilə mübahisəsi yarandı.

Ehtimallara görə, Xasan 2010-cu ildə Tverskaya küçəsində ona qarşı təşkil olunan sui-qəsddə Lənkəranskini günahkar hesab edirdi. Hadisə baş verən gün Lənkəranski Moskvadan gəldiyi Kiyev vağzalında polis əməkdaşları tərəfindən saxlanıldı.


Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu

Aslan Usoyan

Münaqişənin pik nöqtəsi 2011-2012-ci illərdə oldu. Həmin müddətdə Lənkəranski Xasanın nəzarətində olan Biryulyovo tərəvəz bazasını əlinə keçirmək istəyirdi. Məlumatlara görə, bu bazadan illik gəlir 9 milyard rubla bərabər idi. Bu münaqişə zamanı 2012-ci ilin payızında ilk olaraq, Xasanın təhlükəsizlik rəhbəri İlqar Cəbrayılov (Danabaş) aradan götürüldü. Bununla Lənkəranski Xasana göstərdi ki, istədiyi vaxt onu məhv edə bilər.

Ülgüc üzərində

Xasanın böyük təsirə malik olduğunu başa düşən Lənkəranski oğru “generalı”nın əsas düşmənləri ilə yaxınlaşmağa başladı. Onlar Tariel Oniani (Taro) və onun “sağ əli” Merab Canqveladze (Suxumski) oldu.

Doğrudur, sonuncu ilə az qala Lənkəranski 2012-ci ildə BƏƏ-də baş verən hadisələrə görə mübahisə edəcəkdi. Həmin vaxt Dubayda istirahət edən Lənkəranski Merab Levanovun qardaşı ilə görüşdü və problemləri müzakirə etdi.


Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu

Merab Canqveladze

Ancaq danışıqlar mübahisəyə çevrildi və Lənkəranski Levana şillə vurmağa cəhd etdi. İkinci də öz növbəsində stolun üstündəki bıçağı götürdü və qarşısındakını qarnından yaraladı. Xəsarət yüngül oldu və nəticədə Lənkəranski ilə Suxumski arasında münasibətlər korlandı. Lənkəranskiyə Suxumski ilə münasibətləri yaxşılaşdırmaq üçün qısa vaxt lazım oldu və hətta o, Meraba Fransada kottec hədiyyə etdi.

Həmin ilin sentyabrında Lənkəranskiyə qarşı sui-qəsd olsa da, bununla bağlı məsələlər gizli saxlanılır.

Eyni zamanda, 2012-ci ildə mübahisəli zona olan Biryulyovo bazasında Lənkəranskinin adamları ilə Xasanın tərəfdarları arasında açıq münaqişələr baş verirdi. Sui-qəsdə cəhdə və yaxın adamı Cəbrayılovun öldürülməsinə baxmayaraq, Lənkəranski azərbaycanlılarla müharibə istəmirdi. Xasanın adamları Lənkəranski ilə danışıqlar aparmağa çalışsalar da, bu, onlarda alınmadı. 2013-cü ilin əvvəlində Ded Xasan Moskvadakı “Starıy fayton” restoranında qətlə yetirildi.

Xasanın ölümü

Xasanın qətlində əsas şübhəlilərdən biri Lənkəranski idi. Xasanın tərəfdarları fikirləşirdilər ki, Lənkəranski bu işdə tək olmayıb, Taronun da bu işdə əli olub.

Belə iddia edilirdi ki, məhz sonuncu Xasanın öldürülməsini Lənkəranskiyə tapşırmışdı. O isə öz növbəsində bu işin görülməsinə öz adamını göndərib. Lənkəranskinin “sağ əli” olan Rüdət Nəsibov (Rufo Gəncinski) yanvarın 28-də güllələndi. Məhz Nəsibov Lənkəranskinin muzdlu qatil qrupunun başçısı hesab edilirdi.
Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu



Rüfət Nəsibov

Nəsibovun qətli ilə bağlı xəbər alan Lənkəranski Rusiyanı tərk etdi və Türkiyəyə getdi və burada təhlükəsizlikdə olacağını düşündü. Ancaq həmin ilin fevralında kriminal aləmi bir xəbər sarsıtdı – Lənkəranski İstanbulda güllələndi. Ancaq bu xəbər yalan çıxdı: məlum oldu ki, onun qətlə yetirilməsi qurma idiş Lənkəranskinin qardaşı Emil KİV-ə açıqlamasında Rövşənin Ded Xasanın ölümündə əli olmadığını dedi:

- Rövşənin Aslan Usoyanın ölümü ilə heç bir əlaqəsi yoxdur. Bütün bunlar polisin uydurmasıdır.

Lənkəranski Rusiyada tərəvəz bazaları ilə yanaşı, tərəfdarları vasitəsilə Almaniyanın Berlin, Hamburq və Münhen şəhərlərində qida anbarlarına nəzarət etdirdi. Bundan başqa, “qanuni oğrunun” İtaliyada otellər şəbəkəsi vardı. Lənkəranski var-dövlətinin bir hissəsini daşınmaz əmlaka xərcləmişdi: onun Avropada 6 möhtəşəm malikanəsi vardı. Qısası, bütün əmlaklar Lənkəranskinin qohumlarının adına idi.

Rövşən İstanbulda olduğu zaman Xasanın tərəfdarları Moskvada onu “oğru” titulundan məhrum etdilər. 34 “qanuni oğru” buna imza atdı.

İstanbulda sui-qəsd

Lənkəranskiyə son hücum 2016-cı il avqustun 18-də oldu və bu zaman o, Barbados bulvarı yaxınlığında qətlə yetirildi. Həmin gün oğru özünün istanbullu “qardaşları” ilə görüşmüşdü: onlar arasında Temur Nemsitsverdize (Tsripa) və Roin Uqlava (Mateçiv) türk hotellərindən birinin barında öz işlərini müzakirə edirdi.

Danışıqların əsas mövzusu Rusiya cinayətkar aləminin lideri Zaxariya Kalaşovun (Şakro Molodoy) həbsi idi: bəzi məlumatlara görə, Lənkəranski bu vəziyyətdən istifadə edərək, oğru aləmində liderliyi ələ almağa çalışırdı. Görüş bitdikdən sonra Lənkəranski mühafizəçilərinin müşayiəti ilə “Range Rover” avtomobilinə əyləşdi.

Baş verən hadisə zamanı nədənsə, mühafizəçilər heç nə edə bilmədi. Onlar açılan atəşlərə sadəcə tamaşaçı oldular.



Hadisə baş verəndən sonra sürücü avtomobili geri çəkdi, tərəfdaşları isə təcili yardım xidmətinə zəng vurdu. Xəstəxanaya çatdırılsa da, Canıyevin həyatını xilas etmək mümkün olmadı. Əməliyyat masasında canıyev son nəfəsini aldı, avqustun 18-i səhər saatlarında kriminal “general”ın ürəyi həmişəlik dayandı.

Lənkəranskinin ölüm xəbəri tez yayılmadı: qətlə yetirilən şəxsin üzərində Rövşən Əliyevə məxsus şəxsiyyət vəsiqəsi çıxdı. Çoxları onu bu soyadla tanımırdı. Onun kimliyini hadisə yerinə gələn ailə üzvləri təsdiqlədi.

Düşmənlərin əhatəsində

Rusiyanın “tərəvəz kralı”nın qətlinin arxasında kimlərin dayandığını hələ də müəyyən etmək mümkün olmayıb. Bəzi ehtimallara görə, bunu Ded Xasanın tərəfdarları qisas məqsədilə törətmişdilər.

Məlumdur ki, Şakro Molodoyun həbsindən sonra Lənkəranski və azadlığa çıxan Merab Suximski Rövşəni “oğru” titulundan məhrum edən şəxslərdən qisas almağa başladı. Lənkəranskinin ölümündən bir ay əvvəl tərəfdarları həmin qərara imza atan “qanuni oğru”lardan biri Georgi Sorokinanı (Jora Taşkentski) İstanbulda döymüşdü.

Lənkəranskinin tərəfdarları Taşkəntski kimi qərara imza atan slavyan oğrularının liderlərindən olan Yuri Piçuqinlə (Piçuqoy) eyni əməli törətməyə hazırlaşırdılar. Ancaq Lənkəranskinin ölümü bütün planları dəyişdi.

Lənkəranskini hadisədən 3 il əvvəl öldürülən kriminal avtoritet Əlibaba Həmidovun (Lotu Hoca) adamları da öldürülə bilərdi. Əlibab Lənkəranskinun düşmənlərindən biri idi.

Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu


Lənkəranski vətəndə dəfn olundu. Avtoritetin tabutunu yaxınları ilə yanaşı minlərlə həmyerlisi gözləyirdi.

Dəfnindən bir il sonra Lənkəranskinin qəbri üzərində abidəsinin təntənəli açılışı oldu: heykəl Hindistanda hazırlandı və Türkiyədən Azərbaycana gətirildi.

Qanuni maqnat: O, Rusiyada tərəvəz kralı oldu


Rövşən Lənkəranskinin məzar üstü möhtəşəmliyi ilə keçmiş SSRİ-nin əsas avtoritetləri olan Ded Xasan və Vyaçeslav İvankovun (Yaponçik) abidələrini geridə qoydu.