BolgeXeber.Com » Xəbərlər » UNEC tələbələrini narazı salan nədir? - İDDİA

UNEC tələbələrini narazı salan nədir? - İDDİA

17-09-2018, 11:41
Oxunub: 1 832 UNEC tələbələrini narazı salan nədir? - İDDİAAzərbaycan Dövlət Iqtisad Universitetinin professor və müəllimlərinin ardıcıl olaraq şikayətləri ilə rastlaşmışıq

Rektor Ədalət Muradovun ADİU müəllimi tərəfindən məhkəməyə verilməsinədək… Bu dəfə isə artıq tələbələr dilə gəldilər.
“Təzadlar”a təqdim edilmiş şikayət məktubunu təqdim edirik və ali təhsilə nəzarət edən aidiyyəti dövlət qurumları rəhbərlərinin bu ətrafda düşünüb nəticə çıxarmalarını istərdik.
Beləliklə, ADİU tələbələri yazır:
“Hörmətli “Təzadlar”! Xahiş edirik bu şikayətimizi qəzetin rəhbərliyinə çatdırasınız, bizə təcili kömək lazımdır.
Biz Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi Sizə müraciət etmək məcburiyyətində qalmışıq.
Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinə böyük həvəslə qəbul olunduq. Bizə bunu yuxarı kursların tələbələri tövsiyyə etmişdilər. Amma müəyyən müddət oxuduqdan sonra fakültədə müəyyən işlərin düzgün yolla getmədiyinin şahidi olduq. Belə ki, rektor, hörmətli Ədalət Muradov tərəfindən fakültə rəhbərliyinə heç bir elmi karyerası olmayan Yusif Alıyev təyin edilmişdir. Həmin Yusif Alıyev həm kafedra müdiri, həm dekan, həm də dekan müavini vəzifələrini icra edir. Bu Azərbaycan təhsil tarixində görünməmiş bir haldır. Doğrudanmı Ədalət Muradovun prorektoru və sağ əli Damət Bağırovla apardığı islahat budur?! Bəlkə universitetdə başqa peşəkar müəllim-təhsil adamı yoxdur. Var. Sadəcə hörmətli rektor bütün işləri ətrafının məsləhəti ilə edir deyə belə acınacaqlı vəziyyət yaranıb. On görə də narazılıq günbəgün artır.
İndi biz tələbələr də bir problem olduqda kimə mürciət edəcəyimizi belə bilmirik. Doktorantura təhsili belə olmayan bir şəxsin belə əhəmiyyətli vəzifədə olması (həm də uzun illər) zəngin ənənələri olan fakültəni demək olar ki, çökdürmüşdür, heç bir elmi karyerası olmayan bir şəxs tanınmış elm adamlarını (Araz Aslanlı, Oqtay Quliyev, Elşən Məmmədli, Ziyadxan Həsənov, Bəsti Əliyeva və başqaları…) naşı idarə etmə vəzifəsi ilə “şərəfləndirmişdir”.
Indi də rektor Ədalət Muradov yerlisi Nazim Cəfərsoyu və ya tələbə yoldaşının oğlu Qadir Bayramlını kafedra müdiri təyin etmək istəyir. Amma fakültədəki narazılıqlardan ehtiyat edərək hələki bunu etmir. Hər görüşdə “Mən universitetimizi SNQ-nin birinci universiteti edəcəyəm” deyən rektor Ədalət Muradov bu gedişlə nəyə nail olmaq istəyir.
Hörmətli baş redaktor, xahiş edirik, fakültəmizdəki dözülməz vəziyyəti müvafiq orqanların, xüsusən də cənab Prezident İlham Əliyevin, Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın diqqətinə çatdırasınız.
Dərin hörmətlə: ADİU-nun Türk Dünyası İşlətmə Fakültəsinin bir qrup tələbəsi(bəlli səbəbdən xahiş edirik hələlik adımızı qeyd etməyin)".
“Təzadlar”dan: məsələnin ciddiliyini nəzərə alaraq bu müraciəti münasibətini bildirməsi üçün rektor Ədalət Muradova göndərdik. Eləcə də adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.