BolgeXeber.Com » İqtisadiyyat » Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldı

Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldı

1-10-2018, 17:53
Oxunub: 2 790 Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldıƏmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi prosesini məsafəsiz reallaşdırır. Belə ki, Elektron hərrac sistemi investorlara əlavə vaxt qazandırmaqla operativ xidməti təklif edir.

Komitənin mətbuat xidmətindən Bolgexeber.com -a bildirilib ki, özəlləşdirmə portalında mövcud imkanlarla elektron formada seçim və sifariş etmək mümkündür. Bu elektron mənbə hərrac keçirilən vaxt sifarişçilərin və ziyarətçilərin onlayn iştirakına da şərait yaradır. Müasir hərraclarda əlçatan üstünlüklər investorların özəlləşdirmədə iştirakı və biznes planlarını reallaşdırması üçün rahat şəraiti təmin edir.

Qeyd olunub ki, oktyabrın 30-da komitə tərəfindən növbəti hərrac baş tutacaq. Hərraca ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Məişət, iaşə, qida, tikinti və digər sahələrə aid kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir.

Xidmət sahəsi üzrə fəaliyyətə imkan verən mağaza Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 227,9 kvadratmetrdir. Hərracda fəaliyyətini yenidən quran investoru daha çox gəlirlə təmin edə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən şadlıq evini də misal göstərmək olar. Torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan əmlakın ümumi faydalı sahəsi 1772,7 kvadratmetrdir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 17-si paytaxtda, 6-sı Sumqayıt şəhərində yerləşir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 1612 kvadratmetr intervalındadır. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən qeyri-yaşayış sahəsi ofis və ya xidmət obyekti kimi uğurlu seçim ola bilər. Dövlət obyektinin ümumi faydalı sahəsi 82,3 kvadratmetr, təyin olunan ilkin hərrac qiyməti isə 7 min 500 manatdır.

Müxtəlif həcmli nizamnamə kapitalına malik olan səhmdar cəmiyyətləri Bakı, Şirvan, Lənkəran, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Bu növdən olan dövlət əmlaklarına misal olaraq Sabunçu Ticarət Təchizat, Əli Bayramlı Kimyəvi Təmizləmə, Neftçala Ət və digərlərini göstərmək olar. Avtomobil sahibi olmaq istəyən vətəndaşların da budəfəki hərracda geniş seçim imkanı var. “Toyota”, “Mercedes”, “QAZ” və “Fiat” kimi markalardan olan bu nəqliyyat vasitələrinin buraxılış tarixi 1999-2009-cu illərdir.

Hərracda iştirak etmək istəyən vətəndaşlar özəlləşdirməyə çıxarılan dövlət əmlaklarına sifariş vermək üçün Özəlləşdirmə portalına (privatization.az) və ya komitənin rəsmi saytına (emdk.gov.az) daxil ola bilərlər.

Mövcud əmlak siyahısından seçim edərək ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyən şəxs həmin dövlət əmlakı üzrə sifarişçiyə çevriləcək. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını eləcə də, prosesi izləmək istəyən hər kəsi hərraclarda iştiraka dəvət edir.
Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldı
Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarıldı