BolgeXeber.Com » Ölkə » Mübariz Qurbanlı: Başqa ölkədə verilən fitva bizə şamil edilə bilməz

Mübariz Qurbanlı: Başqa ölkədə verilən fitva bizə şamil edilə bilməz

11-09-2018, 17:30
Oxunub: 3 997 Mübariz Qurbanlı: Başqa ölkədə verilən fitva bizə şamil edilə bilməzAzərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fitvalar da vətəndaşlar üçün icbari xarakter daşımır.

Bolgexeber.com -un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini mərasimlər: ənənəvilik və müasirlik” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir:

“Dünyanın bir çox ölkələrində bu prinsip tətbiq edilir. Sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, amma Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət-din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olunub”.

Mübariz Qurbanlı bildirib ki, istər İslam dini olsun, istər qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə müdaxilə etmir:

“Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fitvalar da vətəndaşlar üçün icbari xarakter daşımır. Din də dövlət siyasətinə müdaxilə etmir. Digər ölkədə hansısa bir fitva verilirsə, bu, bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvalara əməl edilir”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, kənardan kimsə gördüyü nəyisə gətirib Azərbaycanda tətbiq etməməlidir:

“Buna qanun imkan vermir. Bizim dövlət öz yolumuzla gedir. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası müqəddəsdir. Biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayıb. Bütün tədbirlər, o cümlədən Aşura yalnız QMİ-nin fitvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verilməməlidir”.