loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO

Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTOAzərbaycanın ilk "plus size" modeli Şahanə Nadirli son dövrlərdə model biznesində böyük populyarlıq qazanıb

O, Sputnik Azərbaycan-a müsahibəsində özü və uğurları barədə danışıb.
— Şahanə, mümkünsə, oxuculara özünüz haqda məlumat verərdiniz. Siz necə model oldunuz?

— Mən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunuyam. İxtisasca rejissoram, amma hazırda o sənətlə məşğul deyiləm. Həmişə dünyaca məşhur olan modelləri izləmişəm. Dünyanın ən kök modeli Tess Holideydir. Onun 1.65 sm boyu, 150 kq çəkisi var. Həmçinin dünyanın ən alçaq boylu modeli Dryu Prestadir, boyu 1.10 sm-dir. Digər balaca boylu modellərdən biri də Keyt Mossdur. 1.68 sm boyu var. Dünyanın ən qaradərili modeli seneqalli Xudiya Diopdur. Ən qalın qaşlı model Natalie Castellardır, ən iri gözlü modelsə Mariya Telnayadır. Bura ən uzun ayaqlı, ən incə belli, ən əyri ayaqlı və s. modelləri də əlavə etmək olar. Bütün bunları deməkdə məqsədim odur ki, model olmaq hansısa ideal standartlara malik olmaq demək deyil. Gördüyünüz kimi sadaladığım modellərin heç biri ideal sandığımız 90×60×90 ölçülü modellər deyil. Model olmağın dinə, irqə, milliyyətə, yaşa, çəkiyə, boya və s. dəxli yoxdur. Fərqlilik özü də bir özəllikdir. Kök olmaq eyib deyil. Maraqlar və zövqlər fərqlidir. Kiminin kök qadınlardan xoşu gəlir, kiminin arıq. Bu, musiqi kimidir, insanın könlünə hansı yatırsa, o da ona xoş gəlir. Mən düşündüm ki, xarici ölkələrdə artıq çəkili xanım modellər varsa, Azərbaycanda niyə olmasın? Beləcə, ölkəmizdə bu istiqaməti inkişaf etdirməyə başladım. Həm də mənim bu addımım kök xanımlara mənəvi dəstəkdir. İstəyirəm ki, kök xanımlar depressiyaya düşməsinlər və özlərini olduqları kimi sevsinlər. Bəziləri hətta gedib bıçaq altına düşürlər ki, arıq görünsünlər. İstəyirəm ki, kök olduqlarına görə qadınların özgüvəni sarsılmasın. Bəlkə də artıq çəki bizim müsbət cəhətimiz, fərqliliyimiz, üstünlüyümüz, şirinliyimizdir. Məni ətrafımdakı insanlar Panda deyə çağırırlar. Axı dünyada Pandadan şirin nə ola bilər?

— Sizi sənətinizə görə qınayanlar olub?
— Qınaqlar olur, əlbəttə. Bir düşünün, bu günə kimi hansı sahədəki yeniliyi birinci dəfədən müsbət qarşılayıblar? İlklər həmişə qınanır, tənqidlərə tuş gəlir, sonra isə zaman keçdikcə qəbul olunur. Mən də Azərbaycanın ilk XXL modeliyəm. Əlbəttə ki, tənqidlər olacaq. Buna da normal baxıram və hər kəsin fikrinə hörmətlə yanaşıram. Əsas odur ki, tənqid təhqirə çevrilməsin. Mən heç kəsə pislik eləmirəmsə, kimsənin də məni təhqir etmək hüququ yoxdur. Mən ümumiyyətlə başa düşmürəm ki, tanımadığın adam haqqında necə pis şeylər düşünə bilərsən?!


— Öz köklüyünüzlə bağlı nə vaxtsa kompleksiniz olub?
— Əvvəllər olub, bəli. Sonra yaşa dolduqca düşünmüşəm ki, özümü necə varamsa, elə də qəbul etməliyəm.

— Arıqlamağa cəhd etmisiz?
— Əlbəttə, dəfələrlə. Hətta bir dəfə 20 kq arıqlamağa nail olmuşam. Sonra zamanla verdiyim kiloları qayıdıb təzədən yığmışam. Amma mən istər kök, istərsə də arıq olanda hər zaman qarşı cinsin diqqətini öz üzərimdə hiss etmişəm. Yəni ki, artıq çəki məni heç vaxt "gözəgörünməz boz siçan" etməyib. Sadəcə özünü necə varsa, elə də sevməlisən.


— Hazırda bədən ölçülərinizdən məmnunsunuz?
— Bəli.


— Artıq moda layihələrində iştirak edirsiniz?
— Bilirsiniz, bu sahə Azərbaycanda hələ təzə-təzə inkişaf etməyə başlayıb. Bu sahənin bünövrəsini qoyan ilk model mənəm. Təəssüf ki, bizdə böyük bədən ölçülü modellərlə işləyən agentlik də yoxdur. Baxmayaraq ki, bizdə buna çox böyük tələbat var. Azərbaycanda kifayət qədər dolu bədənli, ətli-canlı gözəl xanımlar var. Bizim millət olaraq köklüyə və köklərə meylli olmağımız sirr deyil. Ümumilikdə götürəndə Azərbaycanda model biznesi xarici ölkələrdəki kimi inkişaf etməyib. Heç bu sahənin inkişaf edib-etməyəcəyi də bəlli deyil. Amma ümid sonda ölür. Ümid edirəm ki, bu sahə inkişaf edəcək və biz toppuşlar da modellik sahəsində öz sözümüzü deyəcəyik.

— Azərbaycanda sizin kimi modellər var?
— Mən Azərbaycanda özüm kimi iri ölçülü modellərə rast gəlməmişəm. Çox istərdim ki, onların sayı çox olsun və bizim sahə də inkişaf etsin. Kök xanımlar da dəbli geyimlər tapıb geyinə bilsin. Təəssüf ki, bir çox brendlərin əksəriyyəti ən gözəl geyimlərini arıq xanımlar üçün hazırlayır. Mənim kimilər isə geyim tapmaqda çətinlik çəkir. Bundan əlavə, həmin brendlərin köklər üçün tikdiyi geyimlərin çoxu zövqsüzdür. Bu, artıq çəkisi olan qadınların yaralı yeridir. Bizdə o qədər kök, lakin gözəl cavan qızlar var ki… Bir çoxları düşünür ki, əgər qız kökdürsə, o, uzun, enli, torba kimi paltarlar geyinməlidir. Xarici ölkələrdə isə kök qadınlar çox gözəl, zövqlü geyinirlər. Əgər yerli mağazalarda XXL ölçülü geyimlərə tələbat artırsa, o zaman kök qızlarla işləmək istəyən agentliklər də meydana çıxır. Belə olsa, böyük bədənlər üçün geyim satan mağazaların sayı artar, bu sahədə də inkişaf edər.

— Model olmaq çətindirmi?
— Əgər insanın kompleksləri varsa, model olmaq çətindir. Əgər insanın əxlaqı və ağlı qaydasındadırsa, bu sənət heç vaxt ona problem yaratmaz.
— Dünyada "plus size" modellər çoxdur. Siz də onlar kimi populyar ola biləcəksiniz?
— Əlbəttə, əgər mən xaricdə yaşasaydım, bəlkə də bundan dəfələrlə populyar olardım. Hazırda mənim öz çəkimi saxlamaqla bağlı heç bir proqramım yoxdur. Çalışıram ki, çəkim artmasın. Köklük insana nə qədər yaraşsa da, həddindən artıq kök olmaq onun sağlamlığına ziyandır.

— Model biznesindən başqa nə ilə məşğulsunuz?
— Hazırda mənim yeganə gəlir mənbəyim model biznesidir. Əsasən müxtəlif geyimləri reklam edirəm. Mənim başqa planlarım da var. Amma onlar barədə qabaqcadan danışmaq istəmirəm. Bir yenilik olsa, xəbər tutacaqsız.
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”-FOTO
Bölmə: Fotoqalereya | 20 oktyabr 2018 11:59 | Baxış sayı: 89





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: