BolgeXeber.Com » Xəbərlər » Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü – Bakıda qandonduran cinayət

Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü – Bakıda qandonduran cinayət

20-10-2018, 11:36
Oxunub: 1 735 Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü – Bakıda qandonduran cinayətBakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın xəbərinə görə, İttiham aktında qeyd olunub ki, İbrahim Sadıqov Ucar şəhər sakini Günel Əsgərova ilə evlənmək istəyib. Amma Günel təhsilini davam etdirmək istədiyini əsas gətirərək, İbrahimlə ailə qurmaqdan imtina edib.

Sevdiyi qızdan “yox” cavabı aldı

Günel təhlisini davam etdirmək məqsədilə paytaxta gəlib. O, xalası oğlu, 1984-cü il təvəllüdlü İslam Hüseynovun kirayə yaşadığı evdə məskunlaşıb, təhsil aldığı kollecə gedib-gəlib.

İbrahim də sevdiyi qızın arxasınca paytaxta gəlib və burada ev kirayələyərək yaşamağa başlayıb. O, 15 fevral 2017-ci il tarixdə, saat 16.30-da kirayədə yaşadığı evdə olarkən Günel Əsgərovanın Bakı Biznes Kooperasiya Kollecindəki təhsili ilə əlaqədar Nərimanov rayonu ərazisində kirayədə yaşayan xalası oğlunun evində olmasını eşidib.

Əvvəl qızla danışdı, sonra...

Daha sonra İbrahim Günellə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışıb Günel xalasının ailəsinin onların evlənmələrinə razı olmadığını bildirib.

Bundan sonra İbrahim İslamla bu məsələni danışmalı olub. Danışıq zamanı İbrahim Güneli anası ilə birlikdə qaçıracağını zarafatla deyib, özündən yaşca çox böyük və ailəli olan İslamı qıcıqlandırmaqla əsəbiləşdirib.

Telefonda yaranan mübahisə

Bu hərəkətləri ilə İbrahim İslamı mübahisəyə təhrik edib. Mübahisə zamanı İslam ona yaşca kiçik olmasını və aralarında belə zarafatları olmadığını deyib.

İslamın bu iradına İbrahim kobud formada cavab verib. Həmin vaxt İslam ona təhqiredici ifadələr işlədib. Buna görə də İbrahim aralarındakı mübahisəni axşam görüşüb, aydınlaşdırmağı İslama təklif edib.

Dayısı tənbeh etdi, amma razılaşmadı

Həmin vaxt İbrahimin evdə qonaq olan dayısı onların söhbətlərini eşidib, ondan qohumları İslamla zarafat etməməyi, mübahisəyə son qoymasını tələb edib.

Buna baxmayaraq, İbrahim sakitləşməyib, istifadəsindəki mobil telefonla İslamla danışaraq, axşam mütləq görüşməyi bir daha təkid edib.

İbrahim qanunsuz olaraq əldə etdiyi ov bıçağını götürüb və saat 19 radələrində İslamın mobil telefonuna zəng vurub, onunla Ağa Nemətulla küçəsində görüşməyi razılaşdırıb.

Görüş yerində mübahisə

İslam öz qardaşı ilə birlikdə həmin yerə yollanıb. Yolda mobil telefonla İbrahimlə əlaqə saxlayıb, qıcıqlandıracaq sözlərlə onu əsəbiləşdirib, nalayiq sözlər işlədib.

Bundan qəzəblənən İbrahim İslamı qəsdən öldürmək qərarına gəlib. İbrahim saat 20 radələrində “Araz Market”in yaxınlığında avtobusdan düşüb, İslamı ora gəlmiş qardaşı Ruslandan kənara çəkib.

Ürəkdən vurulan zərbə

İbrahim İslamın qardaşına yalandan onunla söhbət etmək istədiyini bildirib, aldadaraq İslamı söhbət edə-edə yaxınlıqdakı Nərimanov rayonu, Ş.Mirzəyev küçəsindəki 307 saylı evin bərabərinə aparıb.

Orada söhbət edərkən İbrahim qəflətən bıçaqla İslamın ürək nahiyəsinə bir neçə zərbə vurub. İslam aldığı xəsarətdən hadisə yerində ölüb.

İki maddə və 18 il həbs

İstintaq orqanı tərəfindən İbrahim Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlə razılaşmayan İbrahim Bakı Apelyasiya Məhkəməsinə, daha sonra isə Ali Məhkəməyə müraciət edib.

Hər iki instansiya onun barəsində olan hökmü qüvvədə saxlayıb.