BolgeXeber.Com » Media » Telekanallar tütünlə bağlı qadağaya əməl etmir - XƏBƏRDARLIQ

Telekanallar tütünlə bağlı qadağaya əməl etmir - XƏBƏRDARLIQ

17-09-2018, 12:35
Oxunub: 3 604 Telekanallar tütünlə bağlı qadağaya əməl etmir - XƏBƏRDARLIQ“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun müvafiq maddələrinin tələblərinə telekanallar tərəfindən əməl olunmur”.

Bunu Open.az-a Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O bildirib ki, qanunvericiliklə bütün televiziya-radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə maarifləndirici verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdırlar: “Eyni zamanda, verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təqdim edilməlidir. Lakin televiziya və radio yayımçıları tərəfindən qanunvericiliyə əməl olunmur”.

Aparat rəhbərinin sözlərinə görə, efirdə tütün məmulatlarının istifadəsinin nümayişi açıq şəkildə yayımlanmamalıdır.

T. Məmmədov qeyd edib ki, bu məsələdə də telekanal və radio yayımçılarının qanunvericiliyə əməl etmədiyi aşkarlanıb: “Bildiyiniz kimi, Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən telekanalların efirində tütün məmulatlarının üstü örtülür. Sadaladığım faktlarla bağlı Milli Televiziya və Radio Şurasında ciddi məsələ ortaya qoyulub və nəzarət tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul edilib. Əgər telekanal və radiolar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun müvafiq maddələrinin tələblərinə əməl etməyəcəklərsə, tərəfimizdən inzibati tənbeh tədbirləri tətbiq ediləcək”.