BolgeXeber.Com » Xəbərlər » Kərəm Həsənov Qubada vətəndaşları qəbul etdi - FOTO

Kərəm Həsənov Qubada vətəndaşları qəbul etdi - FOTO

19-10-2018, 14:34
Oxunub: 2 479 Kərəm Həsənov Qubada vətəndaşları qəbul etdi - FOTOMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 19-da Quba şəhərində vətəndaşları qəbul edib.

Bolgexeber.com xəbər verir ki, qəbul çərçivəsində Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda fərdi müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, mülkiyyət hüququnun əldə edilməsi qaydası, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları ilə bağlı olub. Həmçinin vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, dövlət əmlakının özəlləşdirilməsi də vətəndaşları maraqlandıran məsələlər olub.

Qəbulda səsləndirilən vətəndaş müraciətlərini diqqətlə dinləyən komitə sədri bir sıra məsələlərin qanunvericilik çərçivəsində dərhal həll olunması üçün göstərişlərini verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərin isə aidiyyəti qurumlara göndəriləcəyi barədə müraciət edənlərə məlumat verilib. Vətəndaşların ünvanlandığı bəzi araşdırılma tələb edən müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri Kərəm Həsənov bildirdi ki, Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixində qəbul etdiyi fərmana uyğun olaraq artıq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında aparılacaq. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən, respublika üzrə mövcud kənd təsərrüfatı təyinatlı torpaqların düzgün idarəsinin təşkili ilə bağlı komitə bir sıra tədbirlər həyata keçirir. İcarəyə verilən bu kateqoriyadan olan torpaqların mühafizəsi, münbitliyinin qorunması, icarədarlar tərəfindən səmərəli istifadəsi komitənin diqqət mərkəzindədir.

Ölkə üzrə elektron kadastr sistemi barədə vətəndaşlara məlumat verən komitə sədri bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 25 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb.

Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosesini optimallaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün müxtəlif bölgələr üzrə sosial aksiyalar təşkil edilir. Vətəndaşlara təklif olunan səyyar xidmətlərin keyfiyyətini yüksəltmək üzrə prosesdə bir sıra yeniliklər tətbiq edilir. Daha geniş mobil ofislərin prosesə cəlb edilməsi, yeni və müasir texnologiyanın istifadəsi ilə artıq operativ xidmətlər daha çox vətəndaş kütləsinə yönəlib.

Qəbul zamanı komitə sədri göstərilən xidmətlərdə şəffaflığın və əlçatanlığın təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.
Kərəm Həsənov Qubada vətəndaşları qəbul etdi - FOTO
Kərəm Həsənov Qubada vətəndaşları qəbul etdi - FOTO