BolgeXeber.Com » Xəbərlər » Narkoloji Mərkəzdə baş vermis yanğınla bağlı məhkəmə prosesi davam etdirilib

Narkoloji Mərkəzdə baş vermis yanğınla bağlı məhkəmə prosesi davam etdirilib

5-09-2018, 16:50
Oxunub: 1 874 Narkoloji Mərkəzdə baş vermis yanğınla bağlı məhkəmə prosesi davam etdirilibBakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğına görə həbs olunanların cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxs qismində hakim önünə beş nəfər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə ittiham olunan Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova çıxarılıb. Prosesdə təqsirləndirilən M.Abdullayevin vəkili Bəylər Məmişov müdafiə etdiyi şəxsin təqsiri olmadan həbsdə saxlanmasına, işinə obyektiv baxılmamasına etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını bildirib. Vəkil M.Abdullayevin bu məzmunda ərizəsini yanğın hadisəsini araşdıran hakim Azər Paşayevə təqdim edib. M.Abdullayev ərizəsində yazır ki, hadisəyə aidiyyəti yoxdur, vəkilinin onun təqsirsizliyini sübut etmək məqsədiylə məhkəmədə qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb. Bütün bunları özünə qarşı qərəz hesab edir.

Yanğında yaxınlarını itirmiş zərərçəkmişlər də M.Abdullayevin həbsdə saxlanmasına etiraz ediblər. Onlar işin yenidən istintaqa qaytarılmasını istəyiblər: “Biz ora xəstə qoymamışdıq ki, üç gün sonra külünü qaytarsınlar. Həmin gün növbədə olanlar hardadır? Onlar gəlsin bura”.

Daha sonra prosesdə Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova ifadə verib. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmayan A.Məmmədova yazılanların yalan olduğunu bildirib: “Hadisə olan dövrdə mən işdə olmamışam, təkmilləşdirmə kursuna gedirdim. Şənbə günləri vaxt tapıb xəstələrə baş çəkirdim. İşdə olmaya-olmaya necə rüşvət alıb, xəstə saxlaya bilərdim? Mamed dayının oğlu xahiş etmişdi ki, Mərkəzin yanındakı mağazadan çay, siqaret alıb atasına verim. Əgər bilsəydim ki, xəstəyə mağazadan çay, siqaret alıb verdiyimə görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt eləməzdim”.

Təqsirləndirilən həkim xəstələrin narkoloji Mərkəzdə pulsuz müalicə aldıqlarını desə də, məhkəmə zalındakı zərərçəkmişlər buna etiraz edib: “Orada heç kim pulsuz qalmırdı. Bu adam martın 1-də çıxmalıydı, niyə qoymayıblar çıxsın? Əgər deyibsə ki, “mən buranı yandıracağam”, niyə nəzarətsiz buraxılıb?”

Həkim A.Məmmədova isə M.Məmmədovun ona belə bir söz demədiyini bildirib.

Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndis Mahir Abdullayev hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Məhkəmə prosesində yaxınlarını itirmiş zərərçəkmişlər də ifadə verib. Arifə Abbasova deyir ki, qardaşı Akif yanıb tanınmaz hala düşmüşdü, onun kimliyi hadisədən dörd gün sonra DNT analiziylə müəyyənləşib. Məhbubə Dəmirovanın həyat yoldaşı gənc yaşlarında olan əmisi oğlu ilə birlikdə hadisədən üç gün öncə Mərkəzə yerləşdirilibmiş. Hər ikisi yanğında dünyasını dəyişib.

Yanğın zamanı sağ qalmış Hüseyn Səfərəliyev deyir ki, səhərə yaxın ayaqyoludan geri qayıdanda dəhlizin tüstüləndiyini görüb. Kimsə qışqırıb deyib ki, Mamed otağı yandırdı, su gətirin: “Qaçdım ki, adamları yuxudan oyadım. Eşitmişdim ki, Mamed kişi guya yorğanın altında araq içirmiş. Korpusun o biri qapıları mismarlanmışdı, ancaq bir tərəfindəki açıq idi. Dəhliz tüstü idi. Xəstələr uzun-uzadı qapıya gələnə qədər elə otaqdakı pəncərələrdən çıxmaq üçün dəmir barmaqlıqları sındırmağa çalışırdılar. Biri vardı, qapının ağzında kül olmuşdu...”

H.Səfərəliyev deyir ki, onun müalicəsi üçün valideynlərindən 660 manat pul alınıb.

Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.