BolgeXeber.Com » Xəbərlər » Milyonluq dələduzluq işi - Xəzinədarlıq İdarəsinin müdirinin qardaşı da zərərçəkmişdir

Milyonluq dələduzluq işi - Xəzinədarlıq İdarəsinin müdirinin qardaşı da zərərçəkmişdir

7-09-2018, 15:08
Oxunub: 2 348 Milyonluq dələduzluq işi - Xəzinədarlıq İdarəsinin müdirinin qardaşı da zərərçəkmişdirBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib

Digər təqsirləndirilən Nazim Mustafayev barəsində isə həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.


Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda yazılır ki, İ.Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib.

Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıblar.

Bu cinayət işi üzrə Elxan Muradov 610 min zərər çəkib. Digər zərərçəkmişlər də var. Ümumi ziyan 1 milyona yaxındır.

Elan edilmiş ittihamla hər iki şəxs də özünü təqsirli bilməyib.

Məlum olub ki, zərərçəkmişlərdən biri Elxan Muradov biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb.

Zərərçəkmiş Elxan Xıdırov məhkəmədə ifadə verərək deyib ki‚ 2004-cü ildən fərdi sahibkarlıqla məşğuldur: “Bir neçə obyektim var‚ arendaya vermişəm. Həm də xaricdən telefon gətirib dükanımda satıram. 2015-ci ildə bir obyekt də alıb arendaya vermək istəyirdim. Ora baxmağa gedəndə əmimi də ağsaqqal kimi özümlə apardım. Obyektə baxıb qayıdandan sonra əmim dedi ki‚ burdan aylıq nə qədər pul götürəcəksən‚ təxminən aylıq 1200 manat alacağımı dedim. Əmim dedi ki‚ obyektə verəcəyin pulu mənə ver‚ sənə ayda təxminən 10 min manat qazanc verim. Mən əmim olduğuna görə etibar edirdim‚ həm də şirnikləndim".

Zərərçəkmiş söyləyib ki, əmisi xaricdən kompressor gətirib satacağını deyib:

"Birindən 12-14 min manat qazanc qalacaq. İlk olaraq məndən 20 min dollar istədi‚ verdim. Təxminən bir ay sonra gəlib dedi, avadanlıqlar gömrükdədir‚ ora ödəyib malları götürmək üçün 30 min dollar da lazımdır. Onu da verdim‚ sonra eşitdim ki‚ əmim Qazaxıstana qaçıb. Oğlu Samirlə neçə dəfə danışdım‚ özüylə də yazışdım. Gah deyirdi, orda dəmiryol relsi satır‚ gah deyirdi, soğan işinə girişib. Hər dəfə də məni aldadırdı. Əmim burda bir neçə nəfərdən pul alıb Qazaxıstana 400 min manatla getmişdi".

Pulunu tələb edən zərərçəkmiş hədələndiyini deyir:

"Pulumu qaytarmağını tələb edəndə onların ailəsi mənə şər atmağa başladılar. Nənəmi öyrətmişdilər‚ o da polisə zəng edib mənim onu söyüb-döydüyümü demişdi. Abşeron polisində iş araşdırıldı‚ mən də ifadə verdim‚ işə xitam verildi. İlham Xıdırov xalamdan da iş qurmaq adı ilə pul alıb. Bu məsələdə onun oğlu Samir də prosesin içindədir. Samir dəfələrlə gedib xalamgilin evindən pulu götürərək atasına verib. Əmim burda olanda Rusiyadan bir neçə kompressor gətirtmişdi. O qaçandan sonra ziyanın bir hissəsi ödənsin deyə onları satmaq istədim. Məlum oldu ki‚ bu avadanlıq istismar müddətini başa vurduğu üçün indi onları işlətmək xeyir yox‚ ziyan verir. Bu kompressorlar neft sənayesində istifadə olunur‚ təzyiqlə nefti quyudan çölə vurur. Onla yararsız halda olduğu üçün sata da bilmədik".

Elxan Xıdırov deyib ki, mülki iddiaçı kimi tanınmağa görə istintaqa müraciət edib: "Buna görə də onun Saray qəsəbəsində yerləşən evinə həbs qoyuldu. İndi həmin evdə ailəsi yaşayır. Əmim mənimlə görüşəndə “Mercedes GL” ‚ “Honda Pilot” və “Nissan Juke” sürürdü. Amma istintaqda onun adına maşın olmadığı bəlli oldu”.

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki‚ bu işin istintaqı zamanı təqsirləndirilən İ.Xıdırovun oğlu Samir Xıdırov Daxili İşlər Nazirliyinə açıq müraciət edərək digər zərərçəkmiş Elxan Muradlının “Tensar” şirkətində çalışdığını bildirib və mətbuata açıqlamasında əlavə edib ki‚ E.Muradlının qardaşı Etibar Muradov Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir. (Musavat.com)