BolgeXeber.Com » Ölkə » Azərbaycanda altı məhkəmə hakimi cəzalandırıldı

Azərbaycanda altı məhkəmə hakimi cəzalandırıldı

9-10-2018, 17:24
Oxunub: 2 489 Azərbaycanda altı məhkəmə hakimi cəzalandırıldıMəhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda Şuranın sədri Fikrət Məmmədov çıxış edib.

İclasda Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq, 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb.

İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq, qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, dörd hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.