BolgeXeber.Com » Gündəm » Respublika Klinik Xəstəxanası zəlil günə qalıb - İttiham

Respublika Klinik Xəstəxanası zəlil günə qalıb - İttiham

28-09-2018, 12:16
Oxunub: 5 760 Respublika Klinik Xəstəxanası zəlil günə qalıb - İttihamM.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının problemləri bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir

Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Ölkənin bu ən böyük tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz.

Rüşvətxorluqla savaşırıq, ya barışırıq?

Bu Hamletsayağı sual Klinik Xəstəxananın giriş qapılarından içəri daxil olduğu andan, buranı sağ-salamat (əgər müyəssər olarsa) tərk edənə qədər hər bir vətəndaşın beynini dələn əsas suala çevrilir. Bəlkə də kiməsə belə bir sualın ciddi problem formasında ortaya qoyulması gülünc görünə bilər. Amma bu zaman əminliklə demək olar ki, həmin insanın nə özünün, nə də yaxınlarının səhhətində heç bir problem yaşanmır. Əlbəttə, əgər siz Respublika Klinik Xəstəxanasında müayinə olunmaq və ya müalicə almaq məcburiyyətində deyilsinizsə, bu zaman korrupsiya və rüşvətxorluğa qarşı istənilən şüarı da cəsarətlə irəli sürə bilərsiniz. Əks halda isə… Əks halda isə əliniz cibinizdə, diliniz də boğazınızda olmalıdır. Hərçənd üçüncü, alternativ variant da var – xəstəniz qucağınızda qala bilər. Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur.
Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Amma bunlar hələ necə deyərlər, içəridə təqdim olunan əsil tamaşanın sadəcə üvertyurasıdır.

Məlum oluğu kimi dünyanın heç bir xəstəxanasında reanimasiya otağına kənar şəxslər buraxılmır. Ancaq Respublika Klinik Xəstəxanasında bu sahədə də vəziyyət fərqlidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Pulunuz varsa, 10-20 manat verin, keçib xəstənizi görün. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar isə reanimasiya otağındakı həkimə və tibb bacılarına hər gün pul verdiklərini deyirlər: “Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur.


Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, adı dövlət xəstəxanasıdır”. Ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.

Ailə neçə nəfərdən ibarət olmalıdır?

Hələ bir neçə il bundan əvvəl orta statistik Azərbaycanlı ailəsində 3-4, bəzən isə daha çox uşağın olması normal hal idi. Amma bu gün yeni ailə quran gənclər dünyaya övlad gətirmək qərarına gəlmək üçün xeyli düşünüb, götür-qoy etməli olurlar. Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin baş həkimi Zəhra Abbasovanın “iş üsulları” ilə tanış olanlar isə hətta iki dəfə düşünürlər. Belə ki, şöbəyə bitişik gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyən gənc ataların əhval ruhiyyəsində hər zaman sevinc hissindən daha çox bir narahatlıq hiss olunur.

Daha çox Zara xanım kimi tanınan baş həkimin təyin etdiyi qiymətlər cədvəli isə bu narahatlığın əsassız olmadığına bir sübutdur.


Məsələn, həyat yoldaşının qeysəriyyə əməliyyatı ilə ana olacağını deyən bir vətəndaş bunun üçün həkimə 700 manat ödəməli olacaqlarını bildirdi. Lakin bu məbləğə hələ gələcək ananın xəstəxanada qalmaq pulu daxil deyil. Nisbətən daha rahat palatada qalmaq üçün xəstə əlavə 50 manat da ödəməlidir. Adi doğuş üçün isə xəstələr 400-450 manat ödəməli olurlar. Qeysəriyyə əməliyyatına girənləri isə hələ əlavə xərclər də gözləyir. Belə ki, əməliyyata girmədən öncə xəstənin yaxınlarına əməliyyat üçün lazım olan və olmayan dərmanların, preparatların böyük bir siyahısı verilir.

Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat pul xərclənir. Belə prosedurları keçənlər isə iddia edirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Halbuki xəstəxanalarda xəstələrə pulsuz verilən dərmanların siyahısı olur. Lakin bütün bunlar içəridə anaları gözləyən daha çətin sınaqların yanında heç nədir. Dəqiq məlumatlara görə xəstəxanada hər ananın gündəlik 15-20 manat əlavə xərci çıxır. Uşaq həkiminə, hər gün uşağa baxan növbətçi tibb bacılarına mütləq hörmət olunmalıdır.