BolgeXeber.Com » Bölgə » Həkimlə hakimin anlaşması rayonu qarışdırıb

Həkimlə hakimin anlaşması rayonu qarışdırıb

31-07-2010, 10:40
Oxunub: 6 249
Şahin Quliyev övladı ölmüş şəxsin şikayətini bir kənara qoyaraq, həkim Arzunun iddiasını təmin etməsi Saatlıda əsəbləri tarıma çəkib

Saatlıda növbəti bir özbaşınalıq hadisəsi qeydə alınıb. Verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinin müdirəsi Arzu xanım barəsində məhkəməyə edilən şikayətə baxan yoxdur. Daha doğrusu, baxan var, sadəcə, ədalətli qərar çıxaran yoxdur.

Rayondan aldığımız məlumata görə, xeyli müddətdir sözügedən şöbədə çalışan Arzu xanım haqqında kifayət qədər şikayətlər olub. İndiyə qədər onun xəstələrə olan münasibəti və bacarıqsızlığı barədə Saatlıda kifayət qədər söz söhbətlər yaranıb. Səbəb də budur ki, doğuş şöbəsinə gətirilən gənc anaların böyük əksəriyyəti buradan travma ilə çıxıb. Belə ki, doğulan uşaqların bir qismi ya şikəst olub, ya da həkim bacarıqsızlığı ucbatından dünyaya göz açmamış tələf olub. Amma hər dəfə edilən bu şikayətlərə rəğmən Arzu xanıma kimsə bir kəlmə də olsun söz deməyib.

"Bolgexeber" e verilən məlumata görə, ötən il baş vermiş bir hadisə isə ortalığı tamamilə qarışdırıb. Belə ki, Arzu xanımın bacarıqsızlığı ucbatından ana olmaq üzrə olan qadınlardan biri elə xəstəxanadaca dünyasını dəyişib. Mərhumənin valideynləri məsələ ilə bağlı rayon məhkəməsinə müraciət edərək, işin araşdırılmasını və həkimin cəzalandırılmasını tələb ediblər. Amma Saatlı rayon məhkəməsinin hakimi Şahin Quliyev Arzu xanımı müdafiə edərək, onun xeyrinə qərar çıxarır. Rayondakı mənbələrin iddiasına görə, vəziyyətin belə şəkil almasına səbəb həkimin hakimə pul verməsi olub.

Qeyd edək ki, məhkəmənin ədalətsiz qərar çıxarmasından şikayətçi olan şəxslər bu barədə səhiyyə naziri Oqtay Şirəliyevə məktub ünvanlayırlar. Və qısa müddət ərzindən nazirin ünvanladığı məktub əsasında məhkəmənin qərarı ləğv olunur. Amma Arzu xanım da sakit oturmayıb bu məsələ ilə əlaqədar Apellayasiya Məhkəməsinə şikayət verir və orada öz xeyrinə qərar çıxardır.

Mənbələr bildirir ki, hal hazırda rayonda bununla bağlı vəziyyət xeyli gərgindir. Apellayasiya Məhkəməsinin qərarına etiraz edən mərhumənin valideynləri rayon rəhbərliyinə etirazlarını bildirib, ədalətli qərarın verilməsini tələb edirlər.