BolgeXeber.Com » Gündəm » Əsgəri döyən zabit cəzadan necə qurtulub?

Əsgəri döyən zabit cəzadan necə qurtulub?

11-03-2011, 10:55
Oxunub: 6 993
Gəncə Hərbi Prokurorluğu necə oyun qurubsa, sonda İxtiyar Hacıyevi şikəst edən Vüqar İbrahimova yalnız cərimə kəsilib

Hərbi hissələrdə baş verən hadisələrin bir çoxunun mətbuata gəlib çatmaması bəzi hüquq-mühafizə orqanları əməkdaşlarının əlinə bir çox imkanlar salıb. Elə bu səbəbdəndir ki, döyülən əsgərlərin başlarına gətirilənlərlə bağlı cəmiyyət elə də geniş bilgi ala bilmir. Bu olaylardan biri də N saylı hərbi hissənin kiçik çavuşu İxtiyar Hacıyev başına gəlib.

Şirvan şəhəri, N.Rəfibəyli ev 28-də yaşayan İ.Hacıyev Bolgexeber.com-a bildirib ki, 20 iyul 2008-ci il tarixdə xidiət etdiyi hərbi hissənin artilleriya diviziyonun qarşısında leytenant Vüqar İbrahimov tərəfindən döyülüb. Onun sözlərinə görə, həmin vaxt divizyonun qarşısında boksla məşğul olan leytenant İbrahimov ona ağır zərbələr endirib və bununla da İ.Hacıyev ağır zədələr alıb.

Bolgexeber.com xəbər verir ki, bu məsələ ilə bağlı Heydər Əliyev Fonduna və dövlət başçısına göndərilmiş şikayət məktubu barəsində açıqlama hazırlayan Respublika Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbə rəisi, polkovnik Aydın Ələsgərov yazıb ki, N saylı hərbi hissənin taqım komandiri, leytenant Vüqar İbrahimov həqiqətən də həmin tarixdə qulluq etdiyi hərbi hissənin artilleriya divizyonunun yataqxanası qarşısında boks idmanı ilə məşğul olurmuş. «O, bu zaman kiçik çavuş İxtiyar Hacıyevin ona tərəf yaxınlaşdığını görməyib və sol əliylə təsadüfən əsgərin sol yan tərəfinə dəymiş və nəticədə onun sağlamlığına xəsarət yetirib. Həmin anda V.İbrahimovun vurğuduğu zərbə İ.Hacıyevin həyatı üçün təhlükəli olub. Həmin fakta görə başlanmış cinayət işi üzrə Gəncə Hərbi Prokurorluğunda istintaq aparılıb. Və leytinant V.İbrahimov Azərbaycan Respublikasının CPM-nin 131.2 maddəsi ilə, yəni ehtiyatsızlıqdan sağlamlığa zərbə vurmaq maddəsi ilə təqsirləndirilərək, məhkəmə məsuliyyətinə verilmişdir».

Prokuror daha sonra yazıb ki, məhkəmə baxışı zamanı zərərçəkən şəxs İ.Hacıyev dindirilib və o, ifadəsində leytenant İbrahimovun idman edərkən ehtiyatsızlıqdan əlinin onun qarın nahiyyəsinə dəydiyini deyib. «İxtiyar Hacıyev ona qəsdən zərbə vurmadığını, təqsirləndirilən şəxs Vüqar İbrahimovla barışdıqlarını, ona qarşı heç bir şikayət və iddiasının olmadığını bildirib».

Məlumatda o da deyilir ki, Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2009-cu il tarixli hökmü ilə leytenant V.İbrahimov cərimə cəzasına məhkum edilib.

Lakin İxtiyar Hacıyev prokurorun bu əsaslandırması ilə qətiyyən razı deyil. Bolgexeber.com -a açıqlama verən zərərçəkən deyib ki, heç bir hərbi hissədə saat 16 radələrində idman yarışları və ya məşqləri keçirilmir. «İbrahimov məni qəsdən döyüb. O, hələ əvvəldən mənimlə yola getmirdi və bu səbəbdən də qəsbən məni bu hala salıb».

İ.Hacyev onu da deyib ki, döyüldükdən sonra o, 6 yerdən zədə alıb. Keçmiş əsgər onu da deyib ki, döyülməsinin təsdiqi ilə bağlı hərbi hissənin Tibb Məntəqəsinin rəhbərliyi və qospitalın həkimləri də ona epiqriz verib. «hazırda 3-cü qrup əliləm. Döyüləndən sonra ağır vəziyyətdə hərbi hospitala çatdırılmışam. Bununla bağlı, həmin leytenanta cinayət işi açılmışdı. Həmin vaxt istintaqa verdiyim ifadələrdə başıma gələnləri demişəm. Ancaq və nacqa hərbi prokurorluqda öz izahatımı vermmişəm. İstintaq işini aparan müstəntiq isə İsmayıl müəllim olub».

Zərərçəkən Bolgexeber.com -a onu da deyib ki, heç bir məhkəmədə iştirak etməmişəm. «Lakin Gəncə Hərbi Prokurorluğu işi necə qurmuşdusa, məni döyən leytenanta cüzi miqdarda cərimə kəsib. Bununla bağlı, Heydər Əliyev Fonduna və prezidentə dəfələrlə məktublar yazmışam. Onlar da həmin məktubları prokurorluğa göndərərək, araşdırılmasını istəyiblər. Prokurorluq da iddia edir ki, guya mən ehtiyatsızlıq üzündən xəsarət almışam».

İ.Hacıyev hal hazırda vəziyyətinin ağır olduğunu deyir. «Artıq iş qabiliyyətimi itirmişəm. Ayağa belə dura bilmirəm».

Qeyd edək ki, məsələ ilə bağlı Bolgexeber.com Gəncə Hərbi Prokurorluğunun müstəntiqi İsmayıl müəllim və Respublika Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlayıb. Onlar da polkovniki Aydın Ələsgərovun dediklərini təsdiqləyərək, kəsilmiş cəzanını qanunla tənzimləndiyini vurğulayıblar.