XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Həlli tapılmayan dollar kreditləri problemi

Həlli tapılmayan dollar kreditləri problemiXəbər verildiyi kimi, sentyabrın 22-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilib

İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Belə bir qərarın qəbul edilməsinin əleyhinə Konstitusiya Məhkəməsinin hakimlərindən yalnız bir nəfər-İsa Nəcəfov səs verib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi, 21 dekabr 2015-ci il tarixli qərarı ilə isə manatın üzən məzənnə rejiminə keçilməsi nəticəsində Azərbaycan manatı 2015-ci ilin 10 ayı ərzində iki dəfə devalvasiyaya uğrayıb. Nəticədə banklardan ABŞ dolları ilə yüksək faizlərlə kredit götürən vətəndaşlarımız ciddi problemlərlə üzləşiblər. Kreditlərin geri qaytarılmasında çox ciddi problemlər meydana gəlib. Azərbaycan məhkəmələrində vaxtı ötmüş problemli bank kreditləri ilə bağlı saysız-hesabsız iddia işlərinə baxılır. İnsanlar vətəndaşı olduğu Azərbaycan dövlətindən bu məsələ ilə bağlı ədalətli qərar veriləcəyinə böyük ümid bəsləyirdi. Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabrda verdiyi qərar bu ümidləri də heçə endirmiş oldu.

Dollarla götürülmüş kreditlər probleminin yalnız vətəndaşların üzərində saxlanması deputatların da narazılığına və iradına səbəb olub.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində deyib ki, ən əsas şərt vətəndaşdır, vətəndaşın hüquqları birinci növbədə qorunmalıdır: “Mülkiyyətin formaları mövcuddur. Hər bir mülkiyyət qorunan mülkiyyətdir, şəxsi mülkiyyət də, dövlət mülkiyyəti də, özəl mülkiyyət də. O baxımdan da qəbul olunan qərarda mülkiyyət formalarının hər bir tərəfi nəzərə alınmalıdır ki, ortaq nöqtə tapılsın. Özəl banklar var ki, bu dövr ərzində kifayət qədər pul qazanıblar. Məsələn, dollarla depoziti 3 faizə götürürlər, amma krediti 11-12 faizə verirlər. Uzun illər ərzində bundan banklar qazanıb. Özəl banklar indi bunu dövlətin üstünə yükləməməlidir, özləri də məsuliyyətlərini dərk etməlidir və ortaya çıxmalıdırlar. İkinci tərəfdən, vətəndaşlarla bağlı fikrimi bildirim. Vətəndaş var ki, bu krediti zərurətdən götürüb. Deməli, o nəzərə alınmalıdır, bu, böyük təhlilə ehtiyac olan məsələdir. Kredit götürüb ki, iş yerləri açsın, fermer təsərrüfatı yaratsın. Biri də kefdən kredit götürüb ki, 100 minlik maşın alsın. Bununla digər vətəndaş tərəzinin eyni gözünə qoyula bilməz. O gəlib zəhmət çəkməli, həmin pulu ödəməlidir. Deyir ”yağmadı yağış, bitmədi qamış". Tutaq ki, quraqlıq olub, yaxud təsərrüfatına xəstəlik düşüb və nəticədə krediti qaytara bilmirsə, bunlar sığortalanmalı və nəzərə alınmalıdır. Bank da buna güzəştə getməlidir. Ancaq kim ki, maşınını dəyişib, daha bahalısını sürmək istəyib, bunun üçün kredit götürüb, zəhmət çəksin, gedib kreditini ödəsin! Biz təhlillər aparmışıq, Azərbaycanda kreditlərin böyük hissəsi, 50 faizindən çoxu məhz ikinci hissəyə aiddir. Əmək haqqının miqdarına, dolanışıq səviyyəsinə baxmayaraq, bəhsə girib daha yaxşı maşın almaq istəyib. Burada əhalinin bütün təbəqələrinə aid olan şəxslər var. Gedib maşın alıb, banka girov qoyub, indi də bankla üz-üzə qalıb".

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2015-ci ildəki devalvasiyalar nəticəsində əhalinin əmanətləri faktiki olaraq müəyyən qədər dəyərsizləşdi. Bunun qarşısının alınması üçün Azərbaycan hökuməti tərəfindən müəyyən tədbirlər görülməliydi ki, vətəndaşlar mümkün qədər zərərə düşməsin: “Biz mütəmadi olaraq bu məsələyə Milli Məclisdə toxunmuşuq. Hətta mən və həmkarım Əli Məsimli 14 səhifədən ibarət təkliflər paketi də hökumətə göndərmişik. Həm bank sisteminin sağlamlaşdırılması, həm də bu məsələnin həllini nəzərdə tutan təkliflər var idi. Qeyd etmişdik ki, bu problemin həlli yalnız dövlətin üzərində olmasın, dövlət, banklar, Mərkəzi Bank və əhali arasında bölüşdürülsün. Amma çox təəssüf ki, bu təkliflərə baxılmadı və məsələ öz həllini tapmadı. Millət vəkili olaraq şəxsən mən kredit problemi ilə əlaqədar əhalidən mindən çox məktub, müraciətlər almışam. Düzdür, Maliyyə Bazarına Nəzarət Palatası ilə, bankların rəhbərliyi ilə müəyyən əlaqələrimiz var və müraciətlərimiz olur. Nəticədə müəyyən güzəştlərə gediblər. Xüsusilə Maliyyə Bazarına Nəzarət Palatasının icraçı direktoru İbrahim müəllimlə olan danışıqlar müəyyən müsbət nəticələrə gətirib çıxarıb. Amma ümumi olaraq problem qalır və bu problem əhalinin problemi kimi üzərinə yüklənib. Eyni zamanda bu vəziyyət ölkədə bank sisteminin problemidir. Birincisi, bank sisteminin sağlamlaşdırılması prosesi getməlidir. Bu, cənab prezidentin də göstərişidir ki, bank sistemində ciddi islahatlar aparıb bank sistemini sağlamlaşdırmaq lazımdır. İkincisi, əhalinin borcu olan əmanətlər məsələsini həll etmək lazımdır. Çünki borc qaldıqca üzərinə faiz gəlir və problem daha da ağırlaşır. Yaxşı ki, bəzi bank rəhbərləri müəyyən güzəştlərə gedirlər, yoxsa problem daha da kəskinləşər”.

Deputat hesab edir ki, kredit borcları məsələsinə Azərbaycan hökuməti çox ciddi şəkildə baxmalıdır. Bu problemi yalnız əhalinin üzərində saxlamaqla həll etmək mümkün deyil: “İnsanlara güzəşt edilməlidir. İnsanların vəziyyətini başa düşmək lazımdır. Müəyyən kriteriyalar müəyyən edilərək buna uyğun gələn insanlara güzəştə getmək lazımdır. Milli Məclisdə yenə biz bu məsələyə qayıdacağıq ki, bu problem hökumət, dövlət tərəfindən nəzarətə götürülsün”.
“Yeni Müsavat”
Bölmə: Analitika | 27 sentyabr 2018 10:43 | Baxış sayı: 107





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: