BolgeXeber.Com » Xəbərlər » Toğrul İsmayıl Etimad İsmayılovun qətlindən danışdı

Toğrul İsmayıl Etimad İsmayılovun qətlindən danışdı

22-09-2018, 14:03
Oxunub: 2 605 Toğrul İsmayıl Etimad İsmayılovun qətlindən danışdıEtimad İsmayılovun həyat yoldaşı Sevil xanımı (Sevil Nuriyeva – red.) daha çox tanıyıram, işimizə görə bir-birimizi yaxşı tanıyırıq

Etimad bəy də burada kifayət qədər tanınırdı. Etimad bəyin ölümünə səbəb olan qatillə isə heç bir əlaqəm yoxdur. Mən burada elm sahəsində olan insanları daha çox tanıyıram. Biznes mühitində olanlarla o qədər də əlaqəm yoxdur.

Bolgexeber.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl İstanbulda iş adamı Etimad İsmayılovun qətli və digər bəzi məsələlərlə bağlı “Yeni Müsavat”a geniş müsahibəsində bildirib.

T.İsmayıl qeyd edib ki, həmyerlilərimiz arasında qətllə nəticələnən belə hadisələr problemləri dialoq yolu ilə həll etməmək səbəbindən tez-tez baş verir:

“Düşünürəm ki, bu məsələ bir qədər şişirdilir. Düzdür, bizə düşmən lazım deyil. Rusiya və digər ölkələrdə iş adamlarımız ortaqlarını, həmyerlilərini qətlə yetirirlər. Cəmiyyətlərdə olan neqativ hallar fərdlərin üzərinə çökür. Bu da harada yaşamağından asılı olmayaraq, özünü göstərir. Mənə görə insan həyatı puldan qat-qat üstündür. Pula görə insanı qətlə yetirmək doğru deyil. Maddiyyatın hər şeyin üzərinə çıxdığı cəmiyyətlərdə belə məsələlər daha çox qabarır. Burada çoxlu ziyalıımız, iş adamımız var. Ziyalılarla iş adamlarının bir araya gəlib görüşdüklərini görmədim. Diasporun fəaliyyəti də görünmür.

Mən Kahramanmaraşdayam. Burada universitetdə dərs deyirəm. Burada azərbaycanlı tələbələr az deyil. Durumları bərbad gündədir. Hanı azərbaycanlı iş adamları? Milyonlar, milyardlar qazanırlar. Amma kimə dəstək olublar?”

Professor bildirib ki, Etimad İsmayılovun qətlini şiddətli şəkildə qınayır:

“Nə deyirlər desinlər, nə problem olursa olsun, iki nəfər arasındakı problem qətllə nəticələnməməlidir. Etimad bəyin övladı yetim qaldı. Bu yetimin göz yaşını milyonlarla, milyardlarla pul əvəzləyə bilməz. Bunu insanlarımız anlamalıdırlar. İnsan həyatına bir dəyər kimi baxılmalıdır”.

T.İsmayıl Etimad İsmayılovun cənazə namazında Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun iştirakı barədə də fikir bildirib:

“Sevil xanım Türkiyədə populyar bir jurnalistdir, telekanallarda çox ciddi proqramlara qatılır. İqtidara yaxınlığı ilə tanınan bir şəxsdir. Hakim dairələrdə kifayət qədər tanınır. Kim imkan tapmışdısa, cənazə namazına qatılmışdı. Bu baxımdan burada başqa nələrisə düşünmək doğru deyil. Mən şəxsən o mərasimə işdə olduğum üçün qatıla bilmədim. Amma bizim də ailədən orada iştirak edən oldu. Bu da bizim borcumuzdur. Sevil xanımın siyasi baxışlarına qatılarsınız, yaxud qatılmazsınız, amma o, Azərbaycan üçün bir dəyərdir.

İş adamı olaraq Etimad bəy də kifayət qədər tanınırdı. İş adamı kimi hökumətlə də müəyyən işlər görürdü.

Türkiyədə bizə münasibət həmişə yüksək səviyyədə, qardaş münasibəti olub. Bu bir cinayətdir. Öldürən də mərhumun iş ortağıdır. Burada bizlərə qarşı hər hansı bir xoşagəlməyən münasibət olsaydı, bu gün biz dövlət universitetində professor və kafedra müdiri olmazdıq. Yaxud belə bir şey olsaydı, bu gün Sevil xanıma problemlər yaradılardı. Azərbaycan türklərinə burada qardaş gözü ilə baxırlar. Azərbaycanlıları burada öldürürlər kimi fikirlər səsləndirmək heç kimə yaraşmaz. Son qətldə öldürülən də, öldürən də azərbaycanlıdır. Daha öncə İstanbulda bir cinayət baş vermişdi, onu da edən azərbaycanlılar olmuşdu”.