BolgeXeber.Com » Analitika » Məhərrəm ayında toy etmək olar - İlahiyyatçı

Məhərrəm ayında toy etmək olar - İlahiyyatçı

18-09-2018, 11:43
Oxunub: 5 307 Məhərrəm ayında toy etmək olar - İlahiyyatçıMəhərrəm ayı Hicri tarixi ilə yeni ilin birinci ayı hesab edilir

Biz də Hicri tarixlə 1440-cı ilə qədəm qoyduq. Bu ay haram aylardan biridir. Allah təala bu haram ayı bizim üçün xeyirli-bərəkətli etsin.

Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. O bildirib ki, bu ayda tutulan oruc ən fəzilətli orucdur:

“İbn əl-Cövzi buyurur: “Allah sənə rəhm etsin, ey mənim qardaşım, bil ki, həqiqətən də Məhərrəm ayı ən qiymətli, ən hörmətli aylardan biridir. O ay ona görə Məhərrəm (Haram ay) adlandırılıb ki, bu ayda döyüşmək (dava etmək, müharibə etmək) qəti olaraq haramdır”. Bu ay haram ayların içərisində birinci aydır. Müslimin Əbu Hüreyrədən rəvayət etdiyi hədisdə Allah Rəsulu belə deyib: “Ən üstün (ən fəzilətli oruc), Ramazan ayından sonra, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. İnsanlar bu məsələ barəsində belə deyiblər: Tatavvu (nafilə) oruclar iki növdür: Birincisi, mütləq tatavvu (nafilə) oruclar, bunların ən üstünü, fəzilətlisi Məhərrəm ayında tutulan oruclardır, bu gecə namazının digər nafilə namazlardan üstün olması kimidir. Yəni necə ki, nafilə namazlar içərisində ən üstünü, ən fəzilətlisi gecə namazı sayılırsa, nafilə oruclar içərisində də ən üstünü və ən fəzilətlisi Məhərrəm ayında tutulan oruclar sayılır. Xüsusən Aşura günü tutulan oruc; İkincisi isə Ramazan ayından əvvəl və Ramazan ayından sonra tutulan oruclardır. Ramazandan əvvəl Şaban ayının orucu və Ramazandan sonra Şəvval ayından altı gün oruc tutmaq kimi. Bu isə mütləq nafilə oruc deyildir”.
Əkrəm Həsənov onu da bildirib ki, bu ayda toy etmək qadağan deyil:

“Məhərrəm ayında toy etmək olmaz” və bu kimi digər deyimlər xurafatdır. Toy etməklə bağlı heç bir qadağa yoxdur. Bu ay çox əzəmətli və hörmətli ay, haram aydır. Yəni qorunması lazım olan aylardandır. Qorunma dedikdə, onu başa düşməliyik ki, bu ayda bütün haramları tərk etməliyik: əgər aramızda siqaret çəkən, yalan danışan, söz gəzdirən, qeybət edən, böhtan atan, zina edən, vaxtını boş-boş keçirən varsa, dərhal tövbə edib bu haramdan əl çəkməlidir, özünü, özümüzü düzəlməliyik. Bu ay bizə verilən bir fürsətdir. Gəlin bu fürsətin qədrini bilək. Bu ayda gəlin saleh əməllərimizi çoxaldaq, günah və haramları tərk edək. Qurani-Kərimi öyrənək, oxuyaq, əməl edək. Özümüzün də əl çəkmək istədiyimiz bütün pisliklərdən əl çəkək”.