BolgeXeber.Com » Ölkə » Aldadılan kütlə, havaya sovrulan milyonlar - Dövlət qurumlarının saytları niyə çökür?

Aldadılan kütlə, havaya sovrulan milyonlar - Dövlət qurumlarının saytları niyə çökür?

6-09-2018, 17:50
Oxunub: 2 964 Aldadılan kütlə, havaya sovrulan milyonlar - Dövlət qurumlarının saytları niyə çökür?Mənzil İnşaatı Dövlət Agentliyi nə zaman elan versə, saytı çökür

Eyni şəkildə bəzən DİM-in də saytına giriş məhdudlaşır. Hansı ki, həmin dövlət saytlarının hazırlanması üçün yüzminlərlə vəsait silinir. Bəs nə üçün adi bir yüklənmə ilə saytlar çökür? Vəsait ünvanına yetməyib, yoxsa problemin kökündə başqa məsələ dayanır?

Yenicag.az məsələni araşdırıb.

“Total İT” Aİ şirkətinin direktoru Ruslan Haqverdiyev saytımıza açıqlamasında sualımızı belə şərh edib:

“Hər bir resursun qaldıra biləcəyi yük miqdarı var. Necə ki, texniki avadanlıq müəyyən gücə malikdirsə, eləcə də elektron avadanlıqlar hər hansısa gücü qaldırmağa qadirdir. İstər-istəməz hər hansı bir resurs hazırlananda bu məqam nəzərə alınmalıdır. Elektron avadanlıqlarında və onun yazıldığı proqram təminatlarında bu gücü qaldırmaq qüvvəsi yoxdursa, istər-istəməz çökmə halları yaşanır. Çökmə hallarının yaranmasının ən böyük səbəblərindən biri də kütlənin eyni vaxtda müraciətidir. Dünyada belə bir praktika var ki, kütləni heç vaxt “n” qədər resursun üzərinə yönləndirməzlər. Qeyri-peşəkar iş görüləndə və yaxud da peşəkar səviyyədə iş görülüb, bu boyda kütlə üçün nəzərdə tutulmayanda belə hal yaşanacaq”.

R.Haqverdiyev problemdən çıxış yolunu da göstərib:

“Analiz aparıb xüsusi sistemi qurmaq lazımdır. Əgər bu sistem qurulmayacaqsa, loru dillə desək, “Jiquli”nin üstünə beş ton yük yüklənəcəksə, avtomobil nəinki bu yükü daşımayacaq, ağırlığa tab gətirməyib, yerə çökəcək. Bunun praktikası ölkəmizdə də var. Böyük kütlələrin işlədiyi bəzi hökumət saytları mövcuddur. Hansı ki, böyük bir kütlənin müraciətinə baxmayaraq işləyir, demək ki, bunu reallaşdırmaq mümkündür. Məsələn, Vergilər Nazirliyinin saytını misal gətirə bilərəm. Sadəcə, yükü qaldıra biləcək hesablama gedərsə, problem aradan qalxar”.

İqtisadçı-ekspert Rəşad Həsənov mövzuya konkret nümunələrlə aydınlıq gətirib:

“Dünən belə bir xoşagəlməz hal yaşandı, insanlar çətin durumla üz-üzə qaldı. Demək istəyirəm ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə hazırlanan bu portal faktiki olaraq işləmir. Tələbatın gücünə uyğun serverlə müqavilə bağlanmayıb, ya da ona uyğun xidmətlər təklif olunmayıb. Fakt budur ki, insanlar bu pəncərədən satışlar elan olunduğu vaxt istifadə edə bilmir. Keyfiyyətsiz xidmətin təklifi də haqlı olaraq belə bir fikir formalaşdırır ki, agentlik qeyri-rəsmi formada sövdələşmələr edərək mənzillərin satışını həyata keçirir. Agentlik bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitləri səmərəsiz yerə xərcləyir. Ədalətli və şəffaf satış onda olardı ki, hər kəs o pəncərəyə daxil ola bilsin, sadəcə texniki baxımdan geciksin. Amma təəssüf ki, belə olmur. Digər qurumların saytlarında da eyni vəziyyətlə qarşılaşırıq. Qurumlar tələbatı nəzərə almalı və serverlər müqaviləni bu əsasla bağlamalıdır ki, keyfiyyətli xidmətlərə nail olsunlar. Əks halda, insanların inam hissini qırmış olurlar”.

Ekspert bu sahədə konkret mexanizmin olmadığını bildirib:

“Dövlət vəsaitlərinin istifadəsi zamanı çox ciddi nöqsanlar baş verir. Dəfələrlə bu istiqamətdə deyilsə, yazılsa da, həmin qurumlar yenə də əvvəlki kimi yarıtmaz fəaliyyətini davam etdirir. Heç bir ciddi addım atılmır. Konkret mexanizm də yoxdur. Əgər dövlət qurumunun yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşa ziyan dəyibsə, bu ziyana görə kim cavab verəcək? Təəssüflər olsun ki, Azərbaycanda bununla bağlı heç bir təcrübə yoxdur. Dövlət vəsaitləri qeyri-formal şəraitdə, absurd istiqamətlərdə və səmərəsiz formada istifadə olunur. Bu sahədə kifayət qədər ciddi problemlər var”.

R.Həsənov çıxış yolunu “sistem”in dəyişməsində görür:

“Dövlətin bir çox qurumları var ki, onların maliyyə hesabatları belə açıqlanmır. Dövlət vəsaitlərinin xərclənməsi üzərində ciddi ictimai nəzarət olmalıdır. Ümumilikdə, bu sahədə sistem dəyişilməlidir”.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə MİDA-nın saytında baş verən texniki problemləri belə şərh edib:

“MİDA saat 15-də baş tutan onlayn satış prosesi ilə bağlı qısa bir rəsmi açıqlama verib. Düşünürəm ki, ilkin məlumat olaraq məqbul hesab oluna bilər. Amma hesab edirəm ki, sistemdə təcili olaraq, maraqlı tərəflərin iştirakı ilə geniş araşdırma aparılmalı, log fayllara baxışlar olmalı və bundan sonra aşağıdakı suallara cavablar verilməlidir:

1. Ümumiyyətlə, qabaqcadan müəyyən olunan qaydalara tam uyğun olaraq onlayn satış baş tutubmu?
2. Satış elan olunan kimi sistemdə hər hansı problemlər, yükləmələr, kənar müdaxilələr olubmu ? Və hansı səbəbdən bu baş verib?
3. Ümumiyyətlə, satış elan olunandan etibarən neçə nəfər sistemə daxil ola bilib? Neçəsinin daxil olması mümkünsüz olub və hansı səbəblərdən?
4. Sistemə daxil olanlardan neçə nəfər ev seçimi edə bilib?
5. Bir nəfər ev seçimi üçün ortalama nə qədər vaxt sərf edib?
6. Satış prosesi dəqiq olaraq neçə dəqiqə çəkib? Yəni, neçə dəqiqədən sonra evlərin seçimi başa çatıb və heç bir seçim qalmayıb?
7. Ev seçimi edə bilənlərin siyahısı açıqlanacaqmı?
8. Qabaqcadan nəzərdə tutulan resurslardan necə istifadə olunub?
9. Və təbii ki, saat 11.00-da başlamalı olan satış hansı səbəbdən təxirə salınıb?

Düşünürəm ki, prosesin nə qədər etibarlı, dayanıqlı, şəffaf və ədalətli olmasını məhz bu sualların cavablarından sonra demək mümkün olacaq.